Ümumdünya Kosmos Həftəsi çərçivəsində BDU-da “Kosmos hüququ” mövzusunda seminar keçirilib

Ümumdünya Kosmos Həftəsi çərçivəsində BDU-da “Kosmos hüququ” mövzusunda seminar keçirilib Azərbaycan Respublikasının Kosmik Agentliyi – “Azərkosmos” və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ümumdünya Kosmos həftəsi Çərçivəsində Avstraliyanın Qərbi Sidney Universitetinin fəxri professoru Steven Freeland və Almaniyanın Köln Universitetinin Hava, Kiber və Kosmik Hüquq İnstitutunun direktoru professor Stefan Hobe ilə görüş keçirilib.
Görüşdə çıxış edən Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev Azərbaycan Respublikasında kosmik sənayenin sürətlə inkişaf etdiyini bildirib. Qeyd edib ki, kosmik sənayenin digər sahələrində mütəxəssislərə ehtiyac olduğu kimi, kosmik sahədə yeni nəsil hüquqşünasların və diplomatların formalaşmasına zərurət var.
Daha sonra tədbirdə “Azərkosmos”un nümayəndəsi Nigar Muxtarova tədbir iştirakçılarına “Azərkosmos”, ölkəmizdə keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi, Ümumdünya Kosmos Həftəsi haqqında məlumat verib.
Tədbirdə spiker qismində iştirak edən, Avstraliyanın Qərbi Sidney Universitetinin fəxri professoru Steven Freeland və Almaniyanın Köln Universitetinin Hava, Kiber və Kosmik Hüquq İnstitutunun direktoru professor Stefan Hobe, beynəlxalq kosmik hüququn müxtəlif sahələri, xüsusilə də kosmik tullantıların azaldılması, kosmosda ətraf mühitin qorunması sahəsində tətbiq edilən beynəlxalq hüquq normaları barəsində mühazirələr söyləyiblər.
Tədbirin sonunda “Azərkosmos”, Bakı Dövlət Universiteti və Almaniyanın Köln Universitetinin Hava, Kiber və Kosmik Hüquq İnstitutu arasında elmi əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Xatırladaq ki, artıq ikinci ildir oktyabrın 4-10-da Azərbaycanda Ümumdünya Kosmos Həftəsi keçirilir. Keçən ildən etibarən Azərbaycanda Ümumdünya Kosmos Həftəsinin koordinasiyası “Azərkosmos” tərəfindən həyata keçirilir. Builki Kosmos Həftəsi Bakıda keçirilən Beynəlxalq Astronavtika Konqresi ilə eyni vaxta təsadüf edir.

Tehsil-press.az



Oxşar xəbərlər