Nazir: Dövlət Proqramı çərçivəsində 251 doktorant dünyanın aparıcı universitetlərində təhsil almaq hüququ əldə edib

Nazir: Dövlət Proqramı çərçivəsində 251 doktorant dünyanın aparıcı universitetlərində təhsil almaq hüququ əldə edib “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ümumilikdə 3558 nəfər Dövlət Neft Fondu hesabına dünyanın aparıcı universitetlərində təhsil alıb, onların böyük əksəriyyəti ölkəmizə qayıdıb, hazırda dövlət və özəl sektorda uğurla fəaliyyət göstərirlər.
Bunu “Keçmişə ehtiram, gələcəyə inamla: Heydər Əliyev irsindən bəhrələnən müasir Azərbaycan gəncliyi” mövzusunda konfransda elm və təhsil naziri Emin Əmrullayev deyib.
Nazir bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xaricdə təhsil ənənəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir. “2019-2023-cü illər üçün ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na əsasən dünyanın aparıcı universitetləri ilə birgə informasiya texnologiyaları, kompüter elmləri, mühəndislik, biotexnologiya, təhsil və insan kapitalının inkişafı sahələri üzrə 5 beynəlxalq ikili diplom proqramına başlanılıb. Həmin proqramlar çərçivəsində ümumilikdə 1004 tələbə təhsil almaq hüququ qazanıb. Eyni zamanda, Dövlət Proqramı çərçivəsində 251 doktorant dünyanın aparıcı universitetlərində və elmi mərkəzlərində təhsil almaq hüququ əldə edib.
Diqqətə çatdırılıb ki, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində hər il 400 nəfər olmaqla, ümumilikdə 2000 nəfərədək vətəndaşımızın xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması nəzərdə tutulub, ötən 2 il ərzində 717 nəfər təqaüd almaq hüququ qazanıb. Bununla yanaşı, 2003-2023-cü illərdə Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində 4118 nəfər xaricdə təhsil almaq hüququ qazanıb.

Tehsil-press.az



Oxşar xəbərlər