Xəzər Universitetində “Konfutsi sinfi” açılıb

Xəzər Universitetində “Konfutsi sinfi” açılıb Bakı Dövlət Universitetinin Konfutsi İnstitutu və Xəzər Universitetinin birgə səyləri ilə Azərbaycanda ilk “Konfutsi sinfi”nin açılış mərasimi keçirilib.
Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı “Konfutsi sinfi”nin yaradılmasını Azərbaycan-Çin əməkdaşlığının inkişafında, xüsusilə təhsil sahəsində mühüm hadisə kimi dəyərləndirib.
Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min Xəzər Universitetində “Konfutsi sinfi”nin yaradılması münasibətilə səmimi təbriklərini çatdırıb. Səfir qeyd edib ki, Çin Xalq Respublikasının Sədri Si Cinpinin və Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi himayəsi və köməyilə Çin-Azərbaycan əlaqələri sürətlə inkişaf edir. İki ölkə arasında humanitar elmlər sahəsində əməkdaşlıq daim yeni nəticələr əldə edir. Azərbaycandakı iki Konfutsi İnstitutu azərbaycanlıların Çin dilini öyrənmək və Çini tanımaq üçün mühüm platformaya çevrilib.
“Bu gün Bakı Dövlət Universitetində Konfutsi İnstitutu və Xəzər Universitetinin birgə səyləri ilə Azərbaycanda ilk “Konfutsi sinfi”nin rəsmi açılışı oldu. Əminik ki, bu, azərbaycanlı olan Çin dili həvəskarlarına Çin dilini və çin mədəniyyətini daha yaxşı öyrənməyə kömək edəcək, eyni zamanda, iki ölkə arasında dostluq və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə töhfə verəcək. Xəzər Universitetində Çin dilinin tədrisinə uğurlar, Çin-Azərbaycan dostluğunun əbədi olmasını arzulayıram”, - deyə səfir bildirib.
Anhui Universitetinin prorektoru Zhou Fei qeyd edib ki, 2013-cü ildə professor Hamlet İsaxanlı Anhui Universitetində olub və iki universitet arasında əməkdaşlıqda yeni səhifə açıb. Son 10 il ərzində Konfutsi İnstitutu Xəzər Universitetinin 400-dən çox tələbəsi üçün Çin dili kursları təşkil edib, 10-dan çox mədəni tədbir keçirib və Çində Anhui Universitetinin Beynəlxalq Yay Düşərgəsində 20-dən çox tələbə iştirak edib. Son illər təlimlərin nəticələri daha çox nəzərə çarpır və universitet tələbələri üçün “Çin körpüsü” adlı Çin dili müsabiqəsində əla nəticələr göstərən Xəzər Universitetinin tələbələri Çində təhsil almaq üçün təqaüd qazanıblar.
Prorektor bildirib: “Xəzər Universitetində “Konfutsi sinfi”nin yaradılması iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın yeni nailiyyətidir və iki universitet arasındakı dərin dostluğun təzahürüdür. “Konfutsi sinfi” təkcə sinif otağı deyil, həm də iki ölkənin insanlarının bir-biri ilə öyrənməsinə və ünsiyyət qurmasına imkan verən mədəni körpüdür. İnanıram ki, hamınızın birgə səyləri ilə Xəzər Universitetində “Konfutsi sinfi” Çin-Azərbaycan təhsil mübadiləsi üçün mühüm platformaya çevriləcək və iki universitet ilə iki ölkə arasında dostluq əlaqələrinin möhkəmlənməsinə kömək edəcək”.
Tədbir bədii hissə ilə davam edib.

Tehsil-press.az



Oxşar xəbərlər