Alimlər Marsın dərinliklərində ərimiş təbəqəni tədqiq edirlər

Alimlər Marsın dərinliklərində ərimiş təbəqəni tədqiq edirlər NASA-nın “InSight” aparatının endiyi yerdən Marsın digər tərəfinə meteorit zərbəsi nəticəsində yaranan seysmik dalğalar Qırmızı planetin dərin daxili hissəsi haqqında yeni məlumatlar verib və alimləri Yerin planetar qonşusunun anatomiyasını yenidən qiymətləndirməyə sövq edib.
Tədqiqatçılar yeni seysmik məlumatların maye metal nüvəni - planetin ən daxili komponentini əhatə edən indiyədək naməlum ərimiş süxur təbəqəsinin mövcudluğunu göstərdiyini, bunun da əvvəllər təxmin ediləndən daha kiçik və sıx olduğunu qeyd ediblər.
Alimlər bildiriblər ki, zəlzələlər nəticəsində, o cümlədən meteoritlərin təsirindən yaranan dalğalar planet daxilində müxtəlif materiallardan keçərkən onların sürət və forması dəyişir. “InSight”ın seysmometr alətindən əldə edilən məlumatlar planetin daxili quruluşunu diqqət mərkəzində saxlamağa imkan verib.
2021-ci il sentyabrın 18-də “Tempe Terra” adlı Marsın yüksək dağlıq bölgəsində baş verən meteorit zərbəsi 4,2 bal gücündə zəlzələyə səbəb olub və təxminən 130 metr enində krater yaradıb. O, “Elysium Planitia” adlı düzənlik bölgəsində - kosmik aparatın yerləşdiyi yerdən Marsın əks tərəfinə doğru baş verib.
Dalğaların davranışı göstərir ki, Marsın daxili hissəsinin əvvəlki qiymətləndirmələr natamamdır - nüvəni əhatə edən təxminən 150 kilometr qalınlığında ərimiş silikat təbəqəsi mövcuddur. Bu ərimiş bölgə mantiya adlanan planetin daxili hissəsinin dibində yerləşir.
Tədqiqatçılar nüvənin ölçüsünü də yenidən hesablayıb və onun diametrinin təxminən 3350 kilometr olduğunu, həcminin əvvəllər düşünüldüyündən təxminən 30 faiz daha kiçik olduğunu aşkar ediblər.
Alimlər bildiriblər ki, mantiya - planetin ən xarici qabığı ilə nüvəsi arasında sıxışmış qayalı təbəqə - səthdən təxminən 1,700 kilometr aşağıda uzanır. Marsdan fərqli olaraq, Yerin nüvəsi ətrafında ərimiş təbəqə yoxdur. “Nature” jurnalında dərc edilən iki araşdırmadan biri bu təbəqənin tam şəkildə, digəri isə onun aşağı hissəsinin tamamilə, üst hissəsinin isə qismən əridiyini göstərir. Tam və qismən ərimiş təbəqə mahiyyətcə dəmir və radioaktiv istilik əmələ gətirən elementlərlə zəngin silikatlardan (süxur əmələ gətirən minerallar) ibarətdir.
Marsın nüvəsi əsasən dəmir və nikeldən ibarətdir, lakin kükürd, oksigen, karbon və hidrogen kimi daha yüngül elementlərə də malikdir. Tədqiqatçılar belə qənaətə gəliblər ki, bu yüngül elementlər çəkiyə görə nüvənin tərkibinin təxminən 9-15 faizini təşkil edir ki, bu da əvvəllər təxmin ediləndən azdır. Yüngül elementlərin bu miqdarı Yerin nüvəsindən fərqli deyil, təxminən onun 10 faizini təşkil edir.
Günəşdən sonra dördüncü planet olan Marsın diametri təxminən 6,791 kilometr, Yerin diametri isə təxminən 12,755 kilometrdir.

Tehsil-press.az


Oxşar xəbərlər