Alimlər günəş və kimyəvi yanıqları sağaldan krem hazırlayıblar

Alimlər günəş və kimyəvi yanıqları sağaldan krem hazırlayıblar ABŞ-ın Şimal-Qərb Universitetindən olan alimlər ultrabənövşəyi şüalanmadan müdafiə edən krem hazırlayıblar. Bu vasitə günəş yanıqlarını müalicə edə bilir.
Kremin tərkibinə sintetik melanin – dəri hüceyrələrində olan və orqanizmi ultrabənövşəyi təsirlərdən qoruyan piqment maddə daxildir. Melanin insanlarda və heyvanlarda dəri, göz və saçların piqmentləşməsini təmin edir. Maddə hüceyrələri zədələnmədən qoruyur, günəş şüalanmasına cavab olaraq dərinin yüksək piqmentasiyasını stimullaşdırır.
Vasitədən günəş və kimyəvi yanıqların sağalmasında istifadə oluna bilər. Texnologiya sərbəst radikalların kənarlaşdırılması və biokimyəvi reaksiyalar nəticəsində əmələ gələn fəal oksigen molekulları sayəsində işləyir. Sərbəst radikallar sağlam hüceyrələrə hücum edərək oksidləşmə prosesini yaradırlar. Onların əmələ gəlməsi dəri hüceyrəsinin müxtəlif növ zədələnmələrində, məsələn, yanıqlar zamanı baş verir. Zədələnmiş dəriyə kremi çəkdikdə tərkibindəki sintetik melanin sərbəst radikalları özünə hopdurur, nəticədə iltihabı azaldır və regenerasiyanı stimullaşdırır.
Tədqiqatçılar, həmçinin qeyd ediblər ki, sərbəst radikalların kənarlaşdırılması ultrabənövşəyi şüaların təsiri altında kollagenin məhvi prosesini dayandırır. Kollagen orqanizmin birləşdirici toxumasının əsasını təşkil edən, onun möhkəmliyini və elastikliyini təmin edən zülaldır. Beləliklə, yeni kremdən istifadə dərinin cavan qalmasına imkan verir.

Tehsil-press.az


Oxşar xəbərlər