Kolumbiya göyərtəsində 20 milyard dollar dəyərində xəzinə olan batmış gəmini çıxaracaq

Kolumbiya göyərtəsində 20 milyard dollar dəyərində xəzinə olan batmış gəmini çıxaracaq Kolumbiya hökuməti 1708-ci ildə batmış və göyərtəsində 20 milyard dollar dəyərində ləl-cavahirat, həmçinin qızıl külçələri olan “San Xose” ispan gəmisini dənizin dibindən çıxarmağa hazırlaşır. Gəminin çıxarılması başa çatdıqdan sonra xəzinənin kimə aid olacağı bilinmir.
“San Xose” ispan gəmisi 1708-ci ildə ingilislərlə müharibə zamanı göyərtədə olan barıt çəlləyinin partlaması nəticəsində batıb. Ümumilikdə 62 topu və üç dirəyi olan gəmidəki 600 nəfərdən cəmi 11-i xilas olub. Gəmi ekipajı ilə yanaşı, onun göyərtəsində olan qızıl, gümüş və zümrüd dolu küpə və sandıqlar da dənizin dibinə qərq olub. Xəzinənin taleyi əsrlər boyu sirr kimi qalıb və “San Xose” “müqəddəs gəmi” kimi tarixə düşüb. Ancaq Kolumbiya hökuməti 2015-ci ildə donanma dalğıclarının Karib dənizində gəminin qalıqlarını tapdığını elan edib. Daha sonra başqa bir dalğıc komandası xəzinənin fotoşəkillərini çəkib.
Kolumbiya hökuməti bu gəmini ölkə Prezidenti Qustavo Petronun səlahiyyət müddətinin sonunadək – 2026-cı ilə qədər dənizin dibindən çıxarmağı planlaşdırır. Lakin onun içərisindəki xəzinənin mülkiyyət hüququ ilə bağlı mübahisələr də artır. Bu mübahisələr xəzinənin irs nümunəsi olduğu iddiası ilə UNESCO-ya müraciət edən İspaniya, xəzinənin yerini hələ 1981-ci ildə aşkar etdiyini bildirən ABŞ-ın “Glocca Morra” şirkəti və sərvətin əcdadlarına məxsus olduğunu qeyd edən Kolumbiyanın Qhara qəbiləsi arasında davam edir və çox güman ki, məhkəmə ilə yekunlaşacaq.

Tehsil-press.az



Oxşar xəbərlər