SPECA-nın Zirvə görüşü Azərbaycana nə qazandırdı?

SPECA-nın Zirvə görüşü Azərbaycana nə qazandırdı? “Hər bir çağırışı sülhə, sabitliyə, təhlükəsizliyin təminatına yönələn Azərbaycan həm də Mərkəzi Asiya ölkələrinin Cənubi Qafqazla münasibətlərində birləşdirici rol oynayır. Azərbaycan artıq beynəlxalq aləmdə iqtisadi, siyasi, mədəni, humanitar, diplomatik mərkəz kimi böyük nüfuz qazanıb. Xüsusilə Vətən müharibəsində tarixi Zəfərimiz Azərbaycanın xarici siyasət uğurlarının davamlılığında öz sözünü deyir. Bu baxımdan Azərbaycanın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün BMT-nin Xüsusi Proqramı – SPECA həftəsinə ev sahibliyi etməsi, yaradılmasının 25-ci ildönümündə SPECA-nın Zirvə görüşünün Bakıda keçirilməsi xüsusi əhəmiyyət kəsb edir”.
Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, professor Vüqar Rəhimzadə “Qafqazinfo”ya açıqlamasında deyib.
O bildirib ki, Zirvə görüşündə Proqrama üzv ölkələrin prezidentlərinin və digər yüksək səviyyəli rəsmilərinin iştirak etmələri bunu bir daha sübut edib:
“Belə ki, Zirvə görüşündə Proqramın üzvü olan Özbəkistanın, Qazaxıstanın, Qırğızıstanın, Tacikistanın prezidentləri iştirak etdilər. Macarıstanın və Gürcüstanın Baş nazirləri, Körfəz Əməkdaşlıq Şurasının Baş katibi isə Prezident İlham Əliyevin dəvəti ilə Zirvə görüşünə fəxri qonaq qismində qatıldılar.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, 1998-ci ildə BMT tərəfindən yaradılmış SPECA Mərkəzi Asiya ölkələrində iqtisadiyyatın davamlı inkişafını və qarşılıqlı əlaqələrin gücləndirilməsini təşviq edən iqtisadi platformadır. Proqramın əhatə etdiyi ölkələrin siyahısına və coğrafi mövqeyinə nəzər salsaq görərik ki, Proqramın üzvü olan Azərbaycan son illərdə bu ölkələrlə əməkdaşlığın daha da inkişafı istiqamətində çoxşaxəli fəaliyyət həyata keçirir. Azərbaycan, həmçinin Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrinin inkişafında mühüm rol oynayır. Başqa sözlə, ölkəmizin həm Şərqlə Qərbin, həm də Şimal ilə Cənubun kəsişməsində yerləşməsi ona əlverişli tranzit imkanları yaradır”.
Vüqar Rəhimzadə qeyd edib ki, Azərbaycan investisiya cəlbediciliyini qoruyan ölkədir: “Dövlət başçısı Zirvə görüşündəki çıxışında bu məqama xüsusu diqqət yönəldərək bildirdi ki, ölkələrimizi birləşdirən daha bir amil siyasi sabitlikdir. Sabitlik olmadan heç bir iqtisadi inkişafdan söhbət gedə bilməz. Bu gün dünyanın müxtəlif bölgələrində müharibələr, münaqişələr, qanlı toqquşmalar geniş vüsət alıb. Bizim ölkələrimizdə isə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. Bu, dövlətlərimizin və xalqlarımızın böyük nailiyyəti və uğurudur”.
Onun szölərinə görə, Azərbaycanın sabitlik diyarı, iqtisadi möcüzələr məkanı kimi nüfuz qazanması ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayının artmasında öz sözünü deyir. Belə ki, son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub. Bunun da 200 milyard dollara yaxını qeyri-enerji sektorunun payına düşür. Azərbaycan investisiya cəbediciliyini qorumaqla yanaşı, sərmayə yatıran ölkə kimi də nüfuz qazanır. Ümumiyyətlə, ölkəmizin bugünkü sosial-iqtisadi göstəriciləri Zirvə görüşünün iştirkçıları tərəfindən təqdir edildi. Diqqətə çatdırıldı ki, son 20 ildə Azərbaycanın ümumi daxili məhsulu 4 dəfə, büdcə gəlirləri 30 dəfədən, xarici ticarət dövriyyəsi isə 10 dəfədən çox artıb. Azərbaycanın birbaşa xarici borcu hazırda ümumi daxili məhsulun təxminən 10 faizini təşkil edir. Valyuta ehtiyatları birbaşa xarici dövlət borcumuzu 10 dəfə üstələyir. Ölkəmizdə yoxsulluq səviyyəsi təxminən 50 faizdən 5,5 faizə düşüb.
V. Rəhimzadə vurğulayıb ki, Mərkəzi Asiya dövlətlərinin Avropa ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün tranzit ölkə olaraq Azərbaycanı seçmələri iqtisadi amillərlə yanaşı, həm də siyasi və təhlükəsizlik məsələləri ilə bağlıdır: “İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 2020-ci ildə öz torpaqlarını erməni işğalçılarından təmizləyərək ərazi bütövlüyünü bərpa etməsi regionda yeni reallıq yaradıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi sayəsində bu gün Azərbaycan Cənubi Qafqazda sülhün və təhlükəsizliyin qarantına çevrilib. Azərbaycan irəli sürdüyü təşəbbüslərlə, reallığa çevirdiyi enerji layihələri ilə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına böyük töhfələr verir. Bütün bunlar isə Mərkəzi Asiya ölkələrinin Azərbaycana marağını artırır".
“Prezident İlham Əliyevin şəxsi nüfuzu, yürütdüyü müdrik siyasət, qazanılan uğurlar sayəsində bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində fəal mövqeyi, sözünün imzası qədər dəyəri olan ölkə kimi nüfuz qazanıb. Azərbaycanın hər bir çağırışı sülhə, sabitliyə, təhlükəsizliyin təminatına yönəlib. Tarixi Zəfərimizdən dərhal sonra Ermənistana təklif edilən sülh müqaviləsi də bunun təsdiqidir. Azərbaycan sabitləşdirici aktor kimi dünyanın diqqətindədir. Azərbaycan həm də Mərkəzi Asiya ölkələrinin Cənubi Qafqazla münasibətlərində birləşdirici rol oynayır. Ölkəmiz Türk Dövlətləri Təşkilatında oynadığı fəal rolu ilə türk dünyasının birləşməsi istiqamətində də yorulmaz səylər göstərir. Dövlət başçısı İlham Əliyevin Astanada keçirilən Türk Dövlətləri Təşkilatının “Türk Əsri” çağırışı altında 10-cu yubiley Zirvə görüşündə qeyd etdiyi kimi, biz böyük türk dünyasının bir hissəsiyik. Dostluğumuz, qardaşlığımız əbədi olacaq”, - deyə V. Rəhimzadə bildirib.

Vüqar Rəhimzadə
Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, professor



Oxşar xəbərlər