Varşavada Azərbaycanşünaslıq Mərkəzinin 5 illiyi qeyd olunub

Varşavada Azərbaycanşünaslıq Mərkəzinin 5 illiyi qeyd olunub Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin nəzdində fəaliyyət göstərən Azərbaycanşünaslıq Mərkəzinin 5 illiyi qeyd olunub.
Tədbirdə Varşava Universitetinin müəllim və tələbə heyəti, Polşada fəaliyyət göstərən digər ali təhsil müəssisələrinin təmsilçiləri, ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, o cümlədən Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Nərgiz Qurbanova 2023-cü ilin Azərbaycan tarixində və mədəniyyətində bir sıra yubileylər baxımından əlamətdar olduğunu, bu xüsusda Azərbaycanşünaslıq Mərkəzinin yaradılmasının 5 illiyini xüsusi vurğulayıb. O, mərkəzin əsas missiyasının Azərbaycan dilinin, eləcə də Azərbaycanın qədim tarixinin və zəngin mədəni irsinin təbliği olduğunu bildirib, mərkəzin, həmçinin Azərbaycan və Polşanın elmi-tədqiqat dairələri arasında akademik əlaqələrin genişləndirilməsinə xidmət etdiyini söyləyib. Səfir mərkəzin bu istiqamətdə aktiv fəaliyyətinin Azərbaycanla Polşa arasında mədəni əlaqələrin daha da inkişafına töhfə verdiyini məmnunluqla qeyd edib.
N.Qurbanova, eyni zamanda, Azərbaycanın aparıcı ali təhsil ocaqlarından biri və Cənubi Qafqazın slavyan dillərinin tədrisi sahəsində ən böyük təhsil müəssisəsi olan Bakı Slavyan Universitetində 2006-cı ildən etibarən fəaliyyət göstərən Polyak Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyətini xatırladıb. Səfir mərkəzin məqsədinin Azərbaycan və Polşa arasında mədəni əməkdaşlığın genişləndirilməsinə, gənclərin hər iki ölkənin mədəniyyətinə, tarixinə marağını artırılmasına, universitetdə polyakşünaslığın təkmilləşdirilməsinə töhfə vermək olduğunu diqqətə çatdırıb.
Səfir Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətinin prioritet istiqamətlərindən birinin Azərbaycanın qədim tarixinin təbliği olduğunu deyərək, ölkəmizin tarix boyu müxtəlif mərhələlərdən keçərək 1991-ci ildə öz müstəqilliyinə qovuşması barədə məlumat verib. Bu dövrlərin hər birinin parlaq tarixi şəxsiyyətlərlə yadda qaldığını söyləyən N.Qurbanova Azərbaycan tarixinin parlaq simalarından birinin XX əsrin görkəmli dövlət xadimlərindən biri, Azərbaycan xalqının Ümummilli Lideri, bu il yüzillik yubileyini qürurla qeyd etdiyimiz Heydər Əliyev olduğunu diqqətə çatdırıb. O bildirib ki, Heydər Əliyev ömrünü xalqının inkişafına, tərəqqisinə həsr edib. Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan böyük tərəqqiyə nail olub, onun qeyri-adi nailiyyətləri və töhfələri xalqımızın tarixində silinməz iz qoyub. Bu baxımdan N.Qurbanova 2023-cü ilin Azərbaycanda “Heydər Əliyev İli” elan edilməsinin təsadüfi olmadığını vurğulayıb.
Daha sonra Azərbaycanşünaslıq Mərkəzinə Ümummilli Liderin irsi haqqında kitablar hədiyyə edilib və İctimai Televiziya və “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin birgə istehsalı olan sənədli film nümayiş olunub.
Tədbirdə, həmçinin Varşava Universitetinin Şərqşünaslıq fakültəsinin dekanı Piotr Taraxa, Mərkəzi Asiya xalqları və türkologiya kafedrasının rəhbəri Aqata Bareya-Stajinska, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin nümayəndəsi Yusif Vəzirov çıxış edərək mərkəzin fəaliyyətindən bəhs edib, ona gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Yubiley tədbirində Polşanın ən qədim ali təhsil müəssisəsi olan Yaqellon Universitetinin professoru Qrajina Zayonts “Mənim Azərbaycan və Azərbaycan ədəbiyyatı ilə görüşlərim”, Poznan Kommunikasiya və İdarəçilik Universitetinin nümayəndəsi Mariuş Maşevski “Azərbaycanla bağlı müasir Polşa tədqiqatlarının başlanğıcı”, Hərbi Texnologiya Universitetinin əməkdaşı Pavel Stavaj “Azərbaycanın enerji siyasəti beynəlxalq münasibətlərdə güclü mövqeyin qurulmasının əsas elementlərindən biri kimi”, Varşava Universitetinin əməkdaşı Aneta Stjemjalska “Azərbaycanın musiqi mədəniyyətinin beşiyi Şuşa” mövzularında məruzə ediblər.

Tehsil-press.az




Oxşar xəbərlər