ABŞ-ın Corc Vaşinqton Universitetində Qarabağ haqqında kitablar təqdim edilib

ABŞ-ın Corc Vaşinqton Universitetində Qarabağ haqqında kitablar təqdim edilib ABŞ-ın Corc Vaşinqton Universitetində tanınmış alman alimi Mixael Raynhard Hessin “Şuşa irsi: Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişafı” və “Qarabağ XIII əsrdən 1920-ci ilədək. Azərbaycan tarixini vərəqləyərkən” kitablarının təqdimatı olub. Tədbir Azərbaycanın Zəfər bayramı ərəfəsində ölkəmizin ABŞ-dakı səfirliyi, Corc Vaşinqton Universitetinin Azərbaycan Tələbə Assosiasiyası və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Corc Vaşinqton Universitetinin və digər ali təhsil müəssisələrinin müəllim və tələbələri, Vaşinqton şəhərində fəaliyyət göstərən diplomatik korpusun təmsilçiləri, lobbi təşkilatları, düşüncə mərkəzləri, media və qeyri-hökumət təşkilatlarının nümayəndələri, eləcə də ABŞ-da yaşayan soydaşlarımız iştirak ediblər.
Tədbiri açan Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Azərbaycan tarixi və mədəniyyətinə dair dəyərli kitabların təqdimatı üçün Berlindən Vaşinqtona səfər edən alman alimi M. Hessə dərin minnətdarlığını bildirib. Səfir Azərbaycanın işğaldan azad olunmuş ərazilərində, o cümlədən Şuşada ölkəmiz tərəfindən həyata keçirilən bərpa və yenidənqurma işlərinə toxunaraq, noyabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Şuşa irsinin bərpası və yenidənqurma işləri ilə bağlı tədbirlərdə iştirak etmək məqsədilə Şuşaya səfər etdiyini vurğulayıb. O, Azərbaycanın Qarabağ bölgəsinin, ələlxüsus Şuşanın ölkəmizin zəngin tarixi və mədəni irsində xüsusi yeri olduğunu və bu əsrarəngiz gözəlliyə malik diyarın Azərbaycan mədəniyyətinin beşiyi olduğunu qeyd edib. Vurğulayıb ki, ABŞ-da ilk dəfə təqdimatı keçirilən bu kitablar ölkəmizin tarix və mədəniyyətinin öyrənilməsi, eləcə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından böyük əhəmiyyətə malikdir.
Tədbirdə çıxış edən M. Hess müəllifi olduğu hər iki kitab barədə ətraflı məlumat verib, Azərbaycanın Qarabağ bölgəsinin və Şuşanın zəngin tarix və mədəniyyətindən bəhs edib. O, Şuşada yaşayıb-yaratmış tarixi şəxsiyyətlərin, xüsusilə Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Əbdürrəhim bəy Haqverdiyev və Üzeyir Hacıbəylinin Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində xüsusi yeri olduğunu qeyd edib. Müəllif təqdimatı keçirilən kitabların Azərbaycan tarixi və mədəniyyəti barədə, xüsusilə ingilisdilli Qərb auditoriyasına xitab etdiyini bildirib. Vurğulayıb ki, “Şuşa irsi: Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişafı” adlı kitab bu mövzuda ingilis dilində yazılmış ilk elmi monoqrafiyadır.
Corc Vaşinqton Universitetinin Təhsil və İnsan İnkişafı Məktəbinin dekanı professor Maykl Foyer tədbirdə çıxış edib. O, ölkəmizin zəngin tarixi və mədəni irsə malik olduğunu qeyd edib. Professor Foyer, həmçinin onun təmsil etdiyi universitetlə Azərbaycan arasında olan təhsil əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini deyib və Corc Vaşinqton Universitetinin Azərbaycan Dövlət Pedaqoji Universiteti ilə birgə həyata keçirdiyi ikili diplom proqramını məmnunluqla qeyd edib.
Tədbirdə çıxış edən Corc Vaşinqton Universitetinin proqram direktoru Sevinc Məmmədova barəsində kitab təqdimatı keçirilən Qarabağın və Şuşanın ölkəmizin füsunkar gözəlliyə malik guşələrindən olduğunu söyləyib və Azərbaycanın mədəniyyət beşiyi olan Şuşanın hər bir azərbaycanlı üçün olduqca dəyərli və əziz olduğunu vurğulayıb.
Tədbirin bədii hissəsində milli instrumental musiqi nümunələrimiz ifa edilib və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən hazırlanmış “Şuşanın mədəni inciləri” adlı fotosərgi nümayiş etdirilib.
Sonda milli mətbəximizin ləziz təamları təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər