Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin on illiyi qeyd olunub

Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin on illiyi qeyd olunub Bakı Slavyan Universitetinin (BSU) Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin yaradılmasının on illik yubileyi ilə əlaqədar həmin universitetdə “Azərbaycan Avropa və Asiyanın kəsişməsində” adlı elmi konfrans təşkil edilib. Tədbir Sofiya Universitetinin Klassik və yeni filologiya fakültəsi, Türkologiya və altayşünaslıq kafedrası və BSU-nun birgə təşkilatçılığı ilə baş tutub.
Konfransı Mərkəzin direktoru Sofiya Şıqayeva-Mitreska açaraq iştirakçılara Mərkəzin yaradılmasının tarixi, fəaliyyəti, həyata keçirdiyi layihələr barədə danışıb. O, Mərkəzdə 2013-cü ildən etibarən “Azərbaycan dili”, 2015-ci ildən etibarən “Azərbaycanda multikulturalizm”, 2023-cü ildən “Azərbaycan ədəbiyyatı” və “Azərbaycan dilində bədii mətnlər” seçmə fənləri üzrə dərslərin tədris edildiyini söyləyib.
Tədbirdə Sofiya Universitetinin rektoru professor Anastas Gercikovun təbriki və BSU-nun rektoru Anar Nağıyevin təbriki çatdırılıb.
Tədris işləri üzrə prorektor dosent Aneta Antonova qeyd edib ki, Sofiya Universitetinin 135 illik yubileyi fonunda 10 il az görünsə də, bu onilliyin arxasında gərgin zəhmət və müxtəlif fəaliyyətlər dayanır. O, təbrikində bir xalqın dilini və mədəniyyətini öyrənməyin coğrafi məsafələri qısaltdığını, yeni dostluq əlaqələrinin yaratdığını və xalqlar arasında mehriban münasibətlərin möhkəmləndirdiyini vurğulayaraq Sofiya Universitetinin tələbələrinin Azərbaycanın dilinə və zəngin mədəniyyətinə toxunmaq imkanının olmasından qürur duyduğunu qeyd edib. Professor, həmçinin bütün həmkarlarına, o cümlədən Mərkəzin direktoru xanım Sofiya Şıqaeva-Mitreskaya gərgin əməyinə, fədakarlığına və bu illər ərzində əldə olunan nəticələrə görə minnətdarlığını bildirib.
BSU-nun elm və innovasiya məsələləri üzrə prorektoru Nailə Xəndan çıxışında universitetdə Bolqar Dili və Mədəniyyəti Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edib. O, BSU-nun xaricdə fəaliyyət göstərən digər Azərbaycan dili mərkəzləri barədə məlumat verərək, xüsusilə Bolqarıstandakı Mərkəzin fəaliyyətini qeyd edib. Nailə Xəndan Sofiya Universitetinin rəhbərliyinə Mərkəzin uğurlu inkişaf etməsində böyük dəstək göstərdiyinə görə təşəkkür edib. Sofiya Universitetində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin on illiyinin Azərbaycan və bolqar alimlərini bir araya gətirən elmi konfransın keçirilməsi ilə qeyd edilməsini alqışlayaraq, Mərkəzə daha böyük uğurlar arzulayıb.
Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov hər iki universitetinin rəhbərliyini bu əhəmiyyətli yubiley münasibətilə təbrik edib və etnik mənsubiyyətindən asılı olmayaraq, insanlar arasında əlaqələrın dil vasitəsilə yarandığını, dil və mədəniyyətin iki dost xalqın arasında möhkəm körpü olduğunu vurğulayıb. O deyib ki, Azərbaycan Mərkəzinin Bolqarıstanın ən böyük ali məktəbində açılmasının vacib məqsədlərindən biri kimi dil və mədəniyyət sahəsində Azərbaycan-Bolqarıstan münasibətlərinin dərinləşdirilməsi olub.
Klassik və yeni filologiyalar fakültəsinin dekanı professor Madlen Danova təbrikində fakültədə öyrənilən dillərin rəngarəngliyini qeyd edərək onların ən böyük sərvət olduğunu vurğulayıb. O, Bolqarıstan və Azərbaycanın Avropa və Asiya sivilizasiyalarının qovşağında dayanan ölkələr olduğunu diqqətə çatdırıb və Qara dənizin o tayında yerləşən çoxmillətli və multikultural bir Azərbaycan ölkəsinin mövcudluğunun mədəniyyətlərin necə birgə yaşaya biləcəyinə yaxşı nümunə olduğunu söyləyib. Dekan konfransın işinə uğurlar arzulayaraq maraqlı proqramla bağlı müsbət təəssüratlarını bildirib.
Türkologiya və altayşünaslıq kafedrasının müdiri professor İrina Sarıivanova Sofiya Universitetində bu il “Türkologiya” ixtisasının yaranmasının 71 illiyini qeyd etdiyini, bu dilin uzun müddət tədris olunduğunu və Azərbaycanla bağlı fənlərin ildən-ilə artdığını vurğulayıb. Kafedra müdiri Mərkəzin işindən və təşkil olunan tədbirlərdə tələbələrin fəal iştirakından danışıb.
Tədbirdə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru professor Sevinc Əliyeva, Sofiya Universitetinin Xarici dil öyrənmə metodikası kafedrasının müdiri professor Milena Yordanova, Bakı Slavyan Universitetinin Azərbaycan dili kafedrasının müdiri dosent Şəhla Əhmədova, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekan müavini dosent Sevinc Əliyeva, BSU-da bolqar dilini tədris edən dosent Biserka Velevanın təbrikləri səsləndirilib.
Elmi konfransda Azərbaycanın və Bolqarıstanın müxtəlif elmi müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.
Həmçinin konfrans zamanı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının kafedra müdiri Əməkdar rəssam Namiq Məmmədovun Qafqaz Albaniyasına həsr edilmiş rəsmlərinin sərgisi təqdim olunub.

Tehsil-press.az



Oxşar xəbərlər