BSU-da Azərbaycan-Polşa münasibətlərinin 30 illiyinə həsr olunmuş elmi seminar

BSU-da Azərbaycan-Polşa münasibətlərinin 30 illiyinə həsr olunmuş elmi seminar BSU-nun Humanitar və sosial elmlər fakültəsinin nəzdində Regionşünaslıq ixtisasında tədris olunan ölkələrlə Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ilə əlaqədar silsilə tədbirlər çərçivəsində aprelin 27-də keçirilən “Diplomatik münasibətlər - 30” adlı elmi seminarda bu ali məktəbin professor-müəllim heyəti və Polşaşünas tələbələr iştirak ediblər.
BSU-nun təlim-tərbiyə işləri üzrə prorektoru, dosent Xanım Sultanova tədbiri açaraq Azərbaycan-Polşa diplomatik münasibətlərinin əhəmiyyəti haqqında danışıb. O, iki ölkə arasında mədəni, elmi, investisiyaların qarşılıqlı təşviqi və qorunması, mülki hava daşımaları və turizm sahəsində əməkdaşlıq haqqında sazişlərin mövcudluğundan söz açıb.
X.Sultanova ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini, bu əlaqələrin inkişafında Bakı Slavyan Universitetinin böyük rolu olduğunu, ali məktəbdə polyak dilinin müvəffəqiyyətlə tədris edildiyini vurğulayıb.
Seminarda BSU-nun Humanitar və sosial elmlər fakültəsinin dekanı, dosent Sevda Axundova çıxış edərək bu ali məktəbdə Polşaşünaslığın tədrisi haqqında danışıb.
Azərbaycan-Polşa arasındakı əlaqələrinin qədim tarixi köklərə malik olduğunu vurğulayan S.Axundova hazırda ölkəmizdə polyakların sayının 2 min nəfərə yaxın olduğunu diqqətə çatdırıb: “İki ölkə arasında diplomatik əlaqələr 1992-ci ilin fevralın 21-də qurulub. 2001-ci ildə Polşanın Azərbaycanda, 2004-cü ildə isə Azərbaycanın Polşada səfirliyi təsis edilib. 2004-cü ildən etibarən BSU-nun Humanitar və sosial elmlər fakültəsinin nəzdində Regionşünaslıq ixtisasında tədris olunan ölkələrlə bağlı tarix, coğrafiya, ictimai fikir, siyasi vəziyyət, iqtisadiyyat fənləri aparılır. Fakültənin nəzdində mövcud olan kafedraların alimləri tərəfindən tədris proqramları və dərsliklər nəşr olunub. BSU-nun Regionşünaslıq ixtisasını Polşa üzrə bitirən məzunlar təhsillərini bu ölkənin qabaqcıl universitetlərində magistratura və doktorantura pillələrində uğurla davam etdirirlər”.
Tədbirdə çıxış edən BSU-nun Diplomatiya və xarici siyasət kafedrasının müdiri, dosent Əsgər Əhməd Azərbaycan-Polşa münasibətlərinin tarixi kökləri haqqında danışıb. Qeyd edib ki, Azərbaycan-Polşa tarixi əlaqələrinə aid qədim sənədlərdən məlum olur ki, ilk dəfə olaraq 1472-ci ildə Azərbaycan dövləti olan Ağqoyunlular sülaləsi və Polşanın Yagellon sülaləsi dövründə iki ölkə arasında diplomatik missiya mübadiləsi baş verib.
Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov Azərbaycan-Polşa ikitərəfli əlaqələrində diasporların rolundan geniş danışıb. Polyakların XIX əsrdən Azərbaycana köçürülməsindən, burada öz dini ayinlərini yerinə yetirmək üçün Katolik kilsəsini əvvəlcə Zaqatalada, sonralar Bakıda inşa etmələrindən bəhs edən H.Məmmədov bildirib ki, 1913-cü il məlumatına görə, təkcə Bakıda 2183 nəfər polyak yaşayırdı: “1909-cu ildə Bakıda “Polşa evi” tikilmişdi. XIX əsrin sonu – XX əsrin əvvəllərində Azərbaycanda yaşayan polyaklar xalqımızın ictimai, iqtisadi, mədəni, arxitektura və elmi həyatında yaxından iştirak ediblər”.
BSU-nun Slavyan filologiyası kafedrasının professoru Gülər Abdullabəyova Azərbaycan-Polşa ədəbi əlaqələrindən, iki ölkənin təşəbbüsü ilə keçirilən mədəni tədbirlərdən, polyak dilinin Azərbaycanda tədrisindən söhbət açıb. 1997-ci il avqustun 26-28-də ulu öndər Heydər Əliyevin Polşa Prezidenti Aleksandr Kvasnevskinin dəvəti ilə bu ölkədə ilk dəfə rəsmi səfərdə olduğunu vurğulayan G.Abdullabəyova qeyd edib ki, hazırda ikitərəfli əlaqələr artan templə inkişaf edir. O bildirib ki, BSU-nun professor-müəllim heyəti tərəfindən çoxlu sayda kitablar Azərbaycan dilindən polyak dilinə və polyakcadan Azərbaycan dilinə tərcümə edilib, dərs vəsaitləri çap olunub.
Çıxış edən BSU-nun Polyak Dili və Mədəniyyəti Mərkəzinin rəhbəri, dosent Lyudmila Talıbova Mərkəzin fəaliyyəti haqqında polyak dilində məlumat verib. Bildirib ki, Mərkəz Polşa hökuməti və bu ölkənin Bakıdakı səfirliyinin köməyi ilə yaradılıb: “2006-cı il noyabrın 9-da baş tutan Mərkəzin açılış mərasimində Polşa Respublikası Senatının spikeri Boqdan Boruseviç iştirak edib. Mərkəzdə Polşanın tarixinə, mədəniyyətinə, ədəbiyyatına aid materialların toplandığı kitabxana, texniki vasitələr ilə təchiz edilmiş tədris otağı mövcuddur. Mərkəzin əsas vəzifəsi Azərbaycan-Polşa mədəni əlaqələrini inkişaf etdirmək, hər iki ölkənin mədəniyyətinə, təhsilinə, maarifinə və elminə marağı artırmaq, həmçinin universitetdə polşaşünaslıq istiqaməti üzrə tədris prosesinin təkmilləşdirilməsinə kömək etməkdir. Mərkəzin xidmətlərindən universitetin Polşa üzrə ixtisaslaşan tələbələri, Azərbaycan-Polşa əlaqələri ilə maraqlananlar istifadə edirlər. Burada bir sıra mədəni-kütləvi tədbirlər, “disput-klublar” keçirilir, həmçinin Polşadan dəvət olunan qonaqlar məruzələrlə çıxış edirlər.
L.Talıbovanın polyak dilindəki çıxışını BSU-nun doktorantı Bahar Qədirova Azərbaycan dilinə tərcümə edib.
Sonda Azərbaycan tarixi və ictimai elmlər kafedrasının müdiri, professor Cahangir Məmmədov elmi seminarın çox maraqlı mövzuya həsr olunduğunu, burada Azərbaycan-Polşa əlaqələrinin bütün sahələrindən geniş bəhs edildiyini xüsusi vurğulayıb. O, BSU-da regionşünaslıq ixtisası üzrə böyük işlərin görüldüyünü, bu tipli seminarların təşkilinə görə universitetin rəhbərliyinə və ikitərəfli əlaqələr haqqında dolğun məlumat verdikləri üçün çıxışçılara dərin minnətdarlığını bildirib.
Tədbirdə BSU-nun professor-müəllim heyətinin müəllifliyi ilə Azərbaycan dilindən polyak dilinə və polyak dilindən Azərbaycan dilinə tərcümə kitabları və dərs vəsaitləri, həmçinin universitetin Polyak Dili və Mədəniyyəti Mərkəzinin hazırladığı fotoslayd nümayiş etdirilib.

Tehsil-press.az


Oxşar xəbərlər