Dələduzluqda ittiham olunan milyarder Danimarkaya ekstradisiya edilib

Dələduzluqda ittiham olunan milyarder Danimarkaya ekstradisiya edilib Britaniyalı maliyyəçi Sancay Şah dekabrın 6-da Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Danimarkaya ekstradisiya edilib. Danimarkada onu ölkədə ən böyük qalmaqala səbəb olmuş dələduzluq cinayətində ittiham edirlər. 53 yaşlı Böyük Britaniya vətəndaşı böyük miqyaslı fırıldaqçılıqda və 2012-ci ildən 2015-ci ilədək işlək olan sxem üzrə qanunsuz vergi planlaşdırması əməllərində şübhəli bilinir.
Sancay Şah Danimarkanın vergi orqanlarına saxtalaşdırılmış bəyannamələr təqdim etməklə, özünü Danimarkanın “Mærsk” və “Novo Nordisk” şirkətlərinin səhmlərinin sahibi kimi qələmə verib və beləliklə, Danimarka hökumətini 1,3 milyard dollar məbləğində aldatmağa nail olub.
2021-ci ildə Sancay Şaha qarşı ittihamlar irəli sürülsə də, onun Dubayda ələ keçirilməsi yalnız 2022-ci ildə, Danimarka və BƏƏ arasında ekstradisiya barədə saziş imzalandıqdan sonra mümkün olub. Sözügedən sazişin bağlanmasından sonra, Danimarkanın vergi orqanları ona qarşı Dubayda mülki iddia qaldırılmasına nail olublar. Danimarka prosesdə qalib tərəf elan edilib və bu ilin mayında S.Şahın barəsində 1,1 milyard dollar vəsaitin ondan alınaraq, Danimarka hökumətinə geri qaytarılması ilə bağlı qərar qəbul olunub.
Milyarderi ölkəyə gətirən təyyarə Kastrup hava limanına endikdən sonra, S.Şah birbaşa Kopenhagenin əsas həbsxanası olan Vestre Fenqselə aparılıb.
Dekabrın 7-də o, “Konstitusiya dinləmələri” adlandırılan prosesdə iştirak edəcək, S.Şahın azadlıqdan məhrum edilməsi ilə bağlı əsasların həqiqi olub-olmaması yoxlanılacaq. S.Şah özü indiyədək ona qarşı irəli sürülən ittihamları rədd edib və israrla hərəkətlərinin qanuni olduğunu söyləyib.
Onun məhkəməsi 2024-cü ilin yanvarında başlanacaq.

Tehsil-press.az



Oxşar xəbərlər