Birinci “Yüksəliş” müsabiqəsinin qalibi tələbələrlə mentorluq proqramı çərçivəsində görüş keçirib

Birinci “Yüksəliş” müsabiqəsinin qalibi tələbələrlə mentorluq proqramı çərçivəsində görüş keçirib “Yüksəliş” müsabiqəsi qalibinin tələbələrlə mentorluq proqramı çərçivəsində növbəti görüşü keçirilib.
Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Fərrux Əliyev proqrama qəbul olunan Bakı Dövlət Universitetinin tələbələri Rüfət Talıbzadə və Murad Əliyevlə tanışlıq görüşü keçirib. Mentor Fərrux Əliyev innovasiya və informasiya texnologiyaları sahəsində aparılan islahatlar sayəsində ölkənin texnoloji və iqtisadi cəhətdən güclənməsi barədə tələbələrə məlumat verib, onların bu mövzuda fikirlərini dinləyib. Fərrux Əliyev gənclərin texnologiya bacarıqlarının inkişaf etdirilməsi və innovativ sahədə öz biliklərini genişləndirməsi imkanlarından danışıb. O, mentorluq proqramının gələcək gedişatı ilə bağlı atılacaq addımları bölüşüb. Tələbələr isə öz növbəsində ixtisas artımı istiqamətində yararlı olacaq layihələrdə iştirak etməkdə maraqlı olduğunu qeyd edib, mentorluq proqramı çərçivəsində yaradılan imkana və səmimi görüşə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, mentorluq proqramının əsas məqsədi III və IV kurs tələbələrinin “Yüksəliş” müsabiqəsinin qaliblərinin idarəçilik təcrübəsindən yararlanmasını və gələcək karyera fəaliyyəti ilə bağlı tövsiyələr almasını təmin etməkdir. Proqramın sonunda “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən tələbələrə tövsiyə məktubu təqdim ediləcək.
“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 tələbə qəbul olunub. Seçim tələbələrin bioqrafiyası və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxiledilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Tehsil-press.az


Oxşar xəbərlər