“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə növbəti görüşü olub

“Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə növbəti görüşü olub “Yüksəliş” müsabiqəsi qaliblərinin tələbələrlə Mentorluq proqramının növbəti görüşü keçirilib.
İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Arzu Tairquliyeva-Nağıyeva proqrama qəbul olunan Azərbaycan Turizm və Menecment Universitetinin tələbəsi Xədicə Şirinova ilə tanışlıq görüşü keçirib. Mentor Arzu Tairquliyeva-Nağıyeva mentisinin ölkədə turizm və menecment sahələrinin birgə inkişafı mövzusunda fikirlərini öyrənib, birlikdə turizm sahəsinin formalaşması, menecment prinsiplərinin turizm sahəsində tətbiqi, strategiyaları və siyasətini düzgün təyin etmək məqsədilə gələcəkdə bu sahədə nələr gözləndiyini müzakirə ediblər. Arzu Tairquliyeva-Nağıyeva tələbəni Turizm Könüllüləri Təşkilatına qoşulmağa dəvət edib, yaxın zamanda baş tutacaq Ağdam səfərində iştirak etməyə çağırıb.
Birinci “Yüksəliş” müsabiqəsinin qalibi Tural Feyzullayev proqrama qəbul olunan Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri Jalə İdrisli, Nərmin Ağayeva və Leyla Salmanlı ilə tanışlıq görüşü keçirib. Tural Feyzullayev tələbələrin peşəkar inkişaf üçün təhsil və karyera yolunda seçimləri, özünüinkişaf zəruriliyi, bu sahədə diqqət etməli olduqları məqamlar barədə danışıb, onların sahib olduqları potensialı istifadə etməsinə və uğurlu addımlar atmasına kömək göstərəcəyini bildirib.
Mentorlar Tural Feyzullayev və Arzu Tairquliyeva-Nağıyeva Mentorluq proqramının gələcək gedişatı ilə bağlı atılacaq addımları bölüşüblər.
Qeyd edək ki, tələbələr üçün Mentorluq proqramının əsas məqsədi 3-cü və 4-cü kurs tələbələrinin “Yüksəliş” müsabiqəsinin qaliblərinin idarəçilik təcrübəsindən yararlanmasını və gələcək karyera fəaliyyəti ilə bağlı tövsiyələr almasını təmin etməkdir. Proqramın sonunda “Yüksəliş” müsabiqəsinin qalibləri tərəfindən tələbələrə tövsiyə məktubu təqdim ediləcək.
“Yüksəliş” müsabiqəsinin təşəbbüsü ilə start götürən proqrama 65 tələbə qəbul olunub. Seçim tələbələrin tərcümeyi-halı və motivasiya məktublarına əsasən həyata keçirilib. Proqramın 2024-cü ilin iyun ayının sonunadək davam etməsi gözlənilir.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamına əsasən təsis olunub. Müsabiqənin məqsədi intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etməkdir.
“Yüksəliş” müsabiqəsinin qalibini bir il ərzində idarəçi rəhbərlərdən – böyük şirkətlərin top-menecerlərindən və dövlət orqanlarının rəhbərlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxiledilmə və 20 min manat dəyərində pul mükafatı gözləyir.

Tehsil-press.az



Oxşar xəbərlər