SOS: Yoxsulluqdan orqanlarını satırlar - FOTO

SOS: Yoxsulluqdan orqanlarını satırlar - FOTO Ümhüseyn ruh düşkünlüyünün bir addımlığında olan anadır. Milyonlarla başqa iraqlı kimi o da əri və dörd uşağı ilə birlikdə yoxsulluqla çarpışır. Onun əri Əli işsizdir. O diabet xəstəsidir və ürəyi ilə bağlı da problemləri var. Son on ildə Ümhüseyn ailənin çörəkgətirəni olub. Ev qulluqçuluğu edib. Amma indi tamamilə əldən düşüb, daha işləyə bilmir.

“Mən artıq yorulmuşam və biz evin kirayə haqqı, dərmanlar, uşaqların ehtiyacları və yemək üçün pul tapa bilmirik” – deyir qadın. Ailə Bağdadın şərqindəki bir yataq otağı olan evdə müvəqqəti yaşayır.
Onların köhnə-salxaq evi bir neçə ay bundan əvvəl uçub və ailə yalnız dostların və qohumların yardımı ilə ayaqdadır.
“Ağlınıza gətirə biləcəyiniz bütün işlərdə işləmişəm, - deyir Əli, - Qəssab, fəhlə, zibilyığan…Mən işim üçün onlardan pul istəmirdim, amma onlar verirdilər. Mən heç vaxt kimdənsə yemək istəmərəm. Mən oğluma deyərəm ki, küçələrdən quru çörək yığsın, amma heç kimə çörək üçün ağız açmaram”.
Amma bu yoxsulluğun girdabından çıxmaq üçün Ümhüseyn son qurbanı verməyə hazırdır.
“Qərara gəlmişəm ki, böyrəyimi satım, - deyir qadın, - Mən daha ailəmi dolandıra bilmirəm. Bu, bədənimi kiməsə satmaqdan və xeyriyyə pulu ilə yaşamaqdan yaxşıdır”.
Ər-arvad böyrəklərini satmaq üçün məxfi alverçiyə də yanaşıblar. Amma tibbi analizlər göstərib ki, onların orqanları satılmaq üçün kifayət qədər sağlam deyil.
Bu pərtlik onları ən son qərara gətirib çıxarıb.
SOS: Yoxsulluqdan orqanlarını satırlar - FOTO
"Vəziyyətimiz o qədər acınacaqlıdır ki, biz hətta oğlumuzun böyrəyini satmaq fikrinə düşmüşdük, - deyə əlini hirsli-hirsli 9 yaşlı Hüseynə tərəf uzadır Əli, - Dilənməmək üçün hər şeyə hazır idik. Biz niyə belə günə düşmüşük?”
Ailə belə bir addımı atmayıb, lakin bu barədə düşünəndə belə ürəkləri partlayır.

Orqan ticarəti


Dəhşətli yoxsulluq böyrəklərin və başqa orqanların qaçaqmalçılığını Bağdadda fenomenə çevirib.
Dünya Bankının 2014-cü ilə olan statistikasına görə 30 milyonluq İraq əhalisinin 22, 5 faizi rəzil yoxsulluğun içində yaşayır.
Böyrək üçün 10 min dollaradək pul təklif edən dəstələr ölkənin yoxsul əhalisini hədəfləyir. Belə bir vəziyyət İraqı bütün Yaxın Şərqdə orqan ticarətinin qovşağına çevirib.
"Bu fenomen o qədər geniş yayılıb ki, hakimiyyət onunla mübarizə aparmaq iqtidarında deyil, - deyir insan haqları müdafiəçisi Firas əl-Bayati, - Mən özüm şəxsən son üç ayda öz böyrəyini satmağa cəhd edərkən həbs olunmuş 12 nəfərin işi ilə məşğul olmuşam. Bütün bu halların hamısının arxasında kasıbçılıq dayanır”.
"Belə bir vəziyyəti təsəvvürə gətirin: İşsiz ata uşaqlarını yedizdirmək üçün heç bir gəlirə malik deyil. Onda o, özünü qurban verir. Mən belə adamı qurban hesab edirəm və mən onu müdafiə etməliyəm” – deyir vəkil.
2012-ci ildə hökumət insan və insan orqanları qaçaqmalçılığının qarşısının alınması üçün yeni qanun qəbul edib.
Bu qanuna görə hər hansı bir şəxs öz orqanlarını yalnız qohumuna və qarşılıqlı razılıq əsasında verə bilər. Lakin qaçaqmalçılar bunun da yolunu tapıblar. Onlar həm satan, həm də alan üçün saxta sənədlər düzəldirlər.
Əl-Bayati deyir ki, cəzalar üç il azadlıqdan məhrumetmədən ölüm hökmünədək ola bilər və bu zaman yoxsulluq yüngülləşdirici faktor kimi nəzərə alınmır.
“Kimlik sənədlərini saxtalaşdırmaq çox asandır. Lakin hökumət tezliklə yeni biometrik şəxsiyyət kartları hazırlayacaq. Onları saxtalaşdırmaq mümkün olmayacaq” – deyir əl-Bayati.

Baş tutmayan alqı-satqı…
Bizə nadir bir imtiyaz olaraq həbsxanada vaxtilə böyrək satmaqla məşğul olduğuna görə məhkum edilmiş şəxslə görüşmək imkanı yaratdılar.
Bir çox təhlükəsizlik yoxlamalarından keçdikdən sonra axır ki, Məhəmmədlə görüşdük. Soyadını demək istəmədi.
SOS: Yoxsulluqdan orqanlarını satırlar - FOTO
O orqan qaçaqmalçılığına görə məhkum edilmiş başqa 10 məhbusla eyni sərt rejimli həbsxanada saxlanır.
"Mən əvvəlcə günah hissi keçirmirdim, - deyir iki uşaq atası Məhəmməd, - Mən bu işə humanitar bir fəaliyyət kimi baxırdım. Lakin bir neçə ay bu ticarətlə məşğul olduqdan sonra gördüyüm işin mənəvi tərəfini özlüyümdə sorğu-sual etdim. Çünki orqan satanların necə bir səfalət içində olduqlarını görürdüm. Cavan adamların pul üçün öz orqanlarını satmasını görəndə ürəyim ağrıyırdı”.
O 2015-ci ilin noyabrında Bağdaddakı hökumət xəstəxanasının qarşısında həbs olunub. Bir polis zabiti özünü ona orqan almaq istəyən müştəri kimi qələmə vermişdi.
Qanunsuz orqanların köçürülməsi əməliyyatları adətən özəl xəstəxanalarda, xüsusilə də Kürdüstanda aparılır. Məhəmməd deyir ki, Bağdaddan fərqli olaraq oralarda belə işlərə o qədər də məhdudiyyət yoxdur.
Amma belə əməliyyatları dövlət xəstəxanalarında da aparırlar, çünki cərrahların dediyinə görə bütün halları lazımınca yoxlamaq mümkün olmur.
"Həkimi belə bir əməliyyat üçün məsul edəcək qanun bütün dünyada yoxdur, - deyir Bağdaddakı Böyrək Xəstəlikləri və Transplantasiya Mərkəzinin cərrahı Rafed əl-Akili, - Düzdür, bəzi hallarda biz şübhələnirik. Amma bu, əməliyyatı dayandırmaq üçün səbəb deyil, çünki söhbət insanların həyatından gedir”.
Amma bu söhbət Hüseynlər ailəsinə çətin ki, təsəlli olsun.

tehsil-press.az

Oxşar xəbərlər