BDU-da Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXIV Respublika elmi konfransı

BDU-da Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXIV Respublika elmi konfransı Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsi və Fizika Problemləri Elmi-Tədqiqat İnstitutunun (ETİ) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş Magistrant və gənc tədqiqatçıların “Fizika və astronomiyanın problemləri” adlı XXIV Respublika elmi konfransı keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, ölkəmizin azadlığı uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə çıxış edən BDU-nun elm və innovasiyalar üzrə prorektoru Hüseyn Məmmədov 2024-cü ilin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Yaşıl dünya naminə həmrəylik ili” elan olunduğunu xatırladaraq, yaşıl dünya, yaşıl inkişaf və yaşıl enerji məsələlərinin dövrümüzün ən aktual problemləri olduğunu, onların həllində elm və təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşdüyünü qeyd edib. Hüseyn Məmmədov alternativ enerji texnologiyalarının yaradılmasında fiziklərin önəmli nailiyyətlər əldə etdiyini vurğulayaraq, BDU-nun Fizika fakültəsinin alimlərinin də bu istiqamətdə tədqiqatlar apardığını bildirib. O, bu sahədə kadr hazırlığının önəmli olduğunu qeyd edib, Fizika fakültəsinin magistratura pilləsində “Alternativ enerji mühəndisliyi” ixtisaslaşmasının yaradılması təklifini irəli sürüb.
Fizika fakültəsinin dekanı Bəxtiyar Paşayev “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı BDU-da və fakültədə silsilə tədbirlərin keçirildiyini nəzərə çatdırıb. Bəxtiyar Paşayev gənc tədqiqatçıların yeni çağırışlara cavab verən elmi istiqamətlərə cəlb olunmasının zəruriliyini qeyd edib.

Fizika Problemləri ETİ-nin direktoru Sədiyar Rəhimov konfransa BDU ilə yanaşı, Elm və Təhsil Nazirliyinin Fizika İnstitutu, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Milli Müdafiə Universiteti, Azərbaycan Fransa Universiteti, Azərbaycan Neft və Sənaye Universitetinin gənc tədqiqatçılarının da qatıldığını, ümumilikdə 107 materialın tezislərinin qəbul edildiyini, plenar iclasda 2 məruzənin dinlənəcəyini, sonra 5 bölmədə konfransın işinin davam edəcəyini bildirib. Nanomaterialların kimyəvi fizikası kafedrasının müdiri Maarif Cəfərov alternativ enerji texnologiyalarının yaradılmasında yeni istiqamətlərin və materialların tətbiq olunduğunu, bu sahədə çalışa biləcək tədqiqatçı mütəxəssislərin yetişməsi üçün dünyadakı elmi məktəblərin imkanlarından yararlanmağın zəruriliyini diqqətə çatdırıb.
Sonra plenar məruzələr dinlənilib. Optika və molekulyar fizika kafedrasının doktorantı Əfsanə Surxaylı “Ps-Si nanokompozitlərinin sinxron termik analiz metodu ilə tədqiqi”, Nəzəri fizika kafedrasının II kurs magistrantı İlyas Abuşzadə “İnvestigation of the threshold phenomenon for small-scale dynamo generation in shell opproach” mövzusunda tədqiqatlarının nəticələrini təqdim ediblər.

Konfrans 5 bölmədə fəaliyyətini davam etdirib. “Nəzəri fizika və astrofizika” bölməsində 20, “Biofizika və molekulyar fizika” bölməsində 14, “Bərk cisimlər və yarımkeçiricilər fizikası” bölməsində 37, “Nanoquruluşların fizikası və texnologiyası” bölməsində 24, “Fiziki elektronika” bölməsində 10 məruzə dinlənilib.

Tehsil-press.az

Oxşar xəbərlər