“Azərbaycanda ətraf mühitin qorunmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib

“Azərbaycanda ətraf mühitin qorunmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib Mayın 20-də Batabat Astrofizika Rəsədxanasında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümyəndəliyinin, Naxçıvan Dövlət Universitetinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə “Azərbaycanda ətraf mühitin qorunmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib.

Ümummilli Liderin anadan olmasının 101, Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə, “Yaşıl dünya naminə həmrəylik ili”nə və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası –COP29-a həsr olunmuş konfransda əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli hər kəsi salamlayıb və konfransın işinə uğurlar arzulayıb. Səlahiyyətli nümayəndə bildirib ki, Ümummilli Lider Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə ekoloji tarazlığın qorunması istiqamətində kompleks tədbirlər həyata keçirib, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş yaradılıb. Görülən işlərin nəticəsi olaraq ölkəmizin zəngin flora və fauna müxtəlifliyi qorunub, təbii sərvətlərdən səmərəli istifadə prioritet məsələ kimi diqqətdə saxlanılıb. Ölkəmizdə bu sahədə fəaliyyəti tənzimləyən dövlət qurumları yaradılıb, eyni zamanda təkmil qanunvericilik bazası formalaşdırılıb. Azərbaycanın inkişaf konsepsiyasının müddəalarına uyğun olaraq iqtisadi inkişafın ekoloji tarazlıqla vəhdət təşkil etməsinə nail olunub. Bir sözlə, digər sahələrlə yanaşı, Ulu Öndərin ətraf mühitin mühafizəsi sahəsində formalaşdırdığı yeni ekoloji siyasət insanların sağlam ətraf mühitdə yaşamaq hüququnun tam təmin olunmasına zəmin yaradıb.

Görkəmli dövlət xadiminin “Təbiətə zərər vuranlar, ağac kəsənlər, təbiəti çirkləndirənlər, korlayanlar cəmiyyətimizin, hamımızın düşmənidir” fikirlərini xatırladan Fuad Nəcəfli diqqətə çatdırıb ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasəti, o cümlədən ekologiya sahəsində verdiyi tövsiyələr bu gün ölkə Prezidenti tərəfindən uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 25 dekabr tarixli Sərəncamına əsasən 2024-cü il ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. Həmçinin qeyd edib ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair beş milli prioritetindən biri də “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” yanaşmasıdır. Həmin prioritetə uyğun olaraq ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi əsas hədəfdir. Artıq ölkə Prezidenti işğaldan azad edilmiş Qarabağı və Şərqi Zəngəzuru, eləcə də Naxçıvan Muxtar Respublikasını yaşıl enerji zonası elan edib, ekosistemin bərpasına, “ağıllı şəhər” və “ağıllı kənd” kimi innovativ yanaşmaların tətbiqinə başlanılıb.

Səlahiyyətli nümayəndə vurğulayıb ki, dünyanın hər bir yerində olduğu kimi, Azərbaycanda da qeyri-sabit hava şəraitinin hiss olunması iqlim problemləri ilə əlaqədar ölkə səviyyəsində tədbirlərin, o cümlədən elmi və praktiki konfransların keçirilməsini zəruri edir. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 bu il ölkəmizdə keçiriləcək. Sözsüz ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin siyasi iradəsi və beynəlxalq nüfuzu sayəsində Azərbaycan COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə işinə mühüm töhfələr verəcək. Bu gün Azərbaycan Prezidenti tərəfindən görülən işlər və ölkəmizdəki mövcud qanunvericilik sistemi ətraf mühitin mühafizəsi sahəsində sistemli tədbirlərin icrasına imkan verir. “Azərbaycanda ətraf mühitin qorunmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda konfransda da ölkəmizdə bu sahədə həyata keçirilən tədbirlərə bir daha diqqət yetiriləcək və yeni hədəflər müəyyənləşdiriləcək.

Fuad Nəcəfli dövlət başçımızın Azərbaycanda ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyət çərçivəsində Naxçıvanı yaşıl enerji zonası elan etdiyini diqqətə çatdıraraq vurğulayıb ki, bu istiqamətdə konkret layihələr icra olunacaq. Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin rəhbərliyi ilə aid qurumlarla birlikdə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə bağlı müşavirə keçirilib, “Yaşıl dünya naminə həmrəylik ili” və COP29-la bağlı İşçi Qrupu yaradılıb və bu istiqamətdə tədbirlərə başlanılıb. Bugünkü konfransın da, bu mənada, mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən səlahiyyətli nümayəndə konfransın işinə uğurlar arzulayıb, təşkilatçılara və iştirakçılara təşəkkür edib, çıxışını Ümummilli Lider Heydər Əliyevin “Mən istəyirəm ki, hamınız təbiəti qoruyanlar olasınız” fikirləri ilə bitirib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev konfransın əhəmiyyətini önə çəkib. Qeyd edib ki, dünyanın ən mötəbər tədbirlərindən biri olan COP29-un ölkəmizdə keçirilməsi siyasi və digər istiqamətlərlə yanaşı, Azərbaycanın iqtisadi və turizm cəhətdən də daha geniş inkişafına töhfə verəcək. Rektor vurğulayıb ki, hazırda dünya ölkələrində sürətli şəhərləşmə prosesi gedir. Bu gün bu proses 50 faizdir. Aparılan müşahidələr göstərir ki, 2050-ci ildə şəhərləşmə 70 faizi ötəcək. Bu prosesin özü ilə gətirəcəyi fəsadların aradan qaldırılması üçün ekoloji tədbirlərin həcminin artırılması vacib əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da ekosistemin qorunması və inkişafı prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Naxçıvanın ekoloji mühitinin daha geniş tədqiq olunmasının zəruriliyini irəli sürən Elbrus İsayev konfransın COP29 tədbirlərinə mühüm töhfə olacağını bildirib.

Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini, nazir vəzifələrini icra edən Xanlar Mustafayev ətraf mühitin mühafizəsi istiqamətində görülən işlərdən bəhs edərək bildirib ki, Naxçıvanda 1 milli park, 3 dövlət təbiət yasaqlığı mövcuddur. Bu da muxtar respublika ərazisinin 149 min hektara yaxınını və ya 28 faizini təşkil edir. Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına salınmış Naxçıvan Muxtar Respublikası ərazisində mövcud olan 211 flora, 131 fauna növləri Xüsusi Mühafizə Olunan Təbiət ərazilərində mühafizə olunur. Xanlar Mustafayev diqqətə çatdırıb ki, bu gün dünyada iqlim dəyişikliyi, ətraf mühitin mühafizəsi və “yaşıl enerji”yə keçid ən mühüm prioritetlərdəndir. Azərbaycan baza ili ilə müqayisədə 2030-cu ilə qədər istilik effekti yaradan qazların emissiyalarının 35 faiz, 2050-ci ilə qədər isə 40 faiz azaldılmasını hədəf kimi götürüb. Azərbaycan elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 2030-cu ilə qədər 30 faizə çatdırılmasını hədəfləyir. Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli”, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasında ağacəkmə aksiyaları keçirilir. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi bu aksiyaların keçirilməsində əsas məqsəd ölkədə ekoloji tarazlığın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına töhfə vermək, Ulu Öndərin əziz xatirəsini yad etmək, dahi şəxsiyyətin yaşıllaşdırma ənənələrini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdir.

Azərbaycan Respublikası Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev bildirib ki, Azərbaycan beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində mühüm addımlar atılır. “Yaşıl dünya naminə həmrəylik ili” qarşıya ətraf mühitlə, yaşıl inkişafla bağlı yeni gündəlik qoyub. Bu gün hər bir vətəndaşın, hər bir sahənin qarşısında dayanan əsas vəzifəbu vacib aksiyalara dəstək olmaqdır. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası da bu sahədə fəaliyyətini genişləndirərək ətraf mühitin qorunması istiqamətində həyata keçirilən təbirlərdə yaxından iştirak edir, ağacəkmə aksiyalarına qoşulur.

Konfransda AMEA-nın müxbir üzvü, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun baş direktoru Əlövsət Quliyev “Naxçıvan Muxtar Respublikasında ətraf mühitin mühafizəsində torpaq və su ehtiyatlarından səmərəli istifadə”, Naxçıvan Dövlət Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, biologiya üzrə fəlsəfə doktoru Elsevər Əsədov “Heydər Əliyev və Azərbaycan təbiəti”, Naxçıvan Dövlət Universitetinin Əczaçılıq və biokimya kafedrasının professoru, AMEA-nın həqiqi üzvü Tariyel Talıbov “Naxçıvan Muxtar Respublikasının nadir, endemik və qiymətli nümunələri” və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Tural Əsgərov “Ətraf mühitin mühafizəsi və tullantıların düzgün istifadə olunması sahəsində görülən işlər” mövzularında məruzələr ediblər.

Tədbir bədii hissə ilə davam edib. Naxçıvan Dövlət Universiteti Musiqi Kollecinin sazçalanlar ansamblı aşıq mahnıları ifa ediblər.

Sonra akademik Həsən Əliyev adına Zəngəzur Milli Parkının Batabat ərazisində yaşıllaşdırma aksiyası keçirilib. Səlahiyyətli nümayəndə universitetin könüllü tələbələri ilə ağac əkib. Əkin zamanı ərazinin iqlim şəraitinə uyğun olan kol bitkilərinin toxumlarından da istifadə edilib.

Fuad Nəcəfli könüllü tələbələrlə xatirə fotosu çəkdirib. Tələbələr “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş plakatlar nümayiş etdiriblər.

Konfrans çərçivəsində Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələri Batabat yaylağının əsrarəngiz təbiətinə dair etüd təşkil ediblər.

Konfrans çərçivəsində könüllü tələbələrin iştirakı ilə Batabat ərazisində təmizlik aksiyası da keçirilib.

Tehsil-press.az

Oxşar xəbərlər