Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu Azərbaycan Dillər Universitetində (ADU) 28 May - Müstəqillik Günü ilə bağlı tədbir keçirilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olan qəhrəman oğullarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə ADU-nun rektoru akademik Kamal Abdulla bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.
Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin dekanı professor İbrahim Kazımbəyli qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın dövlətçilik və ictimai-siyasi fikir tarixində rolu misilsizdir. Cəmi 23 ay yaşamasına baxmayaraq, Cümhuriyyət sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.
Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov, Regionşünaslıq kafedrasının müəllimi Lamiyə Namazova, Fəlsəfə və ictimai elmlər kafedrasının dosenti Sevda Məhərrəmova, həmin kafedranın dosenti Şəfəq Abdullayeva məruzə ilə çıxış ediblər. Qeyd olunub ki, Şərqdə ilk dəfə demokratik, dünyəvi dəyərlərə əsaslanan müstəqil respublikanın yarandığı bütün dünyaya bəyan edilib. Çıxışlarda Qafqaz İslam Ordusunun Azərbaycan Xalq Cümhuriyyətinin ərazi bütövlüyü uğrunda apardığı mübarizə tarixinə nəzər salınıb, Gəncədə hökumətin qurulması və Bakının azad edilməsindən, Cümhuriyyətin maliyyə-pul siyasətindən söhbət açılıb. Həmçinin Azərbaycan-Gürcüstan ərazi mübahisələrinin həllində iqtisadi faktorlardan bəhs olunub.

Tehsil-press.az


Oxşar xəbərlər