Birinci sinfə gedənlər bu il də azalacaq - Ekspertlər səbəbini AÇIQLADI

Birinci sinfə gedənlər bu il də azalacaq - Ekspertlər səbəbini AÇIQLADI Dövlət Statistika Komitəsinin və Elm və Təhsil Nazirliyinin məlumatına görə, 2019-2020-ci tədris ilində dövlət əyani ümumi təhsil müəssisələrində 1-ci sinfə gedən uşaqların sayı 159644 nəfər olub.

2020-2021-ci dərs ilində ölkənin bütün ümumi təhsil müəssisələrinin I siniflərinə 156328 uşaq gedib. 2021-2022-ci tədris ilində respublikanın ümumi təhsil müəssisələrinin 1-ci sinfinə 153822, 2022-2023-cü tədris ilində isə 152 minə yaxın uşaq qədəm qoyub. Sonuncu tədris ilində isə bu say 135 minə düşüb.

Bu il də birinci sinifə gedənlərin sayında azalma olacağı gözlənilir.

Bəs azalma nə ilə əlaqədardar? Bu azalma hansı problemlərə gətirib çıxara bilər?

Modern.az mövzu ilə bağlı ekspertlərin rəylərini öyrənib.

"Bir neçə il sonra daha fərqli tablonun şahidi olacağıq"

Milli Məclisi elm və təhsil komitəsinin üzvü Müşfiq Məmmədli bildirib ki, son 4-5 ilin statistik analizini apardıqda biz təbii artımın cüzi olsa da aşağı düşməsinin şahidi oluruq:

“Böyük şəhərlərdə əhalinin daha sıx cəmləşməsi, cəmiyyətin inkişaf templəri, sənayeləşmə, yüksək texnologiyaların tətbiqi ilə iqtisadi fəallığın şəhərlərdə təmərküzləşməsi şəhər əhalisinin sayının artmasına gətirib çıxarır. Şəhər əhalisinin sayı artdıqda isə regionlardan fərqli olaraq biz burada daha çox iki uşaqlı ailələri müşahidə edirik. Dünyadakı trendləri müqayisə etdikdə böyük şəhərlərdə əhalinin sayı artdıqca ailələrin say tərkibinin azaldığını müşahidə edirik. Bizim ölkədə böyük şəhərlərdə əhalinin ailə say tərkibi 4, Avropa ölkələrində isə adətən 3 nəfərdən ibarətdir. Bu təbii proses kimi görünsə də, əslində Azərabaycanda əhalinin artımının stimulaşdırılması və ölkəmizin inkişafına uyğun şəkildə artım templərinin normal istiqamətlərdə saxlanması prioritet məsələ kimi ortaya qoyulmuşdur. Burada statistik göstəriciləri analiz etdikdə o qədər də ciddi bir azalma müşahidə etmirəm. Regionlarımızın inkişafının bu templə davam etməsi və o cümlədən Qarabağ və Şərqi Zəngəzurda məskunlaşma nəticəsində bir neçə il sonra daha fərqli tablonun şahidi olacağıq”.

"Səbəb boşanmalardır"

Sosioloq Mail Yaqub isə deyir ki, bunun səbəblərindən biri Azərbaycandakı boşanmaların sayı ilə əlaqədardır:

“Son illər ölkədə boşanmaların sayı artıb, nikahların sayı azalıb. Uşaq dünyaya gətirmə statistikası azalıb. Təsəvvür edin, ötən əsrin 60-cı illərində qadınlar orta hesabla 6-7 uşaq dünyaya gətirirdisə, bu statistika indi 1.6-ya düşüb. Bunun da nəticəsi olaraq əhali artımında azalma baş verir. Son illərdə artım tempi azalıb. Bununla yanaşı son illərdə xaricə köçənlərin sayında da artım var. Bu problemin qarşısının alınması üçün tədbirlər görülməlidir. Məsələ həmişə yüksək dövlət rəsmilərinin də diqqətində olub. Azərbaycan əhalisi indikindən azı 2 dəfə çox olmaldır. Bunun ölkə üçün hərbi, siyasi, strateji əhəmiyyəti var. Boşanmaların sayı azaldılmalı, hüquq sistemindəki bəzi boşluqlar aradan qaldırılmalıdır. Bəzi boşanmalar məqsədyönlü şəkildə həyata keçirilir. Milli, mənəvi, əxlaqi, təbliğatlr aparılmalıdır. Bu Azərbaycan üçün ciddi məsələdir və həll olunmalıdır.

Təhsil eksperti Elçin Murad azalmanı valideynlərin seçimləri ilə əlaqələndirir:

“Son dövrlərdə valideynlər yüksək təhsilə önəm verir. Bunun üçün də araşdırıb övladı üçün ən yaxşısını seçmək istəyir. Orta məktəblərə l sinfin qeydiyyatının azalması ən birinci valideynlərin illik müəyyən bir təhsil ödənişinə yönəlmiş müxtəlif liseylərə üz tutması ilə əlaqədardır, ikinci səbəb uşaqların yaş yetsə də, valideyn hələ ki, övladının məktəbdə baş çıxara bilməyəcəyini düşünür. Bu da məktəblərdəki disiplin zəifliyi ilə bağlıdır, üçüncü səbəb isə ölkədə yavaş-yavaş vətəndaş azlığı yaranır. Bu hər nə qədər təhsil ilə bağlı bir məsələ olmasa da, təəssüf ki, real səbəblərdən biridir. Əlavə olaraq onu da qeyd edim ki, bir çox valideyn orta məktəblərdə xüsusi bir müəllim seçir, onun sinfinə düşə bilmədikdə övladını məktəbə yazdırmaqdan imtina edir. Bu hallar da şagirdin bir il itirməsinə səbəb olur”.

Tehsil-press.az

Oxşar xəbərlər