Ciddi böhran dalğası: Manat dəyərdən düşəcək - Ekspertdən bədbin proqnoz

Ciddi böhran dalğası: Manat dəyərdən düşəcək - Ekspertdən bədbin proqnoz “Yaxın 2-3 ildə ölkə iqtisadiyyatında ciddi böhranlı dalğalar olacaq. Manat dəyərdən düşəcək, inflyasiya yüksələcək, ölkəyə valyuta daxilolmaları kəskin azalacaq, sosial problemlər artacaq".

Bunu iqtisadçı ekspert Natiq Cəfərli bildirib.

Onun sözlərinə görə, paralel olaraq, ölkənin xərcləri də kəskin artır:
"Gəlirlərin azalması ilə paralel məcburi xərclərin də artması əlavə yük yaradacaq. Bu problemlərin sadə və tez həlli yolları yoxdur. Təəssüf ki, hökumət ciddi zaman itirdi, 2015-ci il böhranından nəticə çıxarmadı”.

Ekspert bildirib ki, Azərbaycanda uzun müddətdir tənzimlənən məzənnə rejimi tətbiqolunur:
"Daha məzənnəni bu səviyyədə saxlamaq çətin olacaq. Problemlərdən biri də odur ki, ölkədə neft hasilatı kəskin aşağı düşüb və tarixi minimum səviyyəyə enib. Son illərin ən az neft hasilatını görürük".

N.Cəfərli qeyd edib ki, neft hasilatının azalması valyuta ehtiyatlarına mənfi təsir edir:
“Çox yaxın zamanlar üçün məzənnə dəyişikliyi gözlənilməsə də, belə bir tendensiya və təhlükə ola bilər. Gələn ilin ortalarında, sonuna yaxın, 2025-ci il ərzində belə bir addımın atılması ehtimalı kifayət qədər yüksəkdir”./Bakupost.az/

Tehsil-press.az

Oxşar xəbərlər