Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbinə Kembric proqramı ilə qəbul imtahanı aparılıb

Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbinə Kembric proqramı ilə qəbul imtahanı aparılıb Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Dövlət Universitetinin Beynəlxalq Məktəbi Kembric (Cambridge School) statusu alıb. NDU-nun Beynəlxalq Məktəbinə Kembric Beynəlxalq Təhsil proqramı ilə 2024-cü ilin sentyabr ayından etibarən 1-ci və 6-cı siniflər üçün tədrisin həyata keçirilməsi istiqamətində beynəlxalq lisenziya verilib.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamında qeyd olunan mühüm məsələlərdən biri də Naxçıvan Dövlət Universitetinin nəzdində İngilisdilli orta məktəbin fəaliyyətə başlaması olub.

Bu istiqamətdə görülən işlərin nəticəsi olaraq NDU-nun Beynəlxalq Məktəbinə Kembric Beynəlxalq Təhsil proqramı ilə qəbul imtahanı keçirilib.

Qəbul imtahanına 1-ci və 6-cı siniflərdə təhsil alacaq şagirdlər qatılıb. İmtahan prosesi 3 saat davam edib.

1-ci sinif üçün qəbul prosesi şifahi imtahan şəklində təşkil edilib. Şagirdlərin ingilis dili əlifbası bilikləri, riyazi bilikləri, ətraf mühitlə tanışlığı yoxlanılıb.

6-cı sinif şagirdlərinə isə İngilis dili qrammatikasından 10, riyazi biliklər 30, ingilis dilində oxu materialları 30, dinləmə 20 sual olmaqla ümumilikdə 90 sual təqdim edilib.
Qeyd edək ki, NDU Beynəlxalq Məktəbində Kembric proqramı ilə 2024-cü ilin sentyabr ayından etibarən tədrisə başlanılacaq. Tədris tamamilə ingilis dilində həyata keçiriləcək. Böyük Britaniyadan müəllimlərin cəlb ediləcəyi tədris üçün yerli müəllimlərin də lazımi tələblərə cavab verməsi məqsədilə müxtəlif təlimlər təşkil olunub və təlimlər mütəmadi olaraq davam etdirilir.

Tehsil-press.az

Oxşar xəbərlər