Gömrük Akademiyası elmi tədqiqat potensialının artırılması üzrə beynəlxalq təlimdə təmsil olunub

Gömrük Akademiyası elmi tədqiqat potensialının artırılması üzrə beynəlxalq təlimdə təmsil olunub Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) tərəfdaş olduğu “Azərbaycanda İnstitusional Repozitoriyalar Şəbəkəsi vasitəsilə Tədqiqat Potensialının İnkişaf etdirilməsi” (DIRNA) adlı Erasmus+ layihəsi çərçivəsində Gəncə Dövlət Universitetində (GDU) keçirilən yay məktəbində təmsil olunub. Ölkəmizin 7 ali təhsil müəssisəsinin, Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun, İtaliyanın L’Aquila Universitetinin və Finlandiyanın Yüvəskülə Universitetinin (University of Jyväskylä) nümayəndələrinin qatıldığı təlimdə Akademiyanın Tədris-metodiki işin təşkili şöbəsinin rəisi İslam Hüseynov, Beynəlxalq əməkdaşlıq və layihələr üzrə koordinatoru Elvin Mecidov, Akademiyanın kitabxanasının əməkdaşı və layihə komandasının üzvü Aysel Cəfərzadə və İKT-nin Tətbiqi şöbəsinin böyük mütəxəssisi Aslan Hüseynov iştirak ediblər.
Tədbirin əsas məqsədi layihənin benefisiar qurulmarının nümayəndələrinə elmi tədqiqatların qlobal səviyyədə əlçatanlığının və yayılmasının təmin olunmasında istifadə olunan qabaqcıl Avropa, Türkiyə və digər beynəlxalq sistemlər, texnologiyalar və platformalar haqda geniş təlim kursunun təşkili olub. Xüsusilə, benefisiar qurumlarda Açıq Elm (“open science”) və Açıq Giriş (“open access”) konsept və siyasətlərinin yaradılması və icrası fonunda Açıq Girişə malik İnstitusional Repozitoriya (İR) Şəbəkəsinin yaradılması təlimin diqqət mərkəzində olub.
Tədbirin açılış hissəsində GDU-nun rektoru, akademik Yusif Yusifov və Xəzər Universitetinin rektoru İradə Xəlilova çıxış edərək ali təhsil müəssisələrinin tədqiqat potensialının artırılmasında DIRNA layihəsinin rolundan söz açaraq layihə çərçivəsində keçirilən təlimlərin önəmini vurğulayıblar. Tədbirdə digər çıxış edənlər layihə haqqında ətraflı məlumat verib, tərəfdaş universitetlərin layihədəki rolundan bəhs ediblər.
Beş gün ərzində davam etmiş təlimdə Avropa Universitetlərinin nümayəndələri “Açıq Elm və İR-lərin önəmi”, “Rəqəmsal kitabxana sistemləri və onların Açıq Giriş üçün rolu: Transformativ Sazişlər”, “FAIR informasiya & tədqiqat məlumatlarının idarə edilməsi”, “Metaməlumatların keyfiyyəti və OpenAIRE”, “Açıq nəşriyyat etikası, müəllif hüquqları, hüquqi problemlər”, “İnstitusional repozitoriyaların texniki tələbləri və xüsusiyyətləri” və s. mövzularda müxtəlif təqdimatlarla çıxış ediblər. Nəzəri və praktiki hissələrdən ibarət olan təlimlərin əsas nəticəsi olaraq iştirakçıların təmsil etdikləri qurumlar üçün hazırladıqları fərdi Açıq Elm Siyasətləri nümayiş edilib. Digər iştirakçı universitetlərin nümayəndələri ilə yanaşı Akademiyanın əməkdaşı Elvin Mecidov da OpenAIRE beynəlxalq standartları əsasında DGKA üçün hazırladığı Açıq Elm Siyasətini təqdim edib.
2023-2026-ci illəri əhatə edən, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Erasmus+ beynəlxalq konsorsium layihəsinin Finlandiya, İtaliya və Türkiyədəki üç universitetdən başqa Azərbaycanda benefisiar qurumları Xəzər Universiteti (koordinator), Dövlət Gömrük Komitəsinin Akademiyası, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Gəncə Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti və Naxçıvan Dövlət Universitetidir.

Tehsil-press.az

Oxşar xəbərlər