Gömrük Akademiyası Erasmus+ ECAR layihəsinin Polşa təlim səfərində təmsil olunub

Gömrük Akademiyası Erasmus+ ECAR layihəsinin Polşa təlim səfərində təmsil olunub Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) tərəfdaş olduğu “Azərbaycan Rektorlar Konfransının yaradılması” (ECAR) adlı Erasmus+ layihəsi çərçivəsində Polşa Respublikasında 30 yanvar - 3 fevral 2023-cü il tarixlərində keçirilən növbəti təlim proqramında təmsil olunub. Təlimlərdə layihə konsorsiumunun üzvü olan Azərbaycan universitetlərinin prorektorları və digər səlahiyyətli nümayəndələri ilə yanaşı Dövlət Gömrük Komitəsinin Akademiyasının Tədris və innovasiyalar üzrə rəis müavini Araz Aslanlı da iştirak edib. Polşa Universitetlərinin Rektorlar Konfransı (CRASP) tərəfindən təşkil olunan səfərin məqsədi Polşa ali təhsil müəssisələrinin strateji inkişaf məsələlərinin öyrənilməsi olub.
Kozminski Universitetində baş tutan təlimlərin ilk iki günündə universitetin ümumi və dayanıqlı inkişafı, rəqəmsal transformasiya strategiyaları, həmçinin əməkdaşların təkmilləşdirilməsi ilə bağlı yerli və Avropa layihələri üzrə təcrübələri öyrənilib.
Səfərin növbəti günlərində Varşava Həyat Elmləri Universitetinin rektoru və Polşa Universitetlərinin Rektorlar Konfransının vitse prezidenti cənab Michał Zasada tərəfindən strateji planlamada insan resurslarının idarəedilməsi, maliyyənin idarəedilməsinin əsas kriteriyaları, o cümlədən CRASP-ın fəaliyyəti ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat verilib. Həmçinin CRASP-ın baş katibi Agata Kulesza səfər iştirakçıları ilə CRASP-ın milli və beynəlxalq təcrübələri ilə bağlı fikir mübadiləsi aparıb.
Varşava Həyat Elmləri Universitetinin əməkdaşları tərəfindən strateji inkişaf və keyfiyyət məsələlərinin qarşılıqlı əlaqəliliyi, Polşa ali təhsil müəssisələrində monitorinq və qiymətləndirmə prosesləri və digər mühüm mövzularda təlim-seminarlar həyata keçirilib. Həmçinin Universitetdə Azərbaycan dilinin tədrisi, Azərbaycan mədəniyyətinin təbliği, elmi konfranslar və digər tədbirlər haqqında ətraflı təqdimat nümayiş olunub.
Səfər çərçivəsində Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələrinin Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova ilə görüşü baş tutub. Görüşdə xanım səfir Polşada, xüsusilə ali məktəblərdə həyata keçirilən sosial-mədəni tədbirlər, layihələr haqqında məlumat verib. N.Qurbanova universitetlərimizi Polşa ali təhsil müəssisələri ilə əməkdaşlığı daha da gücləndirməyə dəvət edib və bu istiqamətdə müvafiq dəstəyin göstərilə biləcəyini ifadə edib.
Təlim proqramının yekununda Bakı Biznes Universitetinin mərkəz direktoru, layihənin koordinatoru Gülşən Bayramovanın moderatorluğu ilə ECAR layihəsi çərçivəsində pilot olaraq yaradılan Strateji inkişaf komitəsinin sədri Araz Aslanlı ilə birlikdə layihədə həyata keçirilən fəaliyyətlərin icrası, qarşıda duran mühüm tapşırıqlar və inkişaf komitəsinin gələcək fəaliyyət planı üzrə müzakirələr aparılıb.
Qeyd edək ki, Avropa İttifaqının “Erasmus+” proqramının “Ali Təhsildə Potensialın Gücləndirilməsi” fəaliyyət kateqoriyası sahəsinə aid olan ECAR layihəsi Bakı Biznes Universitetinin koordinatorluğu və Avropa Komissiyasının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin icra müddəti üç ildir. Gömrük Akademiyasının layihədə tərəfdaşlığı 2021-ci il ərzində layihə konsorsiumu və Avropa Komissiyası tərəfindən dəyərləndirilib qəbul edildikdən sonra Akademiyanın layihədə iştirakı 2022-ci ilin aprel ayından başlayıb.

Tehsil-press.az



Oxşar xəbərlər