BSU-da “Henrix Senkeviç İli” qeyd olunub

BSU-da “Henrix Senkeviç İli” qeyd olunub Polşa səfiri Marek Tsalka yazıçı Henrix Senkeviçin yaradıcılığından danışıb
Polşada 2016-cı il görkəmli yazıçı Henrix Senkeviçin xatirəsinə “Henrix Senkeviç İli” elan olunub. Bununla bağlı tədbirlər planına əsasən Bakı Slavyan Universitetində Henrix Senkeviçin yubileyinə həsr olunmuş tədbir keçirilib. BSU-nun Polyak dili və mədəniyyəti mərkəzində baş tutan mərasimdə Polşanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Marek Tsalka və xanımı Malqojata Tsalka iştirak ediblər.
Səfir Marek Tsalka çıxışında bildirib ki, “Henrix Senkeviç İli” ilə əlaqədar olaraq Polşa səfirliyi tərəfindən silsilə tədbirlər keçirilir. Henrix Senkeviçin yaradıcılığı barədə danışan səfir yazıçının əsərlərində Polşanın tarixi ilə bağlı maraqlı məlumatlar olduğunu vurğulayıb. “Polşa dövləti öz siyasətini demokratik əsaslar üstündə qurub. Polşada qədim dövrlərdən hökm sürən demokratik meyarları, multikulturalizm və tolerant dəyərləri Henrix Senkeviçin əsərlərində aydın şəkildə görə bilərik”.
Xanım Malqojata Tsalka yazıçının nailiyyətlərindən danışaraq qeyd edib ki, 1905-ci ildə Henrix Senkeviç "Epos sahəsindəki görkəmli xidmətlərinə görə" Nobel mükafatı laureatı olub. Çıxışında xanım M. Tsalka yazıçının dünyaca məşhur "Odla və qılıncla", "Daşqın", "Pan Volodıyovski", “Quo Vadis” əsərlərindən danışaraq vurğulayıb ki, bu əsərlər hələ də insanlar tərəfindən maraqla oxunur.
BSU-nun polyakşünas tələbələri Henrix Senkeviçin əsərlərinə həsr olunmuş esse yazıb, onun yaradıcılığı ilə bağlı müsabiqədə iştirak ediblər. Müsabiqədə fəal iştirak edən tələbələr Polşanın Azərbaycandakı səfirliyi tərəfindən diplom və hədiyyələrlə təltif olunublar.


tehsil-press.az

Oxşar xəbərlər