150 balla tələbə qəbulu edirlər: Format dəyişməlidir...

150 balla tələbə qəbulu edirlər: Format dəyişməlidir... Universitetlərdə boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb. Əvvəlki illərlə müqayisədə bu il qəbul olanların sayı daha çoxdur. Ölkədə ali təhsilli şəxslərin sayının artmasını müsbət məqam, təhsilin inkişafı kimi şərh etmək olarmı?

Təhsil eksperti Kamran Əsədov Teleqraf.com-a açıqlamasında əksini düşündüyünü deyib:

“Bu il ali təhsil müəssisələrinə plan yerləri ciddi şəkildə artdı. Qəbul olanlar da əvvəlki illərlə müqayisədə çoxdur. 2010-cu ildə 29 min nəfər ali təhsil müəssisələrinə qəbul ola bilirdi. Bu gün artıq onların sayı 60 mindən çoxdur. Son 14 ildə say kəskin artıb.

Ancaq qəbul olanların çox olmasını uğur kimi dəyərləndirə bilmərik. Plan yerlərinin sayı çox olduğunu görə qəbul da çoxdur. Biz əsas keyfiyyətə baxmalıyıq. Əgər 150 balla tələbə qəbulu həyata keçiririksə, həmin şəxs əmək bazarına daxil olanda diplomlu işsiz olacaqsa, bu artımı müsbət cəhət saya bilmərik. Bu il universitetlərə qəbul olanların artması ona görə deyil ki, təhsildə hansısa ciddi irəliləyiş etmişik. Sadəcə plan yeri artıb, bu səbəbdən qəbul olanlar çoxdur.

Bu ilki rəqəm artımının heç bir halda keyfiyyət göstərici kimi qəbul etməməli, təqdim etməməliyik. Əmək bazarının ehtiyacı nəzərə alınmadan qəbulun həyata keçirilməsi sadəcə statistikada kəmiyyət göstəricisi olaraq görülə bilər. Sual olunur, əmək bazarında onların neçəsi işlə təmin olacaq?"

Ekspert hesab edir ki, qəbul imtahanında müəyyən ixtisaslara bağlı konkret keçid balı qoymaq lazımdır: "Azərbaycanda qəbul qaydalarının formatı dəyişməlidir. İmtahanlar daha sadələşməlidir".

Tehsil-press.az

Oxşar xəbərlər