Məktəblərdə dinin tədrisi: müəllimlərə nəzarət ediləcək

Məktəblərdə dinin tədrisi: müəllimlərə nəzarət ediləcək Mütəxəssislər hesab edir ki, dini dərslər keçilməlidir, o şərtlə ki...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” adlı respublika elmi-praktik konfransda ölkəmizdə dini təhsil sahəsində mövcud vəziyyət müzakirə olunub.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov bildirib ki, müasir dövrdə cəmiyyət xurafatın və mifologiyanın təlqin etdiyi tezislər əsasında deyil, elmi-texniki nailiyyətlər, tədqiqatlar, araşdırmalar əsasında əldə olunmuş nəticələrlə idarə olunur. Komitə sədrinin sözlərinə görə, ilahiyyat elminin meydana gəlməsi məhz dinə elmi yanaşmanın məntiqi yekunudur.

Ramin Məmmədov qeyd edib ki, Azərbaycan dövlətinin siyasətinin əsas məqsədlərindən biri də bundan ibarətdir ki, din haqqında təsəvvürlər elmi biliklər əsasında formalaşmalıdır. Dini tədris etməyin özü də xüsusi biliklər, elmi düşüncə və pedaqoji bacarıq tələb edir. Dini təhsilin əhəmiyyətini artıran, müasir dövrümüzdə yeni dini təhsil modelləri axtarışını zəruri edən amillərdən biri də məhz bundan ibarətdir. Azərbaycan İlahiyyat İnstitutu və Bakı İlahiyyat Kollecinin yaradılması da bu məqsədə xidmət edir.

Komitə sədri çıxışının sonunda dini təhsilin ən uğurlu modellərindən birinin də məhz multikulturalizmin, tolerantlıq ənənələrinin həyat tərzinə çevrildiyi Azərbaycanda yaradıla biləcəyinə əminliyini ifadə edib.

Açılış mərasimində iştirak edən elm və təhsil naziri Emin Əmrullayev konfransın vacibliyindən bəhs edərək sözügedən mövzu ilə bağlı ixtisaslaşmış mütəxəssislərin rəy və təkliflərinin böyük əhəmiyyət daşıdığını, onların tövsiyələrinin gələcəkdə dini təhsil sisteminin təkmilləşdirilməsində həlledici rol oynaya biləcəyini qeyd edib. Nazirin sözlərinə görə, müxtəlif dinlərin əsaslarına dair biliklərin ötürülməsi zamanı dinlərarası tolerantlıq və qarşılıqlı anlaşma ön planda olmalıdır. “Həyat bilgisi” fənni bu biliklərin bir hissəsi kimi dövlət tədris planına daxildir, dərsliklərin məzmunu və müəllimlərin hazırlığı diqqətlə izlənməlidir.

Emin Əmrullayev sinif otaqlarında dini tədrisin dövlətin müəyyən etdiyi standartlar əsasında aparılmalı olduğunu, məktəblərdə dini təhsilin tədrisində isə yalnız dövlət standartlarına uyğun proqramların həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Nazir bildirib ki, dini təhsil sahəsində kadr hazırlığı da xüsusi diqqət tələb edir və bu istiqamətdə ixtisasların daha dəqiq müəyyənləşdirilməsinə ehtiyac var.

İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bildirib ki, Azərbaycan İlahiyyat İnstitutunda və onun yanında fəaliyyət göstərən Bakı İlahiyyat Kollecində din tədrisi din haqqında və dindən öyrənmə modellərinə uyğun şəkildə aparılır. Rektorun sözlərinə görə, dini biliklər doğru mənbələrə əsaslanaraq şərh olunmalı, həmçinin müasir dövrün reallıqları da nəzərə alınıb cəmiyyətə çatdırılmalıdır. Dini təhsilin düzgün aşılanması dinin özünü təhriflərdən qoruyur, milli-mənəvi vəhdətin təmin edilməsinə töhfə verib, cəmiyyəti radikal dini tendensiyalardan sığortalayır.

Deputat, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov hesab edir ki, məktəblərdə şagirdlərə dinin əsasları, dəyərləri, məzhəblər və təriqətlər haqqında məlumat verilməlidir: “Gənclərin radikallığa yuvarlanmasının səbəblərindən biri də onların din haqqında aydın və ətraflı məlumata malik olmamalarıdır. Bu fənnin orta məktəblərdə tədrisini vacib hesab edirəm. Bu gün dünyanın əksər ölkələrində, o cümlədən Türkiyə və Rusiyada bu fənn tədris olunur. Uzun illərdir bu sahədə müzakirələr aparılsa da, məsələ hələ də həllini tapmayıb. Biz bu prosesdə gecikirik, mütləq bu sahədə işlər görməliyik”.

Dini mövzular üzrə mütəxəssis Kənan Rövşənoğlu mövzu ilə bağlı “Yeni Müsavat”la fikirlərini bölüşüb: “Burdan iki istiqamət ortaya çıxır. Birincisi, orta məktəblərdə dini biliklərin verilməsi ilə bağlıdır. Hazırda Azərbaycanda orta məktəblərdə din tədris olunmur, "Həyat bilgisi" dərsliyində ibtidai dini məlumatlar verilir. Buna dini təhsil demək olmaz, bu, sadəcə, ibtidai bilgilərdir. Yəni dinlər, peyğəmbərlər və dinlərin atributları haqqında. Bu tədrisi orta məktəblərdə müəllimlər həyata keçirir. Bildiyim qədər burada dini təhsilli müəllimlər iştirak etmir. Amma ikinci istiqamət dini təhsildir ki, İlahiyyat İnstitutu və İlahiyyat Kollecində dərslər ixtisaslaşmış ilahiyyatçı və dinşünas müəllimlər tərəfindən həyata keçirilir. Hər iki istiqamətdə dərs proqramlarını Təhsil Nazirliyi təsdiqləyir. Amma hesab edirəm ki, orta məktəblərdə “Həyat bilgisi” dərsliyində dini biliklər öyrədilmir. Sadəcə, ümumi ibtidai səviyyədə şagirdə məlumat verilir. Ali və orta ixtisaslaşmış dini təhsildə isə peşəkar müəllimlər iştirak edir. Hesab edirəm ki, ixtisaslaşmış dini təhsil mərkəzlərində tədris proqramını Elm və Təhsil Nazirliyinin dünyəvi təhsilli ekspertləri müəyyən edə bilməz. Çünki dini təhsil spesifikdir, məsələn, gələcəyin din xadimi və ya dinlər üzrə tədqiqatçı yetişdirən təhsil müəssisəsində dərs proqramını bu sahə üzrə ixtisaslaşmış kadrlar, ilahiyyatçı alimlər tərtib etməlidir. Dövlət orqanı yalnız dini təhsil müəssisəsində keçiləcək dünyəvi dərslər blokunu tərtib edə və bu dərsləri tələb edə bilər. Azərbaycanda çox dərin olmasa da, hər halda, dini tədris təcrübəsinin yaşı 30 ildən çoxdur. Bildiyim qədər hazırda müəyyən ölkələrin təcrübələri də öyrənilir. Əgər söhbət Azərbaycana xas olan, “multikultural dəyərlərin təbliğ olunduğu” təhsildən gedirsə, bu bir yenilikdir və bunu tez bir zamanda ortaya çıxarmaq mümkün deyil, bu sistemin formalaşması zaman alacaq. O ki qaldı orta məktəblərdə dini biliklərin verilməsinə, düşünürəm ki, Dini Komitə ilə Elm və Təhsil Nazirliyi bu sahədə birgə əməkdaşlıq etməklə orta məktəbdə şagirdlərə dini inanclar haqqında yetərli, (yəni nə səthi, nə də dərin) orta təhsilin xarakterinə uyğun səviyyədə biliyin verilməsi üçün işlər görə bilər. Hər bir məktəbə ilahiyyat təhsilli müəllim gətirməyə gərək yoxdur, bunun əvəzinə orta məktəbdə “Həyat bilgisi” dərsi deyən müəllimlər üçün İlahiyyat İnstitutu seminarlar təşkil edə, bu müəllimləri hazırlaya bilər. İnanc zəruri mənəvi tələbatdır, orta məktəbdə din və inanclar haqqında lazımi məlumatı ala bilməyən şagird daha sonra onu gizli şəkildə, qeyri-leqal mərkəzlərdən zərərli formada əldə edəcək. Halbuki bu daha sonra fəsadlar törədir".

Tehsil-press.az

Oxşar xəbərlər