Azərbaycan və Braziliya arasında əməkdaşlığın genişləndirilməsi üçün daha böyük potensial var

Azərbaycan və Braziliya arasında əməkdaşlığın genişləndirilməsi üçün daha böyük potensial var Xarici işlər nazirinin müavini Xələf Xələfov Braziliya Federativ Respublikasının xarici işlər nazirinin müavini Fernando Simas Maqalhaes ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Ttrend-ə verilən məlumata görə, görüşdə X.Xələfov Azərbaycan və Braziliya arasında xüsusilə hər iki ölkənin səfirliklərinin açılması ilə ikitərəfli əlaqələrin inkişaf etdiyini, iqtisadi, mədəni, turizm, təhsil və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün daha böyük potensialın mövcudluğunu qeyd etdi.
Azərbaycanda həyata keçirilən uğurlu iqtisadi islahatlar nəticəsində xarici investorlar üçün əlverişli mühitin yaradılıdığını diqqətə çatdıran X.Xələfov Braziliya istehsalı olan "Embraer" tipli təyyarələrin ölkəmizdə mülki aviasiyada istifadə edildiyini qeyd etdi və digər Braziliya şirkətlərinin də ölkəmizdə uğurlu fəaliyyəti üçün imkanların olduğunu vurğuladı.
İki ölkə arasında müqavilə-hüquq bazasının gücləndirilməsinin əhəmiyyətindən danışan X.Xələfov sərmayələrin təşviqi, gömrük, kənd təsərrüfatı, ikiqat vergidən azadolunma və digər sahələrə dair sazişlərin imzalanmasının gələcək əməkdaşlıq üçün vacib olduğunu diqqətə çatdırdı.
Nazir müavini daha sonra regiondakı vəziyyətə toxunaraq, Azərbaycanın beynəlxalq sülh və təhlükəsizliyə töhfə verdiyini, bir sıra iri beynəlxalq iqtisadi, energetika, nəqliyyat, kommunikasiya layihələrinin təşəbbüskarı olduğunu və Azərbaycanda həyata keçirilən tədbirlərin ölkə iqtisadiyyatının enerji sektorundan asılılığının azalmasına və onun şaxələndirilməsinə yönəldiyini bildirdi.
Ermənistan-Azərbaycan münaqişəsi, aprel ayında qoşunların təmas xəttində yaranmış gərginlik haqqında həmkarına məlumat verən nazir müavini Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğunu münaqişənin həllində ən başlıca problem olduğunu dilə gətirdi. Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin Braziliyanın TŞ-nin qeyri-daimi üzvü olduğu, 874 saylı qətnamənin isə məhz Braziliyanın TŞ-yə sədrliyi dövründə qəbul edildiyini xatırlatdı.
O, əlavə etdi ki, BMT TŞ-nin 822, 853, 874 və 884 saylı qətnamələrində Ermənistan tərəfinin əməllərinə birməmalı beynəlxalq hüquqi qiymət verilir. Belə ki, TŞ Azərbaycana qarşı gücdən istifadə və onun ərazilərinin işğalını pisləyir, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü təsdiqləyir və bütün işğal olunmuş ərazilərdən işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir. X.Xələfov digər beynəlxalq təşkilatların da analoji mövqe nümayiş etdirdiklərini bildirdi.
BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Bakıya səfərindən məmnunluğunu ifadə edən F.S.Maqalhaes Braziliya xarici işlər nazirinin Azərbaycana nəzərdə tutulan səfərinin iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın şaxələndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirdi. Səfər çərçivəsində mədəniyyət, turizm, təhsil və digər sahələrdə sazişlər, həmçinin iki ölkənin Diplomatik akademiyaları arasında anlaşma memorandumlarının imzalanacağını diqqətə çatdırdı.
F.S.Maqalhaes Azərbaycan və Braziliya Xarici İşlər nazirlikləri arasında indiyədək üç siyasi məsləhətləşmələrin keçirildiyini qeyd edərək, hazırkı səfərinin növbəti məsləhətləşmələr üçün başlanğıc ola biləcəyini vurğuladı.
Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı məlumatlı olduğunu bildirən nazir müavini münaqişənin BMT TŞ-nin qətnamələrinə uyğun olaraq sülh yolu ilə nizama salınmasına ümidvar olduğunu dilə gətirdi.
F.S.Maqalhaes daha sonra avqust ayında Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına hazırlıq prosesi haqqında məlumat verdi.Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

tehsil-press.az

Oxşar xəbərlər