Sual: Mərkəzin fəaliyyətinin təşkili ilə bağlı nələri qeyd edə bilərsiniz?
Cavab: Mərkəzin yaradılması qərarı Mingəçevir Dövlət Universitetinin (MDU) innovasiya və sahibkarlıq strategiyasının bir hissəsi kimi qəbul edilmişdir. Fəaliyyətimizin effektiv təşkili üçün inkubasiya və akselerasiya proqramlarının əsas prinsiplərinə uyğun bir iş modeli formalaşdırmışıq. Mərkəzin idarə olunması üçün şura yaradılmış və müxtəlif sahələrdə təcrübəsi olan üzvlər seçilmişdir. Üzvlərimiz universitetin İKT, biznes, hüquq və iqtisadiyyat yönümlü tədqiqatçıları, eləcə də startap və innovasiya ekosistemində fəal iştirak edən mütəxəssislərdir. Mərkəzə üzv seçilərkən namizədlərin innovasiya yönümlü düşüncə tərzinə malik olması, startap ekosisteminə töhfə verə bilməsi və tələbələrə mentorluq etməyə həvəsli olması əsas meyar olaraq sorğuda qeyd edilmişdir.
Sual: 2025-ci ildə Mərkəz tərəfindən görülmüş işlər barədə məlumat verə bilərsinizmi?
Cavab: 2025-ci il üçün İnkubasiya və Akselerasiya Mərkəzinin fəaliyyət planı üzvlərlə birgə hazırlanmış və hazırda təsdiqlənmişdir. Plan universitetin strateji inkişaf istiqamətləri və regionun innovasiya ekosistemi ilə uzlaşdırılmışdır.
Bu il mərkəz tərəfindən aşağıdakı əsas fəaliyyətlər həyata keçirilib: İnkubasiya proqramları: Seçilmiş tələbə startapları 6 aylıq inkubasiya proqramına daxil edilmiş, onlara mentorluq dəstəyi başlamışdır; Təlimlər və seminarlar: Sahibkarlıq, innovasiya və texnologiya mövzusunda təlim və vebinar təşkil olunmuş, yerli ekspertlər tələbələrlə təcrübələrini bölüşmüşdür; İnnovasiya müsabiqələri: Mərkəzimizin təşəbbüsü ilə “Teknofest 2025” adlı yarışma haqqında tələbələrlə infosesiya keçirilmiş və nəticədə 16 komanda müxtəlif kateqoriyalar üzrə qeydiyyat mərhələsini tamamlamışdır.
Sual: Mərkəzin əsas fəaliyyət istiqamətləri barədə məlumat verə bilərsinizmi?
Cavab: Mərkəzimiz tələbə və gənc sahibkarların innovativ ideyalarını reallaşdırmağa kömək etmək üçün fəaliyyət göstərir. Əsas istiqamətlərimiz aşağıdakılardır:
– İnkubasiya və akselerasiya: Yeni biznes ideyalarının inkişafı üçün tələbələrə və startapçılara dəstək veririk.
– İnvestisiya və maliyyə dəstəyi: Layihələr üçün investorlarla əlaqə yaratmaq və qrant proqramlarına müraciət etməyi təşviq edirik.
– Tədqiqat və innovasiya: Regionun iqtisadi və sosial problemlərini həll etməyə yönəlmiş elmi-tədqiqat layihələri həyata keçiririk.
– Beynəlxalq şəbəkələşmə: Tələbələrimizin beynəlxalq startap tədbirlərinə çıxışını təmin edirik.
– Mentorluq və təlimlər: Biznes və texnologiya sahəsində praktiki biliklər əldə etmələri üçün tələbələrə mentorlar təyin edirik.
Sual: Mərkəzin fəaliyyətindən tələbələr nə dərəcədə faydalana bilərlər?
Cavab: Tələbələrin inkişafına xüsusi önəm veririk. Mərkəzə qoşulan tələbələr aşağıdakı imkanlardan yararlana bilərlər:
Biznes ideyalarını reallaşdırmaq üçün mentor dəstəyi alırlar; Ödənişsiz təlimlər və sertifikatlı proqramlara qatılırlar; Yerli və beynəlxalq akselerasiya proqramlarına müraciət etmə şansı qazanırlar; İnvestorlar və sahibkarlarla tanışlıq imkanları əldə edirlər və Universitet daxilində startap layihələrində praktiki təcrübə qazanırlar.
Sual: Mərkəzin gələcək planları hansılardır?
Cavab: Mərkəzimiz bölgədə innovasiya ekosisteminin inkişafına töhfə verməyi hədəfləyir. 2025-2026-cı il üçün planlarımız arasında:
Yerli və beynəlxalq investorlarla əməkdaşlıq platformasının yaradılması; Tələbə startapları üçün “Demo Day” tədbirlərinin təşkil edilməsi; Tədqiqat yönümlü innovativ layihələrin dəstəklənməsi; Rəqəmsal transformasiya üzrə yeni proqramların tətbiqi və Beynəlxalq universitetlərlə birgə startap müsabiqələrinin təşkili.
Sual: Mərkəzin Mingəçevir şəhəri və ətraf regionlar üçün əhəmiyyəti nədir?
Cavab: Mingəçevir şəhəri və ətraf regionlar üçün MDU-nun İnkubasiya və Akselerasiya Mərkəzi innovasiya, sahibkarlıq və sosial-iqtisadi inkişafın sürətləndirilməsibaxımından mühüm əhəmiyyət daşıyır. Mərkəz gənclərin və sahibkarların inkişafına dəstək olmaqla yanaşı, yerli sənaye və iqtisadiyyatın innovativ texnologiyalarla gücləndirilməsinə yönəlmiş fəaliyyətlər həyata keçirir.
Mərkəzin fəaliyyət istiqamətlərindən biri də Mingəçevirin sənaye və enerji sektoruna innovativ həllər təqdim etməkdir. Universitetin elmi potensialını sənaye müəssisələri ilə birləşdirərək, energetika, maşınqayırma və digər istehsal sahələrində innovativ texnologiyaların tətbiqinə kömək edir. Bu yanaşma yerli sənayenin rəqabət qabiliyyətini artırır və onun texnoloji modernləşməsinə təkan verir.
Təhsilin inkişafı baxımından isə, mərkəz orta məktəblərlə və universitet tələbələri ilə sıx əməkdaşlıq edir. “Sabahın Alimləri” layihəsi və digər innovasiya proqramları çərçivəsində orta məktəb şagirdlərinin tədqiqat bacarıqlarının inkişafına dəstək verilir. Magistrant və doktorantlar üçün praktiki araşdırmalar aparmaq, iqtisadi və sosial problemlərə elmi əsaslı həllər tapmaq üçün imkanlar yaradılır.
Nazim Niftəliyev
Tehsil-press.az