Vərəmlə mübarizədə Azərbaycanın müsbət təcrübəsi öyrənilir

Vərəmlə mübarizədə Azərbaycanın müsbət təcrübəsi öyrənilir Ölkəmizdə ümumbəşəri sosial bəla olan vərəm əleyhinə genişmiqyaslı mübarizə aparılaraq, bu xəstəliyin müalicəsi üzrə ardıcıl və məqsədyönlü tədbirlər görülür, xüsusi qanun qəbul olunub, beynəlxalq təşkilatlarla əlaqəli surətdə müvafiq strategiya müəyyən olunaraq aidiyyəti proqramlar həyata keçirilir. Eyni zamanda, BQXK ilə sıx əməkdaşlıq nəticəsində Azərbaycanın penitensiar müəssisələrində vərəmə qarşı mübarizə üzrə birgə fəaliyyət çox müsbət nəticələr verib, bu sahədə regionda və dünyada ən yüksək göstəricilərdən birinə nail olunub. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Avropa Regional Bürosunun 61-ci sessiyası, habelə birgə fəaliyyətin nəticələrinə əsaslanaraq BQXK ölkəmizin vərəmlə mübarizədə nailiyyətlərini təqdir edərək onu örnək kimi digər dövlətlərə tətbiqi üçün tövsiyə edib və bununla əlaqədar 15-ə yaxın dövlətin nümayəndələri Bakıya 20-dən artıq səfərlər edərək müsbət təcrübəmizdən bəhrələniblər.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, mayın 16-20-də Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin nümayəndələri Azərbaycanın bu sahədə təcrübəsini öyrənmək məqsədilə ölkəmizdə səfərdə olublar. Filippin, Ukrayna, Moldova, Gürcüstan və Qırğızıstanın penitensiar müəssisələrində vərəm əleyhinə xidmətlər göstərən və ümumilikdə 17 nəfər olan həkimlər, qeyri-hökumət təşkilatlarının nümayəndələri və rəhbər vəzifəli şəxslər üçün Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinin Vərəm üzrə Təlim Mərkəzi tərəfindən "Çoxsaylı / Geniş Dərmana Davamlı Vərəmin yüksək yükü olan ölkələrin həbsxanalarında vərəmə nəzarət tədbirlərinin təkmilləşdirilməsi" mövzusunda beynəlxalq tədris kursu keçirilib.
Kursun açılışında nazirliyin Tibb baş idarəsinin rəhbərliyi və ÜST Avropa Regional Bürosu Mərkəzi Aparatının və Azərbaycan üzrə Ölkə Ofisinin məsul şəxsləri iştirak edib, beynəlxalq səviyyədə artıq ikinci dəfə keçirilən tədbirin mühüm əhəmiyyəti qeyd olunub. 5 gün davam edən tədris kursunda dinləyicilər üçün yerli mühazirəçilər, həmçinin dəvət olunmuş beynəlxalq ekspertlər, o cümlədən ÜST-in məsul əməkdaşları tərəfindən xüsusi proqram üzrə müxtəlif mövzular tədris olunub. Tədbirdə Ümumdünya Səhiyyə Təşkilatının ən son tələblərinə uyğun olaraq və Ədliyyə Nazirliyi tibb xidmətinin penitensiar müəssisələrdə praktiki fəaliyyətlərinin nəticələrinə əsaslanaraq hazırladığı mövzular təqdim edilib.
Dinləyicilərə aktual nəzəri mövzularla yanaşı, Azərbaycanın penitensiar müəssisələrində vərəmə nəzarət prosesi ilə əyani tanışlıq imkanı yaradılıb, o cümlədən cəzaçəkmə müəssisələrinə daxil olarkən vərəmin aşkarlanması istiqamətində görülən işləri, müalicə tədbirlərini bilavasitə izləmək, kütləvi müayinələrdə iştirak etmək məqsədilə İxtisaslaşdırılmış Müalicə Müəssisəsində, Bakı İstintaq Təcridxanasında və 15 saylı cəzaçəkmə müəssisəsində bir sıra praktiki məşğələlər keçirilib.
Tədris prosesində müalicənin mərkəzləşdirilmiş qaydada aparılması, dərmanlara həssaslıq göstəricilərinə müvafiq standartlaşdırılmış müalicə rejimlərinin təyini, beynəlxalq standartlara uyğun innovativ laborator diaqnostika metodlarının geniş tətbiqi, məhbusların saxlanma rejiminin gözlənilməsi şərti ilə infeksiyaya nəzarət tədbirlərinə riayət olunması, azadlığa buraxılan xəstələrin müalicəsinin sonadək izlənilməsi və sosial dəstək kimi Azərbaycanın unikal təcrübəsi dinləyicilərin böyük marağına səbəb olub, Azərbaycanın penitensiar müəssisələrində həyata keçirilən tibbi tədbirlərin ölkə miqyasında aparılan işlərə uyğunluğu və koordinasiyalı fəaliyyət razılıqla qarşılanıb.
Kursun yekununda təəssüratlarını bölüşən dinləyicilər səmimi qonaqpərvərliyə və yüksək təşkilatçılığa görə Ədliyyə Nazirliyinə minnətdarlıqlarını ifadə edib, ölkəmizin penitensiar sistemdə vərəmə nəzarət üzrə müsbət təcrübəsini örnək kimi qəbul etdiklərini və bunun müxtəlif komponentlərinin gələcəkdə öz ölkələrində tətbiq edəcəklərini qeyd edib, tədbirin onlar üçün olduqca faydalı və səmərəli olduğunu vurğulayıblar.
Səfər zamanı, həmçinin dinləyicilər üçün Bakının görkəmli və tarixi yerləri ilə tanışlıq turları, mədəni tədbirlər təşkil edilib, Ermənistan tərəfindən torpaqlarımızın işğala məruz qalması faktı, hərbi təcavüzün davam etdiyi şəraitdə belə ölkəmizin son illər ərzində hərtərəfli inkişafı barədə müfəssəl məlumatlar verilib.


Tehsil-press.az

Oxşar xəbərlər