
Bu fikirləri açıqlamasında sosioloq Hüseyn İbrahimov deyib.
Onun sözlərinə görə, bəzi hallarda valideynlər hələ də övladlarının peşə seçiminə təsir göstərməyə çalışırlar:
“Valideynlər ya vaxtilə özləri əldə edə bilmədikləri statusu övladlarının əldə etməsini istəyir, ya da mövcud mövqelərinin övladları tərəfindən davam etdirilməsinə çalışırlar. Bu isə bəzən gənclərin gələcək karyerasında maneələr yaradır və onların öz potensiallarını tam reallaşdırmalarına əngəl olur”.
Sosioloq hesab edir ki, müasir dövrdə gənclərə peşə seçimində azadlıq vermək, onların fikirlərinə və baxışlarına hörmətlə yanaşmaq mühüm əhəmiyyət daşıyır:
“Gənclər informasiya texnologiyalarına daha yaxın olduqları üçün müxtəlif sahələr haqqında daha dolğun və real təsəvvürə malikdirlər. Valideynlərin isə bəzən bu sahələr haqqında əvvəlki biliklərinə əsaslanaraq yanlış qərarlar verməsi müşahidə olunur. Əsas məsələ isə övladın seçimini başa düşmək, onu dinləmək və bu sahədə öz biliklərini yeniləməkdir. Valideynin rolu övladının yolunu bağlamaq yox, onu anlayışla yönləndirmək olmalıdır”.
Sosioloq əlavə edib ki, müasir ailə modeli gənclərin maraq və bacarıqlarını nəzərə almalı, onların azad peşə seçiminə şərait yaratmalıdır:
“Ola bilər ki, övlad müəyyən sahəyə maraq göstərir, amma valideyn onu yalnız “nüfuzlu” hesab edilən peşələrə yönəltmək istəyir. Bu kimi hallar ailədaxili konfliktlərə, daha sonra isə gəncin peşə həyatında uğursuzluqlara səbəb ola bilər”.
Sonda Hüseyn İbrahimov vurğulayıb ki, gənclərin istər humanitar, istər də texniki sahələrdə uğur qazanmaları üçün onların maraq və potensialına güvənmək, düzgün informasiya dəstəyi ilə seçimlərinə hörmətlə yanaşmaq lazımdır.
Tehsil-press.az