
Ukrayna ilə həlledici ola biləcək yay döyüşlərinə hazırlaşan Rusiya Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək xətti seçib. Ermənistana nəzarəti xeyli itirən Moskva hələ ki “təslim olmur”. Lavrovun Ermənistanın daxili məsələlərinə kobud şərhləri bunun sübutudur. Ekspertlərə görə, Qafqazda silahlı münaqişə hazırda Moskvanın marağında deyil, amma Kreml heç regionda stabillik də istəmir. Kreml onu da başa düşür ki, Cənubi Qafqazda geopolitik şərtləri ciddi şəkildə dəyişmək şansları qətiyyən mövcud deyil.
Xatırladaq ki, Vətən müharibəsindən sonra Rusiyanın Cənubi Qafqazdakı yeganə real tərəfdaşı Azərbaycandır və bu reallıq hələ ki dəyişilməz olaraq qalır. Ermənistanın Rusiyadan illər boyu faydalandığına, KTMT-də passiv təmsilçiliyini davam etdirməsinə baxmayaraq, İrəvanın son 5 ildə Kremlin maraqlarına dəfələrlə xəyanət etdiyi hamıya məlumdur. Ermənistanın KTMT-nin təlimlərində nümayişkaranə şəkildə iştirak etməməsi, bu qurumun hərbi-siyasi əhəmiyyətini heçə sayan bəyanatlar səsləndirməsi, Avropa İttifaqının monitorinq missiyasını öz ərazisində yerləşdirməsi, birmənalı şəkildə Qərblə əməkdaşlığa köklənməsi və s. kimi addımlar Ermənistanın öz tarixi müttəfiqi olan Rusiyanı açıq şəkildə “xərclədiyini” göstərir. Belə olan halda, Rusiyanın Yekaterinburqdakı zorakılıqla Cənubi Qafqazdakı yeganə tərəfdaşı olan Azərbaycanda ciddi narazılıq yaratması, rəsmi Moskvanın bu regionda tamamilə təklənməsi, yeganə tərəfdaşını da itirməsi ilə nəticələnə bilər. Bunun isə Rusiya üçün sadəcə iqtisadi müstəvidə deyil, həm də siyasi-diplomatik, mənəvi-psixoloji baxımdan necə böyük itkilərlə nəticələnəcəyini izah etməyə lüzum yoxdur.
İllərdir ki, Azərbaycan Cənubi Qafqazda lider ölkə statusunu saxlayır. Bölgədə enerji xabına çevrilməsi, iqtisadi inkişafı və siyasi sabitliyi, eləcə də ordu quruculuğundakı uğurları Azərbaycanın liderliyinə şübhə yeri qoymur. Vətən müharibəsində parlaq qələbəsindən, işğaldakı torpaqlarında suveren hüquqlarının bərpasından sonra isə Azərbaycanın regionda mövqeyi daha da möhkəmlənib.
Dövlət başçısı İlham Əliyev hələ Vətən müharibəsinin davam etdiyi günlərdə xarici mediaya verdiyi müsahibələrdə “regionda yeni situasiya yarandığını” xüsusi qeyd edirdi. “Yeni situasiya” təkcə Azərbaycanın müharibədə ədalətli mövqeyini ehtiva etmirdi, həm də müharibədən sonra bölgədə qüvvələr nisbətinin yenidən formalaşacağına açıq işarə idi. Prezident açıqlamalarında qardaş Türkiyənin regionda söz sahibinə çevrildiyini də xüsusi vurğulayırdı və bölgəmizdə yeni əməkdaşlıq formatlarının yaranacağını anons edirdi. İlham Əliyev dekabrın 31-də xalqa müraciətində xüsusilə Ermənistana ünvanlı çağırışları analitiklərə yeni situasiyanın adını (və ya adlarından birini) tapmağa imkan verdi: “Qafqaz evi...”
Prezident məhz həmin müraciətində regionun enerji təhlükəsizliyi, iqtisadi inkişaf xəritəsini yenilədi, Ermənistanı “getmiş olsa da, qatara minməyə” çağırdı.
Təhlilçilər deyir ki, Cənubi Qafqazda sülh və sabitlik üçün yeganə çıxış yolu var. Üç ölkənin bir masada oturması və regionu bərabər qorumaları ən düzgün yoldur. Bunun üçün ilk növbədə biri-birilərinə qarşı iddialardan geri çəkilməlidirlər. Rusiya bu birlikdən qorxur, çünki bu birlik onun bölgədə varlığına zərbədir.
Cənubi Qafqaza Rusiya nəzarətinin birlik və müttəfiqlik yolu ilə qarşısı alınmalıdır. Cənubi Qafqazda əsl sabitlik və inkişaf yalnız bu bölgənin qərarları ilə mümkündür. Əgər bu üç ölkə - Azərbaycan, Gürcüstan və Ermənistan biri-biriləri ilə danışmağı, mübahisə yox, əməkdaşlıq etməyi, savaş yox, sülh qurmağı bacarsalar, bu bölgənin taleyini heç bir Rusiya generalı dəyişə bilməz. Bu baxımdan yeni vəziyyətdə “Qafqaz evi”nin indi reallaşması nə qədər mümkündür? Ermənistan Moskvadan qopub, Gürcüstan tərəddüd etsə də, Moskva ilə yol getməyin təhlükəli olduğunu anlayır.
Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, Rusiya heç zaman Cənubi Qafqaz ölkələrinə münasibətdə səmimi olmayıb: "İstər Çar Rusiyası dövründə, istər SSRİ zamanında, istərsə də SSRİ-dən sonrakı dövrdə Rusiya Cənubi Qafqazı özünün təbəəsi kimi görüb. Heç zaman bu üç respublikanın müstəqilliyini həzm edə bilməyib. Bu ölkələrə ən müxtəlif problemləri də buna görə yaradıb. Gürcüstanın ərazisinin müəyyən hissəsini birbaşa özü işğal edib və bununla ölkəni özündən asılı vəziyyətdə saxlamaq məqsədi güdüb. Ermənistanı isə Azərbaycana qarşı müharibəyə qaldırıb, Azərbaycanın ərazilərinin işğalı üçün Ermənistana dəstək verib, Qarabağda separatizm ocağı yaradıb. Bu siyasəti Rusiyanın əslində Ermənistanı sevməsindən irəli gəlmirdi. Məqsəd Cənubi Qafqaz ölkələri arasında heç zaman bitməyən düşmənçilik yaratmaq olub. Rusiya "parçala, hökm sür" siyasətini Cənubi Qafqazda bu şəkildə yürüdüb. Nəticədə Ermənistan Rusiyadan asılı vəziyyətə düşüb və Paşinyan hökuməti bu asılılıqdan xilas olmaq üçün neçə ildir çırpınır, lakin ciddi nəticə alınmır. Azərbaycan isə 30 il torpaqlarının işğalı nəticəsində böyük məhrumiyyətlərlə üz-üzə qalıb, ölkə sarsıntılar yaşayıb, işğal Azərbaycanın iqtisadiyyatına böyük zərbələr vurub. Belə vəziyyətdə Rusiya özü yaratdığı münaqişədə özünü vasitəçi kimi sırıyıb. Vasitəçi kimi illər uzunu yalnız öz maraqlarını yeritməyə çalışıb. Bir sözlə, uzaq və yaxın tariximiz göstərir ki, Cənubi Qafqazın xilas yolu ötən əsrin əvvəlində irəli sürülən və bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən gündəmə gətirilən “Qafqaz evi” ideyasının reallaşdırılmasından keçir. Bölgənin hər üç dövləti bu ideya ətrafında vahid mövqe nümayiş etdirib birgə hərəkət etməsə Rusiya bu bölgədə istədiyini edəcək. Rusiya nəhayət Cənubi Qafqaz birliyini, bölgənin üç dövlətinin bütün problemləri dəf edib Rusiya təhlükəsinə qarşı vahid mövqedə olduğunu görməlidir. Bir-birimizlə savaş aparmağımız həmişə Rusiyanın faydasına, özümüzün isə zərərinə olub. Bunu nəhayət dərk etməliyik".
Politoloq vurğuladı ki, “Qafqaz evi” ideyası məhz bu birliyi özündə ehtiva edir: “Onun reallaşmasında Azərbaycan maraqlı olduğunu ən yüksək səviyyədə elan edib. Gürcüstan da Cənubi Qafqazın üç ölkəsinin sıx əməkdaşlıq modelində maraqlı olduğunu bəyan edib. Burada zəif bənd yenə də Ermənistan qalır. Ermənistan özündə güc tapıb məsələyə müsbət yanaşsa və əməli addımlar atsa, məsələnin reallaşması mümkün olar”.
Tehsil-press.az