
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" davam etdirilir. Köç karvanının növbəti dəfə ünvanı Ağdam rayonunun Kəngərli kəndi olub. Bu mərhələdə Kəngərli kəndinə 37 ailə - 153 nəfər köçürülüb.
Məlumat üçün bildirək ki, bu köçlə birlikdə Kəngərli kəndində yaşayan ailələrin sayı 234-ə, sakinlərin sayı isə 1000-ə çatıb. Bu da Qarabağımızın yenidən qurulması istiqamətində aparılan bərpa-quruculuq işləri fonunda bir kənd üçün böyük rəqəm sayılır.
“Bu günə görə Prezidentimiz İlham Əliyevə minnətdarıq”.
Bunu Ağdamın Kəngərli kəndinə qayıdan sakin, keçmiş məcburi köçkün Raya Rüstəmova deyib. O, torpaqların işğaldan azad edilməsinə görə şəhidlərin ruhuna ehtiramını ifadə edib: “Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin. Bu torpaqları onlar qan tökərək alıblar. Sevincimizin həddi-hüdudu yoxdur. Kəndimizə qızımla qayıdıram. Dünyadan köçəndə də kəndimdən köçüm. Bu mənim ən böyük arzularımdan biridir. Allah Prezidentimizi xalqımızın üstündən əskik etməsin. Dövlət başçımıza ailəsi ilə birlikdə uzun ömür, cansağlığı arzulayıram".
"Ağdamda oxumaq, çalışmaq və gələcəyimi orada qurmaq istəyirəm. Həmişə istəmişəm ki, öz doğma torpağımızda yaşayım, məktəbə orada gedim".
Bu sözləri isə Ağdam rayonunun Kəngərli kəndinə köç edən azyaşlı Məmmədli Rüqəyya deyib.
O bildirib ki, Kəngərlini görməyib, amma qəlbi orada yaşamaq həvəsi ilə doludur: “Böyüklər tez-tez Ağdamdan danışırlar. Mən də o yerləri görmək istəyirəm. Deyirlər çox gözəldir, təbiəti, havası başqadır. İndi isə artıq orada oxumaq imkanım olacaq. Həyəcanlıyam və çox sevinirəm”.
R.Məmmədli deyib ki, dərslərində yaxşı oxumağa, savadlı vətəndaş olmağa çalışacaq: “Mən çalışacağam ki, yaxşı təhsil alım və gələcəkdə elə Ağdamda işləyim, insanlara xidmət edim”.
O, həmçinin şəhidlərimizə rəhmət diləyib, qazilərə cansağlığı arzu edib.
“Doğma yurda qayıtmaq, illərlə həsrətini çəkdiyim torpaqlara ayaq basmaq mənim üçün böyük xoşbəxtlikdir. Daha da sevindirici hal odur ki, orada sakinlər üçün yüksək səviyyədə şərait yaradılıb. Dövlətimizin diqqəti və qayğısı hər yerdə hiss olunur”.
Bunları Kəngərli kəndinə köç edən keçmiş məcburi köçkün Allahverdi Rüstəmov deyib.
O bildirib ki, kənddə qurulan yeni evlər, infrastruktur, məktəb və digər sosial obyektlər sakinlərin rahat yaşayışı üçün yaxşı imkan yaradır: “Kəndimizə getmişəm, həm özüm görmüşəm, həm də qohumlardan eşidirəm - hər şey çox yaxşıdır. Evlər tam təmirli və rahatdır. Su, işıq, yol var. Hər şey üçün minnətdarıq. Bu torpaqlara qayıtmaq arzusu ilə illər keçdi, bu gün isə artıq reallıqdır”.
Allahverdi Rüstəmov göstərilən yüksək diqqətə görə minnətdarlıq edib: “Ali Baş Komandanımıza, Ordumuza, şəhidlərimizə və qazilərimizə sonsuz təşəkkür edirəm. Onların sayəsində həsrətimizə son qoyuldu”.
Artıq Kəlbəcər də “Böyük Qayıdış”a hazırlaşır və şəhərə köçəcək ailələr arasında püşkatma da keçirilib. Püşkatma zamanı ailələrin hansı binada və mənzildə yaşayacağı müəyyənləşdirilib. Məlumata görə, ilk mərhələdə Kəlbəcərə 81 ailə köçəcək. Həmin ailələr şəhərin mərkəzində dördmərtəbəli üç binaya köçürüləcək.
Kəlbəcər yolunu gözləyənlər arasında 113 yaşlı Xeyrənsə Baxşalıyeva da var. O, 1 aprel 1913-cü ildə Kəlbəcər şəhərində doğulub. Ailəsinin verdiyi məlumata görə, Xeyrənsə nənə şəhər işğaldan azad olunan gündən indiyədək Kəlbəcərə köçü səbirsizliklə gözləyib.
“4 il idi ki, anam bu günü gözləyirdi. Püşkatma olanda və gedəcəyimiz dəqiqləşəndə Tərtərə getdi ki, yolu qısalsın”.
Ömrünün 30 ilini Kəlbəcərdən uzaqda yaşayan Xeyrənsə nənə doğma yurda qayıdacağı xəbərini eşidən kimi Bakıda qala bilməyib, Tərtərə gedib.
Qeyd edək ki, Xeyrənsə Baxşalıyeva Kəlbəcərdən məcburi köçkün düşərkən 80 yaşı olub.
Onu da bildirək ki, iyulun 15-dən sonra Kəlbəcərə ilk köç karvanının yola salınacağı barədə məlumatlar yayılıb.
Qeyd edək ki, hazırda Qarabağda və Şərqi Zəngəzurda, ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgədə aparılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 43 mindən çox insan yaşayır.
Tehsil-press.az