
Rusiyada təxminən 2 milyona yaxın azərbaycanlı yaşayır. Onların çoxu ölkədə dolanışıq imkanına malik olmadıqları üçün müvəqqəti olaraq ora gedənlərdir. Rusiyada miqrantlarla bağlı qanunların sərtləşməsi və Yekaterinburqda baş verənlər azərbaycanlıların mümkün qayıdışını yenidən gündəmə gətirib.
Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev baş verən hadisəyə münasibət bildirərkən deyib ki, işgəncə verməklə insanların vəhşicəsinə qətlə yetirilməsi hansısa dairələr tərəfindən sanksiyalaşdırılıb: “Məqsəd azərbaycanlılar arasında qorxu yaratmaq, Azərbaycanı aşağılamaqla dövlətlərarası münasibətlərə ziyan vurmaqdır. Rusiyada Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsindən və Rusiya Prezidentinin Ermənistan tərəfdən 44 günlük savaşa qatılmamasından narazı qalan qüvvələr var. Həmin dairələr bu ağır qətli sifariş etməklə həm də Azərbaycana ismarış göndərmək istəyirlər ki, azərbaycanlıları Rusiyadan qovub, Azərbaycanda müəyyən sosial gərginlik yarada bilərik. Konstitusiyamızın 31-ci maddəsinin 4-cü hissəsində düzünə göstəriş var ki, Azərbaycan Respublikasının vətəndaşlarının hər zaman maneəsiz öz ölkəsinə qayıtmaq hüququ var. Heç bir əsasla bu hüquqdan istifadə məhdudlaşdırıla bilməz. Quru yolla vətəndaşlarımızın vətənlərinə qayıtmalarına icazə verməməyimizdən istifadə edən Rusiya onları mənən sındırıb müharibəyə göndərir. Mən iqtidarı növbəti dəfə vətəndaşlarımızın ölkəyə girişini məhdudlaşdırmamağa çağırıram”, - deyə deputat bildirib.
Xalq yazıçısı Sabir Rüstəmxanlı da baş verən son hadisəni kəskin pisləyib: “Rusiya 100 illər boyu türkləri sevməyib. Türk düşmənçiliyi Rusiyanın psixologiyasındadır. Xalqımız yaşananlardan bir nəticə çıxarmalıdır. Rusiya öz qardaşı Ukrayna ilə savaşan dövlətdir. Onun torpaqlarını işğal etmək istəyir. Bizim Rusiyadakı gəncləri zorla müharibəyə aparmaq istəyirlər. Mən səsləyirəm ki, onlar vətənə qayıtsınlar. Ölümlə, vəhşiliklə qarşılaşmaq riski var”.
Milli Məclisin deputatı Azər Allahverənov hesab edir ki, Rusiyada antimiqrant əhval-ruhiyyəsi üzərində köklənmiş ideoloji xətt sonrakı mərhələdə miqrantlara qarşı davranışda özünü göstərir. “Yeni Müsavat”a şərhində deputat xatırlatdı ki, “Krokus Siti”də baş vermiş terror hadisəsindən sonra bəzi şəhər və vilayətlərdə qanunsuz miqrantlara qarşı həyata keçirilən tədbirlər kəskin formada icra olunur: “2024-cü ilin aprel ayında Kazan şəhərində qırğız miqrantlara qarşı aparılan tədbirlər nəticəsində polis bölməsində vəfat edən qırğızla sərt davranılmışdı. Bu da ondan xəbər verir ki dövlətin miqrantlarla bağlı yanaşması kifayət qədər kəskindir. Bu kəskinlik zaman-zaman bu və ya digər hadisələrdə büruzə verir. Miqrantların ölkə ərazisində qalması, əmək fəaliyyəti ilə məşğul olması ilə bağlı bir çox narahatedici məqamlar büruzə verməkdədir. Yekaterinburqda baş vermiş hadisə də bu qəbildəndir. Azərbaycanlı miqrantlarla bağlı mənfi mühitin formalaşdığını görürük.
Digər şəhərlərdə də azərbaycanlı miqrantların çalışdığı ticarət obyektlərinə basqınlar edilir, miqrantlara güc tətbiq edilir. Rəsmi Moskva prosesi hüquqi müstəviyə keçirməyə çalışsa da, zamanında münasibətlərin gərginləşməsinə hesablanmış ideoloji müdaxilə, xüsusilə anti-miqrant əhval-ruhiyyəsi üzərində köklənmiş ideoloji xətt sonrakı mərhələdə miqrantlara qarşı davranışda özünü göstərir. Bəzi ölkələrdə miqrantlara münasibət özünü daha sərt formada büruzə verir. Miqrantların sonrakı mərhələdə öz ölkələrinə qayıtması da müşahidə olunur. Təxmin etmək olar ki, azərbaycanlı miqrantlara qarşı kampaniya dərinləşsə, bu, Rusiyada əmək fəaliyyəti ilə məşğul olan azərbaycanlıların bu ölkədə uzun müddət qalma qərarlarına təsir edə bilər. Ola bilər ki, soydaşlarımız Azərbaycana qayıtmaq barədə dərhal qərar qəbul etmədilər, amma baş verənlər müəyyən tərəddüdlərin formalaşması üçün əsas yaradır. Ümid edirik ki, kampaniya uzun müddət davam etməyəcək və kütləvi axına səbəb ola biləcək hal yaşanmayacaq".
A.Allahverənov vurğuladı ki, 2025-ci ilin yanvar ayında Rusiya rəsmi orqanlarının yaydığı məlumata əsasən, bu ölkədə yaşayan azərbaycanlıların sayı 300 minə yaxındır: “Onlar miqrasiya uçotunda olan şəxslərdir. Təqribən 100 min miqrant isə Rusiyada qanunsuz əsaslarla yaşayır. Bundan əlavə, 2 milyondan çox azərbaycanlı isə Rusiya Federasiyası vətəndaşıdır, başqa sözlə ifadə etsək, cəmiyyətə tam inteqrasiya olmuş şəxslərdir. Bu da o deməkdir ki, onların bütün fəaliyyəti bilavasitə Rusiya ilə bağlıdır. Hadisələrin gedişatını zaman göstərəcək, əgər miqrantlara qarşı kampaniya dərinləşsə, müəyyən qədər axın olacaq, amma bunun kütləvi şəkil alması gözlənilən deyil. İndiki vəziyyətdə 100 minə qədər qanunsuz miqrantın ölkə ərazisini tərk edəcəyi dəqiqdir. Qanuni əsaslarla yaşayanların bir qisminin də Azərbaycana qayıtması mümkündür”.
Yeri gəlmişkən, Solovyov yenə Azərbaycana qarşı hədələr səsləndirib. Deyib ki, Azərbaycan pomidorunu Rusiyada sata bilməsə, çıxılmaz vəziyyətdə qalacaq.
İqtisadçı Natiq Cəfərli deyib ki, 5100 nüvə başlığı, 17 mln. kv.km ərazisi olan ölkənin bu cür təhdidi gülüş doğurur: “Məhz belə bəsit olduqlarına görə nüvə bombalarına, raketlərinə, ərazisinin böyüklüyünü baxmayaraq, Rusiya cılızdı, kiçikdi, heç vaxt sözün siyasi, iqtisadi, mənəvi mənasında böyük ölkə ola bilməyəcək”.
Ekspert xatırladıb ki, 2025-ci ilin ilk 5 ayında Azərbaycan Rusiyaya 445 mln. dollarlıq mal satıb, Rusiyadan isə 1,7 mlrd. dollarlıq mal alıb: “Rusiya bizə bizim onlara satdığından 3-4 dəfə çox mal satır. Yəni ticarət onlara daha çox sərf edir, bunu belə anlamırlar, amma biz istənilən halda yeni bazarlara çıxmağı bacarmalıyıq, əsas da Körfəz ölkələrinə və Orta Asiya respublikalarına ixracatımızı artırmalıyıq.
Pomidor məsələsi də belədir - ölkə olaraq bu ilin ilk 5 ayında 113 mln. dollarlıq 98,5 min ton pomidor satmışıq ki, Rusiyaya ixrac dəyəri təqribən 1 dollar 15 sentə düşür, Körfəz ölkələrində Azərbaycan pomidoru keyfiyyətində tomat yoxdur, ortalama qiymət isə 2 dollar civarındadır. Niyə, məsələn, ərəblərə satmayaq ki?!"
Tehsil-press.az