Bu ixtisası bitirənlər iş tapa bilmir - Plan yerləri azaldılsın!

Bu ixtisası bitirənlər iş tapa bilmir - Plan yerləri azaldılsın! Bir çox abituriyent sadəcə keçid balı aşağı olduğu üçün Regionşünaslıq ixtisasını seçirlər. Lakin əksəriyyəti bu sahəni bitirdikdən sonra harada və hansı peşə üzrə çalışacaqlarını dəqiq bilmirlər. Bu isə onu "naməlum gələcəyə malik" ixtisaslardan birinə çevirir.

Düşündürücü sualdır ki, bu sahənin gələcəyi varmı, yoxsa bu ixtisas sadəcə formal xarakter daşıyır?

Mövzu ilə bağlı elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev ilə həmsöhbət olub

Müsahibimiz bildirib ki, sırf keçid balı aşağı olduğu üçün bu ixtisasa qəbul olan tələbələrin gələcək taleyi naməlum qalır

"Regionşünaslıq ixtisasının keçid balının aşağı olmasının bir neçə əsas səbəbi var. İlk olaraq deyə bilərik ki, burada tələb və təklif bir-birini tamamlamır. Məşhur universitetlərin birində 10 Cənubi Amerika ixtisası üzrə plan yeri ayrılır. Bu qədər plan yerinə ehtiyac yoxdur. Bu ixtisası 10 il ərzində 1 nəfər oxusa, kifayətdir. Yəni bir ildə 10 nəfərin oxumasına ehtiyac yoxdur. Çünki bu sahə üzrə iş mühiti qısıtlıdır".

Bu ixtisas çox vaxt abituriyentin kənarda qalmaması üçün seçilir

"Bu ixtisasın keçid balı 200 bal civarında və daha aşağıdır. Valideynlər ixtisas seçimi zamanı övladlarının gələcək perspektivinə uyğun olaraq ixtisas seçməlidirlər. Abituriyentin balı aşağı olsa da, elə ixtisaslar seçilə bilər ki, onlar peşə yönümlü olar və bu da onların iş həyatına daha tez atılmalarına, rahatlıqla iş tapmalarına kömək edər".

Sözügedən ixtisasda təhsil alan tələbələrin nə ilə məşğul olacağı və harada işləyəcəyi müşkül məsələdir

"Fikrimcə, bu təkcə valideynlərin qərarı olmamalıdır. Dövlət də həmin ixtisaslara ayrılan yerlərin kifayət qədər azaldılmasına və bununla yanaşı tələbat olan ixtisasların sayının artırılmasına diqqət yetirməlidir. Çünki bu ixtisasa təsadüfən düşən abituriyentlər var. Ancaq bu ixtisas üzrə oxumaq üçün xüsusi bilik, bacarıq, həmçinin coğrafiya biliklərinə sahib olmaq, regioşünaslıq istiqamətində olan fənləri mənimsəmək və peşəkar ixtisasçı olmaq lazımdır.

İstəmədən, sırf keçid balı aşağı olduğu üçün qəbul olan tələbələrin gələcək taleyi naməlum qalır. Onların nə ilə məşğul olacağı və harada işləyəcəyi müşkül məsələdir. Bəziləri müəyyən səfirliklərdə çalışa bilərlər, təbii ki, bu imkanlar da kifayət qədər məhduddur".

Tehsil-press.az

Oxşar xəbərlər