Xəzər Universiteti Giresun Aksu Festivalında

Xəzər Universiteti Giresun Aksu Festivalında Xəzər Universitetinin Mahnı və Rəqs Ansamblı Kahramanmaraşdakı konsertlərini bitirdikdən sonra Giresun şəhərinə hərəkət etdi.
Mayın 18-də Xəzər Universitetinin kollektivi 11 saatlıq yolu qət edərək, gecə saatlarında Giresuna yetişdi. Giresun Bələdiyyəsinin nümayəndəsi Murat Akın Xəzər Universitetini qarşıladı və yeməyə dəvət etdi. Giresin Valiliyi və Giresin Bələdiyyə Başkanlığının dəvəti ilə ilk dəfə olaraq Azərbaycanı Aksu Festivalında Xəzər Universiteti təmsil edəcəkdi. Bu il 39-cu Beynəlxalq Aksu Festivalı keçiriləcəkdi. Giresun Qara dənizin sahilində yerləşən bir liman şəhəridir. Xəzər Universiteti festivala iştirakçı sayına görə ən böyük heyətlə qatılırdı. Festivalda Gürcüstan, Makedoniya, Türkiyə, Slovakiya, KKTC və digər dövlətlər iştirak edirdilər. Xəzər Universitetinin kollektivi üçün Türkiyənin ən böyük “12 dev adam” basketbol komandasının avtobusu ayrılmışdı. Qrupu Giresun Aksu Festivalında Giresun Bələdiyəsi tərəfindən təyin olunmuş İstiqlal Ay, Elif Atlı, Eftal Özdemir müşayiət edirdilər. Xəzər Universiteti Qara dənizin sahilində yerləşən “Amazon” otelində yerləşdirildi.
Proqrama uyğun olaraq, mayın 19-da 39-cu Beynəlxalq Giresun Aksu Festivalının yürüşü üçün hazırlıq işləri görülməli idi. Bununla əlaqədar, universitetin qızlardan və oğlanlardan ibarət rəqs qruplarının milli geyimdə yürüşə qatılması qərara alındı. Dövlətin və universitetin bayraqları, ad yazıları olan banerlər yürüş üçün hazırlandı. Xəzər Universiteti festivala ilk dəfə qatıldığı üçün öz ölkəsini və universiteti laqiqincə təmsil etməyi düşünürdü. Yürüşə saat 18:00-da start verildi. Giresunun mərkəzi sayılan Yeniyol-Debboy-Qazi prospektlərindən keçərək, Atatürk Meydanına kimi, təxminən 2 km yol qət edilməli idi. Yürüş başlayar-başlamaz “Azərbaycan-Türkiyə”, “Şəhidlər ölməz-Vətən bölünməz” şüarları qrupumuz tərəfindən səsləndirilməyə başlandı. Şüarlarımız bütün Giresunu bürümüşdü. Yol boyu binaların balkonlarından, mağazalardan hər kəs bizə qoşulurdu. Azərbaycan-Türkiyə bayraqları dalğalandıqca, giresunlular bizə –Azərbaycana əl işarələri ilə sevgilərini ifadə edirdilər. Vətəndaşlar Xəzər Universitetinin qrupu ilə xatirə şəkilləri çəkdirmək üçün növbəyə dururdular. Yürüşün bu qədər möhtəşəm və diqqətçəkən olacağını düşünməmişdik. Yürüşdən sonra Giresun Bələdiyyəsinin başqanı adından festivalda iştirak edən qonaqların şərəfinə ziyafət verildi.
Mayın 20-də səhər saat 10-da Giresun Bələdiyyəsinin qarşısında yerləşən Atatürk Meydanındakı Atatürk heykəli önündə əklil qoyulma mərasimi oldu. Sonra Giresunun mərkəzi stadionunda 39-cu Beynəlxalq Giresun Aksu Festivalının rəsmi açılışı oldu. Giresun Bələdiyyəsinin başqanı Kərim Aksu açılış nitqi söylədi və festivalda iştirak edən dövlətlərin nümayəndələrini səmimi salamladı.
Proqrama görə, festivalın 1-ci günü Azərbaycan (Xəzər Universiteti) səhnəyə ən sonuncu çıxacaqdı. Makedoniya, Gürcüstan, KKTC, Bosniya, Slovakiya və digər ölkələrin nümayəndələri növbə ilə çıxışlarını etdilər. Səhnəyə Azərbaycan dəvət edildi. Bütün qruplara olduğu kimi, Azərbaycan adından festivalda iştirak edən Xəzər Universitetinə də 10 dəqiqə vaxt verilmişdi. Azərbaycan təmsilçilərinin (“xəzərli”lərin) ilk rəqsindən sonra bütün televiziya kanalları bizimlə görüşmək və müsahibə almaq üçün qrup rəhbərlərinə doğru yönəldilər. Tamaşaçıların uzun sürən alqışları bizləri çox sevindirirdi. Qeyd etmək istərdik ki, Aksu Festivalı canlı olaraq Kanal 24, Kanal G (Giresun), Mavi Karadeniz, Kanal A televiziyaları vasitəsilə yayımlanırdı. TV-lərə müsahibə verdik. Tələbələrimizin uğurlu çıxışı hər kəsin ürəyincə olmuşdu. Bu bizi çox sevindirirdi. Həmin gün festival proqramının 2-ci hissəsi Giresunun ən yüksək zirvəsi sayılan, giresunluların istirahət mərkəzi olan Giresun Qalasında olacaqdı. Giresun Qalasında digər ölkələrdən fərqli olaraq proqramımızı və geyimlərimizi tamamən yenilədik. Rəqs müəllimlərimiz Telman Əliyevin, Səbinə İsmayılovanın və proqramın musiqi rəhbəri Zülfiyyə Sadıqovanın dəstəyi ilə rəqs qruplarımız Giresun Qalasında 4-cü sırada səhnəyə çıxacaqdı. Bunun üçün vaxtımız çox az idi. Amma qala meydanında toplaşanların danışıqlarından bəlli olurdu ki, meydana gələnlər Azərbaycan qrupunun çıxışlarını gözləyirdilər. Azərbaycanın adı elan olunduğu zaman sürəkli alqışlar sədası altında tələbələrimiz meydana daxil oldular. Bütün vətəndaşlar, böyüklü-kiçikli “Tello” rəqsini rəqs kollektivimizlə birlikdə rəqs edirdilər.
Azərbaycan qrupunun festivalda iştirakı canlı yayımlanan Aksu Festivalına çox böyük maraq yaratmışdı. Televiziya nümayəndələri bunu nəzərə alaraq, Xəzər Universitetinin rəqs qrupları üzvlərini iki gün sonra televiziyaya canlı proqrama dəvət etdilər. Lakin geri dönüşümüzlə əlaqədar bizim buna imkanımız olmadığı üçün onlara təşəkkür etdik. İkinci proqramdan sonra Giresunda tam məşhurlaşmışdıq. Artıq qarşılaşdığımız hər kəs bizimlə əl verib görüşür, gözəl çıxışlarımıza görə təbrik edirdilər. Həmin gün axşam yeməyindən sonra festivala gələn qonaqların şərəfinə əyləncəli proqram təşkil edildi. Xəzər Universitetinin tələbələri gecə yarısına kimi əyləndilər.
Mayın 21-də, proqrama uyğun olaraq, bütün qruplardan 4 nəfər olmaqla, Giresun Bələdiyyəsinin başqanı Kərim Aksunu iş yetrində ziyarət etdik. Azərbaycanı təmsil etdiyimiz üçün, Giresun Bələdiyyəsi tərəfindən bizə göstərilən diqqətə görə universitet adından bələdiyyə başqanına təşəkkür etdik, ona universitet adından qiymətli hədiyyə təqdim etdik. Bələdiyyə başqanını ziyarət etdikdən sonra Atatürk meydanında təşkil ediləcək sonuncu proqramda iştirak etmək üçün hazırlıqlara başladıq. Artıq Atatürk meydanı giresunlularla dolmuşdu. Balkonlardan hər kəs Aksu Festivalının sonuncu rəqslərini izləmək üçün meydana toplaşmışdılar. Rəqs müəllimlərimizlə birlikdə rəqslərimizin siyahısını hazırladıq. Giresunluların da istəyini nəzərə alaraq, proqramda on dəqiqə yerinə 20 dəqiqəlik proqram olmaqla 7 rəqsi seçdik. Bütün rəqslərin də geyimləri hər rəqsə uyğun olaraq dəyişdirilməli idi. Bunun üçün bələdiyyənin bir otağını oğlanlara, “12 dev adam” avtobusunu isə qızlara soyunub-geyinmək yeri kimi hazırladıq. Proqramda bizim çıxışımız altıncı sırada idi. Aparıcı Azərbaycandan gələn nümayəndələrin çıxışını elan etdiyində, hər yeri alqış sədaları bürüdü. Rəqqas qızlarımız türk və hind rəqsləri ilə giresunluları ovsunladılaır. Oğlanlardan və qızlardan ibarət ibarət rəqs qruplarımızın ifasında “Çobanlar” , “Qazax”, “Özbək”, “Tello” və son olaraq “Yallı” rəqsi giresunluların sürəkli alqışlarına səbəb oldu. Aparıcı tamaşaçıların alqışlarını nəzərə alaraq, məndən əlavə olaraq bir neçə nömrə göstərməmizi xahiş etdi. Müəllimlərimizlə belə qərara gəldik ki, öncə “Qaytağı” rəqsi, sonra isə Musa Abdulla “Sarı gəlin”i ifa etsin, rəqs müəlliməsi Səbinə İsmayılova da eyni musiqinin sədaları altında rəqs etsin. 15 dəqiqə sonra aparıcı “Qardaş Azərbaycan” deyərək, 2-ci dəfə bizi səhnəyə dəvət etdi. Rəqqas oğlanlarımız “Qaytağı” rəqsini məharətlə ifa etdilər. Alqışlar kəsilmirdi. Ardınca səhnəyə Musa Abdulla qara kostyum, sarı qalstukda (“O səs Azərbaycan” yarışmasının final iştirakçısı) və Səbinə İsmayılova sarı milli rəqs kostyumunda səhnəyə çıxdılar. “Sarı gəlin” ifası və onunla birlikdə rəqs kompozisiyası giresunluları heyran etdi. Doğrusunu desək, biz də bu nömrənin bu qədər uğurlu alınacağını heç gözləmirdik. “Sarı gəlin” mahnısını vətəndaşlar da bizimlə birlikdə ifa edirdilər. İnsanlar o anı yaddaşa almaq üçün səhnəyə kimi yürüyürdülər. Hətta Təhlükəsizlik Xidmətinin əməkdaşları belə izdihamının önünə keçə bilmirdilər. Amma vətəndaşların Azərbaycana olan sevgisini anlayışla qarşılayırdılar. Atatürk meydanında həyata keçirilən Aksu Festivalını 5 televiziya kanalı canlı olaraq yayımlayırdı. Müəllimlərimizin, tələbələrimizin uğurları bizi çox sevindirirdi. O anları canlı olaraq yaşadığımız üçün çox sevincli idik. Bu bizim kollektivimizin Giresunda son çıxışı idi. Axşam Giresundan Sarpa, oradan da Bakıya yola düşmək üçün otelə dönüb hazırlaşmalı idik.
Axşam saat 20:00-də əşyalarımızı toplayıb, dönüş üçün tam hazır idik. Giresun Bələdiyyəsinin nümayəndələri Hasan Özdemir, Murat Akın, Eftal Özdemir, Elif Atlı və digər nümayəndələr bizimlə vidalaşmaq üçün otelin qarşısında gözləyirdilər. Dostlardan ayrılmaq, əlbəttə, bizlər üçün də asan deyildi. Amma yeni səfərlər üçün Bakıya –Xəzər Universitetinə dönməli idik. Avtobusumuz Sarpa doğru hərəkət etdi. Gecə saatlarında “Sınıq körpü” gömrük qapısına yetişdik. Gömrük qarşısında Azərbaycanın möhtəşəm üçrəngli bayrağı əzəmətlə dalğalanırdı. Gürcüstan gömrüyündə yaşadığımız kiçik bir insidenti unutmaq üçün tələbələrimizlə o bayrağın qarşısında xatirə şəkilləri çəkdirdik. Yolboyu avtobusda Türkiyə ilə Azərbaycan arasında tarixən yaradılmış “acı bağırsaqları” nə vaxt kəsib atacağımızı düşünürdüm. Bu arzularla Bakıya, doğma universitetimizə yetişdik. Yorğun, amma böyük sevinclə...


Metbuat və İnformasiya Şöbəsi

Oxşar xəbərlər