BDU-nun Geologiya fakültəsində şəhidlərin xatirəsi anılıb

BDU-nun Geologiya fakültəsində şəhidlərin xatirəsi anılıb Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsində “BDU könüllüləri” təşkilatı və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr olunmuş “Səssiz qəhrəmanlar, sözsüz fəryadlar” adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Geologiya fakültəsinin dekanı, dosent Mamoy Mansurov sentyabrın 27-sinin Azərbaycan xalqının mübarizə tarixində dönüş nöqtəsi olduğunu qeyd edib. O, Vətən uğrunda canından keçən şəhidlərin xalqımız üçün həm böyük hüzn, həm də fəxr mənbəyi olduğunu vurğulayıb: “Şəhidlərimizin fədakarlığı daim yaddaşlarda yaşayacaq və gənc nəslin milli ruhda formalaşmasında mühüm rol oynayacaq”.

BDU-nun Kristalloqrafiya, mineralogiya və geokimya kafedrasının müdiri, dosent Kərim Rəhimov Vətən müharibəsində əldə edilən möhtəşəm Zəfərin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şəhidlərimizin və qazilərimizin qəhrəmanlığı sayəsində mümkün olduğunu qeyd edib. O, bu Qələbənin Azərbaycan xalqının birliyi, dövlətin gücü və ordumuzun şücaəti nəticəsində qazanıldığını bildirib.

Vətən müharibəsi iştirakçısı Ruslan Əhmədov keçdiyi döyüş yolundan və xatirələrindən söz açıb.

Sonra tələbələrin ifasında bədii hissə və Vətən müharibəsindən bəhs edən videoçarx nümayiş olunub.

Tehsil-press.az

Oxşar xəbərlər