VHP-nin təsis edilməsindən 33 il ötür

VHP-nin təsis edilməsindən 33 il ötür Bu gün Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) təsis edilməsindən 33 il keçir. 1992-ci il sentyabrın 26-da təsis qurultayını keçirən partiya ölkədə ciddi ictimai-siyasi qarşıdurmaların, iqtisadi xaosun, hakimiyyət uğrunda mübarizələrin və Birinci Qarabağ müharibəsinin kəskinləşdiyi bir vaxtda siyasi səhnəyə çıxıb.

Meydan Hərəkatının lideri Sabir Rüstəmxanlının sədrliyi ilə qurulan VHP-nin tarixi Azərbaycanın müstəqillik tarixi ilə paralel şəkildə inkişaf edib. Partiyanın yaranması Dövlət Müstəqilliyinin elanından bir il sonraya təsadüf etsə də, bu məqamı şərtləndirən yol 1988-ci ilin Meydan Hərəkatından başlayıb.

Partiyanın yaranmasına səbəb xarici amillərin təsiri ilə meydana çıxan real vətəndaş qarşıdurması təhlükəsi və Azərbaycanın gələcəyi üçün məsuliyyət hissi olub. Ötən 33 il ərzində VHP hər zaman bu məsuliyyəti və milli birliyi əsas prinsip kimi qoruyub.

Hazırda partiyanın respublikanın 84 bölgə və Naxçıvan Muxtar Respublikasında təşkilatları fəaliyyət göstərir. Onların tərkibində müxtəlif etnik və azsaylı xalqların nümayəndələri təmsil olunur. Partiyanın əsas nüvəsini gənclər təşkil edir.

Təsis olunduğu ildən parlamentdə təmsil olunan VHP bu gün demokratik qüvvələr düşərgəsində ön sırada dayanır. Müstəqillik dövründə keçirilmiş bütün parlament və bələdiyyə seçkilərində iştirak edən VHP uğur qazanaraq parlamentdə hakim partiyadan sonra ikinci sırada qərarlaşıb. Seçkili orqanlarda təmsilçiliyi və ictimai nüfuzu ilə ölkənin aparıcı siyasi partiyalarından biri kimi tanınır.

Bu gün ölkədə siyasi partiyaların irəli sürdüyü ideoloji sistem VHP-nin 33 il əvvəl ortaya qoyduğu ideologiyanın doğruluğunu və müasirliyini təsdiqləyir. Siyasi leksikona “Vətəndaş Həmrəyliyi” ifadəsini də məhz VHP gətirib.

VHP-nin əsas hədəfləri isə Azərbaycanın iqtisadi yüksəlişi, insan haqlarına və söz azadlığına dəyər verilən demokratik bir cəmiyyətin qurulması olaraq qalır.

Nicatımız – Vətəndaş Həmrəyliyindədir!

Tehsil-press.az

Oxşar xəbərlər