Medianın İnkişafı Agentliyinin Hüquq şöbəsinin müdiri Adil Tağıyev qeyd edib ki, “Konstitusiya və Suverenlik İli” çərçivəsində Agentlik tərəfindən gənclər arasında maarifləndirici təşəbbüslərə xüsusi önəm verilir. Tələbələr üçün keçirilən seminarlar, təlimlər və müxtəlif layihələr Konstitusiyanın mahiyyəti, insan hüquqlarının qorunması prinsipləri və konstitusion dəyərlərin ictimaiyyətə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Medianın İnkişafı Agentliyinin Müşahidə Şurasının üzvü, Jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev Konstitusiyanın yalnız hüquqi sənəd deyil, eyni zamanda dövlətçilik ideologiyasının, milli dəyərlərin və demokratik cəmiyyət quruculuğunun əsasını təşkil etdiyini bildirib: ““Konstitusiya və Suverenlik İli” çərçivəsində belə master-klasların təşkili gənclərin hüquqi biliklərinin artırılmasına, konstitusion dəyərlərin daha dərindən mənimsənilməsinə və onların vətəndaşlıq məsuliyyətinin gücləndirilməsinə mühüm töhfə verir”.
Daha sonra mühazirə ilə çıxış edən Bakı Apellyasiya Məhkəməsinin hakimi Xəyalə Cəmilova diqqətə çatdırıb ki, Konstitusiyanın qəbul edilməsi müasir Azərbaycan dövlətçiliyinin hüquqi təməlinin formalaşmasında həlledici rol oynayır. Bu il Konstitusiyamızın qəbul edilməsinin 30, tarixi qələbəmizin və dövlət suverenliyimizin bərpa edilməsinin 5-ci illiyində sözügedən dəyərlərin gənc nəsil arasında təbliği və hüquqi maarifləndirmənin gücləndirilməsi prioritet məsələ kimi diqqətdə saxlanımalıdır.
Sonda tələbələrin iştirakı ilə interaktiv müzakirə aparılıb, insan hüquqlarının qorunması və jurnalist fəaliyyətində hüquqi yanaşmalarla bağlı müxtəlif suallar cavablandırılıb.
Tehsil-press.az