Azərbaycanda patentləşdirilmiş özünəməxsus adı ilə dövriyyəyə daxil edilmiş dərman vasitələri, yəni orijinal dərman vasitələri qeydiyyata alınır. Bu fikirləri Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin Dərman vasitələrinin qeydiyyatı-ekspertiza şöbəsinin müdir müavini Azər Həsənov Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində səsləndirib. Dərman vasitələrinin dövlət qeydiyyatı necə keçirilir? Hansı dərmanlar dövlət qeydiyyatına alınır?Mövzu ilə bağlı tibbi məsələlər üzrə ekspert,həkim - terapevt Cəmşid Ağayev açıqlamasında deyib ki, Azərbaycanda dərman vasitələrinin qiyməti məlum olduğu kimi, Tarif Şurası, referans qiymətləndirmə metodu ilə qiymətlərin yuxarı həddini müəyyən edir. Keyfiyyətin təmin olunması üçün istehsal yerləri və idxal prosesləri üzrə isə Analitik Ekspertiza Mərkəzi tərəfindən nəzarət aparılır.
Ekspert onu da vurğulayıb ki, nisbətən ucuz və keyfiyyətli dərman preparatlarını əsasən lisenziyalı və qeydiyyatdan keçmiş dərman vasitələrinin satıldığı yerlərdən əldə etmək mümkündür. Saxtalaşdırılmış və ya qeydiyyatsız dərmanlardan istifadə risklidir. Tənzimlənməsinə baxmayaraq, bəzi hallarda apteklərdə dərmanlar baha satılır. Və ya digər apteklərlə müqayisədə qiymətlərdə fərqliliklər müşahidə olunur.
Həmsöhbətimiz ona da diqqət çəkib ki, regionlarda və xüsusilə də kənd yerlərində dərman çatışmazlığı, müəyyən dərmanların tapılmaması problemi var. Bəzi insanlar indi internet vasitəsilə dərman almağı doğru hesab edirlər. İnternet vasitəsilə dərman aldıqda qeydiyyatsız və keyfiyyətsiz məhsul alma riski var. Aptekə gedərkən dərmanın qeydiyyatdan keçmiş olduğuna, Azərbaycan dilində istifadə təlimatının olub-olmadığına baxın. Resept tələb edilən dərmanlar üçün həkimin yazdığı resepti göstərin.
Ekspertin qənaətinə görə, reseptsiz dərman almaq yolverilməzdir. Aptekdə təklif olunan qiymətlərlə rəsmi qiymət siyahısını müqayisə edə bilərsiniz. Dərmanın keyfiyyəti ilə bağlı sizdə şübhə yaranarsa o zaman həmin dərmanın qeydiyyatı, istehsal tarixi, qablaşdırma vəziyyəti və tanınmış istehsalçı olmasını dəqiqləşdirmək lazımdır.
"Ümumilikdə Azərbaycanda dərman qiymətlərinin dövlət tərəfindən qiymət tənzimlənməsi, keyfiyyətə nəzarət sistemləri mövcuddur. Lakin alıcı olaraq siz diqqətli olmalı, yalnız etibarlı mənbələrdən istifadəyə üstünlük verməlisiniz",- deyə ekspert qeyd edib.
Tehsil-press.az













