Amerika Birləşmiş Ştatlarına səfərimin ilk günü şatdaun təsirlərini hiss etməklə başladı. Belə ki, şatdaun səbəbindən Birləşmiş Ştatlarda yalnız dünən 7200-dən çox reys yubandı və 2200 reys ümumiyyətlə təxirə salındı. Yubanan reyslər siyahısında sərnişini olduğum Çikaqo-Seynt Louis reysi də var idi.Bu sözləri millət vəkili Vüqar Bayramov qeyd edib.
O bildirib ki, son 2 günün həftəsonuna təsadüf etməsinə baxmayaraq, ABŞ qanunverici orqanları iclaslarını davam etdiriblər:
“Nəticədə, ABŞ federal hökumətinin hazırda qismən dayandırılmış fəaliyyətinin yenidən bərpasına yönəlik qanun layihəsi Senatda prosedur səsverməsindən keçdi. Sənəd 60 senator tərəfindən dəstəklənsə də, 40 nəfər əleyhinə səs verib. Bununla belə, 60 səs büdcə layihəsinin qəbul edilməsi üçün kifayət edib. Razılaşmaya əsasən, yanvarın 30-dək hökmətin maliyyələşməsi davam etdiriləcək. Prosesin bir neçə gün ərzində başa çatacağı gözlənilir. Bununla yanaşı, şatdaunun nəticələrinin tam aradan qaldırılması üçün hələ müəyyən zamana ehtiyac olacaq.
İlkin qiymətləndirmələrə görə, ABŞ-dakı şatdaun Birləşmiş Ştatlar iqtisadiyyatına həftəlik 16 milyard dollar ziyan vurur. Bu, 30 trilyon dollardan artıq iqtisadiyyata malik olan ölkə üçün böyük rəqəm olmasa da, iqtisadiyyatın fərqli sahələrinə təsirsiz ötüşmür. Bu, eyni zamanda, 670.000 federal işçinin məzuniyyətə göndərilməsi və 730.000 nəfərin maaşsız işləməsi deməkdir.
Bütün bunlarla yanaşı, bu gün ABŞ-da yeni iş həftəsi başlayır. ABŞ vətəndaşları çətinliklərin bu həftə geridə qalacağına inamlıdırlar”.
Tehsil-press.az









