Avropa Birliyindən növbəti riyakarlıq - Türkiyə 2030-dək...

Avropa Birliyindən növbəti riyakarlıq - Türkiyə 2030-dək... Birlik ən çox qaçqın məsələsinə görə Ankaradan ehtiyat edir; NATO-nun ikinci ordusuna sahib olan qardaş ölkə...

“Avropa Birliyinə (AB) 2030-cu ilə qədər yeni ölkələrin qoşulması mümkündür”.

Bu barədə AB-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib.

Diplomat vurğulayıb ki, bu dövlətlər arasında Albaniya, Moldova, Ukrayna və Monteneqro var.

Kaya Kallas əlavə edib ki, Ukraynanın AB-yə üzv olması həm də onun təhlükəsizliyi üçün vacib təminat rolunu oynamalıdır.

Bəs Türkiyə? Niyə o, siyahıda yoxdur? Nədən qardaş ölkə hələ ötən əsrdən, 25 ildən çoxdur ki, qapı arxasında gözlədilir?

Siyasi təhlilçi Sona Əliyeva söylədi ki, hazırda Azərbaycanın Avropa Birliyinə qatılması ehtimalı Türkiyədən daha çoxdur: “Türkiyə Avropa İttifaqı üzvlüyünə 1999-cu ildən namizəddir, amma hələ də birliyə qəbul edilmir. Bunun bəlli səbəbləri var. Əsas səbəb ondan ibarətdir ki, Türkiyə Avropa Birliyinə üzv qəbul olunsa, o zaman ittifaqın cənub sərhədlərində platsdarm və ya bufer zona olmayacaq. Yəni Yaxın Şərqdən gələn məcburi köçkünlər çox rahatlıqla Türkiyə vasitəsilə Avropaya ayaq aça biləcəklər. Hətta Qərb institutları və beyin mərkəzləri qorxurlar ki, gələcəkdə Ankara qaçqın kartından birliyin özünə qarşı təsir vasitəsi kimi istifadə etsin. Digər tərəfdən, Türkiyə Osmanlı İmperiyasının varisidir. Avropa İttifaqının mərkəzinə, Vyanaya qədər Osmanlı mədəniyyəti mövcud olub. Qərb isə Avropa İttifaqının Osmanlı Birliyinə çevriləcəyindən çəkinir. Tarixi kontekstdə baxsaq, Qərb davamlı olaraq Osmanlı İmperiyası ilə mübarizə aparıb və onu parçalayaraq məhv etməyə çalışıb. Bu rəqabət və qarşılıqlı əlaqə bu günə qədər davam edib. Aİ yarandığı ilk gündən etibarən Türkiyə bu ittifaqa üzv olmaq üçün böyük səylər göstərib. Xüsusilə Ərdoğan hökuməti iqtidara gələndən sonra bu səylərini mütəmadi olaraq artırıb, ancaq Aİ hər fürsətdə Türkiyənin istəyinə etiraz edib. İndi isə Rusiya-Ukrayna böhranı və ABŞ-nin Ukrayna ilə bağlı hazırkı mövqeyi Avropa İttifaqı üçün yeni təhlükəsizlik axtarışlarına yol açıb və Türkiyənin ittifaq üçün mühüm müdafiə mexanizmi olduğu gündəmə gətirilib. Həm Avropa İttifaqı, həm də Türkiyə bu yeni prosesi qiymətləndirmək üçün əllərində olan vasitələri səfərbər ediblər. Avropa İttifaqının yeni təhlükəsizlik alətləri Türkiyənin birliyə üzv olması üçün fürsət yaradıb, lakin Türkiyənin əvvəlcə Aİ ilə problemlərini həll etməsi, sonra isə imtiyazlı tərəfdaşlıq adı altında bu ittifaqa qoşulması mümkün ola bilər. Avropa İttifaqının təhlükəsizlik və sabitlik axtarışları və Amerikanın Ukrayna məsələsində Rusiya ilə razılığa gəlməyə çalışması birliyi çətin günlərə sürükləyib. Avropa İttifaqı Türkiyə ilə hərbi, təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlıq etmək istəyir. Bu, Avropa İttifaqı üçün son dərəcə vacib məsələdir”.

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev AB-nin Türkiyədən qorxma səbəblərini sadaladı: “Yaxın 5 ildə Avropa Birliyinə yeni dövlətlərin qoşulması ehtimalları ilə bağlı söhbətlər çoxdan gedir. Amma bunların əsasən Avropanın mərkəzində yerləşən, postsovet ölkələrinə aid olmayan ölkələrin olacağı da deyilirdi. Hətta onların belə hələ də Aİ tələblərinə cavab vermədiyi söylənilir. Moldova, Ukrayna, Gürcüstan və Ermənistanın, isə deyilən müddətdə Aİ üzvü olması mümkünsüz görünür. Təkcə Rusiya faktorunun bu ölkələrdə hələ də ciddi varlığını nəzərə alsaq, Aİ bu gedişatda gələcəkdə daxilində problemlər yaşanmasını istəmir. Əgər Rusiya-Ukrayna müharibəsində rəsmi Moskva ciddi şəkildə geri addım atarsa, bütün iqtisadi və hərbi gücünü mövcud sərhədləri daxilində sərf etmək qərarı alarsa və ən nəhayət, adıçəkilən postsovet respublikalarındakı maraqlarından birdəfəlik geri durarsa, o zaman bəlkə gələcəkdə həmin ölkələrin Aİ üzvü olmaq şansları yarana bilər. Bu prosesin içində Türkiyə tamam başqa cərgədə durur. Türkiyə uzun illər Aİ üzvüyü ilə bağlı danışıqlar aparırdı. Hər dəfə müxtəlif şərtlər, tələblər ortaya atmaqla Aİ rəhbərliyi müxtəlif bəhanələrlə prosesi uzatmağa cəhdlər edirdilər. Amma hər şeyin süni olmasını da gizlədə bilmirdilər. Nəhayətdə hələ illər öncə Aİ ölkələri liderlərindən bəziləri açıq şəkildə Türkiyənin quruma üzvü olmayacağını bəyan etdilər. Bundan sonra Türkiyə rəsmi şəkildə bu istiqamətdə gedən danışıqları dayandırdı. Son illərdə yenə əvvəlki proseslərlə bağlı vədlər verməklə danışıqları bərpa etməyə cəhdlər var. Amma rəsmi Ankara bu vədlərə hələ də inanmır. Ai ölkələrinin irəli sürdüyü şərtlər əslində bir bəhanədir. Onların qorxduğu Türkiyənin nüvə silahı istisna olmaqla, Avropanın ən güclü ordusuna sahib olmasıdır. Digər tərəfdən, Aİ üzvü olduğu halda 86 milyona yaxın əhali ilə birinci ölkə olmasıdır. Çünki bundan sonra Avropa parlamentinə keçiriləcək seçkilərdə ən çox kvota Türkiyəyə veriləcək. Bu gün də Türkiyə ilə yaxın münasibətləri olan Aİ ölkələrinin Ankara ilə birgə addımlaması ittifaq komissarlarının (nazirlərinin) təyin olunmasında türk dövləti həlledici rol oynayacaq. Nəhayət, Aİ üzvlüyündən istifadə etməklə milyonlarla türk vətəndaşının Avropanın müxtəlif ölkələrinə köçüb, iqtisadi prosesləri nəzarət altına alma bacarıqları da qoca qitəni qorxudan amillərdir”.

Tehsil-press.az

Oxşar xəbərlər