BDU-nun Prezident təqaüdçüsü üçün uğur formulu: “Çalışmaq, intizam və inam”

BDU-nun Prezident təqaüdçüsü üçün uğur formulu: “Çalışmaq, intizam və inam” Bu il Bakı Dövlət Universitetinin (BDU) 16 tələbəsi Prezident təqaüdünə layiq görülüb. Onlardan biri də Hüquq fakültəsinin tələbəsi Nuray Muradlıdır. O, 2025-ci ildə Bakıda fəaliyyət göstərən Kəlbəcər rayon Aşıq Şəmşir adına 12 nömrəli tam orta məktəbi bitirib və 682 balla BDU-nun Hüquq fakültəsinə qəbul olub. Uşaqlıqdan detektiv kitablara həvəsi olan Nuray bu ixtisası həmin vaxtdan istədiyini deyir:
- Uşaqlıqdan araşdırmağa, detektiv əsərlərə, filmlərə marağım olub. Buna uyğun ixtisas da hüququ görürdüm. Aşağı siniflərdən BDU-nun Hüquq fakültəsinə qəbul olmaq hədəfim idi. “Hüquqşünaslıq” ixtisası mənim üçün arzudan da üstündür.
-Nuray, hazırlıq prosesində sənə ən çox dəstək olan kim olub?
- Məni bu müddətdə ən çox dəstəkləyən müəllimim - anam olub. Nə vaxtsa həvəsdən düşsəm, məni həmişə dəstəkləyirdi, bacaracağıma inandırırdı.
- Səncə, inanmaq uğurlu olmaq üçün vacibdir?
- Əlbəttə, mən bu universitetə, istədiyim ixtisasa qəbul olacağıma çox inanırdım. Hətta  hər yerə yazırdım ki, Muradlı Nuray, gələcəyin hüquqşünası. Altından da xətt çəkirdim. Buna inanırdım. Amma tək inanmaqla uğurlu olmaq mümkün deyil, əlbəttə. Bu müddətdə çox çalışmışam. Dərslərimə qarşı intizamlı idim. Çalışmaq, intizam və inam - uğuru belə ifadə edərdim. Qəbul imtahanlarına hazırlıq dövründə sosial həyatım demək olar ki, yox idi. Axşam saat 10-dək  dərslərimlə məşğul olurdum. Hətta hobbilərimi dərslərimə uyğunlaşdırmağa çalışırdım, musiqilərə ingiliscə qulaq asırdım ki, imtahanda ingilis dilimdən kömək olsun.
-BDU-ya qəbul olduğun xəbərini eşitdikdə hansı hissləri keçirdin? Təəssüratların necə oldu?
-Çox sevindim. Həmin vaxt bildirişlər çox olur deyə insan səbirsiz olur. Amma qəbul olduğumu görəndə tamam fərqli hisslər keçirdim. Elə Prezident təqaüdünə layiq olduğum xəbərini eşidəndə də. Mənim xəbərim olmamışdı, bir-iki saat sonra qrup yoldaşım məni təbrik etdi, onda bildim ki, təqaüdə layiq görülmüşəm.
- Universitetə hazırlıq müddətində həvəsdən düşdüyün məqamlar olurdu? Özünü necə ilhamlandırırdın?
- Bakı Dövlət Universiteti mənim üçün ən doğma məkanlardandır. Mən BDU-da oxuyan tələbələrin, bitirən məzunların videolarını izləyirdim, özümü onların yerində görürdüm.  Nə vaxtsa həvəsdən düşsəm, tez-tez özümə deyirdim, “mən gələcəyin ən yaxşı hüquqşünaslarından biri olacam...”. Qəbul imtahanı ərəfəsində Universitetin önündən keçirdim, məzunlar şəkil çəkdirirdilər. Onların təlaşını görüb çox həvəslənmişdim.
-Artıq bir neçə aydır ki, dərslərin başlayıb, təəssüratların necədir?
-Dərslər çətindir, amma adaptasiya müddətim çox uzun çəkmədi. Burada istədiyim tələbəlik mühitini tapdığımı deyə bilərəm.
-Gələcəkdə hüququn hansı sahəsində ixtisaslaşmaq istəyirsən?
-Hüquq çoxşaxəli ixtisasdır. Mənim yönəlmək istədiyim istiqamət prokurorluqdur. Düşünürəm ki, mən bunu bacaracam.

Tehsil-press.az

Oxşar xəbərlər