Halala haram qatanlar...

Halala haram qatanlar... Zavod çörəklərindən daim şikayətlər olur
Bakı şəhəri, Yasamal rayonu, Ş.Əzizbəyov küçəsi, ev 1 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Şəfiqə Qara qızı Nəcəfovaya məxsus çörək emalı müəssisəsində yoxlama keçirilib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb. Bildirilib ki, baxış zamanı müəssisədə texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Belə ki, müəssisədə texnoloji ardıcıllıq prinsipinə riayət olunmadığı, temperaturun monitorinqi və qeydiyyatının aparılmadığı, istifadə olunan avadanlıqların çirkli vəziyyətdə saxlanıldığı, bişmiş çörəyin müvafiq temperaturda soyudulmadığı, istifadə olunan suyun filtrasiyadan keçirilmədiyi və digər nöqsanlar aşkarlanıb.

Nümunələr götürülərək laborator müayinələrə cəlb olunub. Müəssisədə nöqsanlar aradan qaldırılanadək istehsal dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib edilib.

Bundan başqa, ötən həftə Ordubadda işində nöqsanlar aşkar edilən çörək sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Azərbaycanda çörək sexləri ilə bağlı vəziyyət ürəkaçan deyil. Min illər boyu nəsildən-nəsilə keçən çörəkbişirməni Azərbaycanda el sənəti adlandırırlar. Azərbaycanlıların gündəlik qida rasionunda xüsusi çəkiyə malik olan çörəyi ən müqəddəs nemət sayır, onu Quranla bərabər tuturuq. Azərbaycanlılar həmişə dar məqamlarda “çörək haqqı” deyə bu müqəddəs nemətə and içir, Tanrıdan çörəklə imtahana çəkilməməyini diləyir, ən hörmətli qonağını duz-çörəklə qarşılayır.

Azərbaycanda müxtəlif sexlərdə və evlərdə çox kustar üsulla və natəmiz şəkildə çörək bişirilməsi barədə çox eşitmişdik. Çörəyin antisanitariya vəziyyətində bişirilməsi ilə baglı vəziyyət o həddə çatıb ki, kimi çörəyin içərisindən qurumuş xəmir qırıqları, kimi ip, kimi də sellofan və ya böcək tapır. Çörəyin çəkisi də mütəmadi olaraq müzakirə mövzusuna çevrilir. Mütəxəssislər isə bildirir ki, təbii yolla hazırlanan çörək 3 gün qalmalıdır.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a mövzunu şərh edərkən bildirdi ki, çörək istehsalı biznesi ən liberal sektorudur, kim istəsə, məşğul ola bilər. Onun sözlərinə görə, bunun üçün xüsusi icazə, lisenziya tələb olunmur: “Hesab edirəm ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi bütün hallarda, hətta yol kənarındakı təndirlərdə bişirilən çörəklərə nəzarət etməlidir. Yəni istehsal prosesinə baxın müəyyən sənəd verməlidir. Təəssüf ki, xüsusilə regionlarda AQTA bu sahəyə diqqət yetirmir. Əlbəttə, mən bürokratik əngəllərin tərəfdarı deyiləm. Onlar da dolanmaq üçün bu cür kiçik bizneslə məşğuldurlar. Məndə olan məlumata görə, yol kənarındakı təndirlərin əksəriyyəti vergi ödəmir. Onların məcburi şəkildə vergiyə cəlb edilməsinin tərəfdarı deyiləm. Hökumət liberal şərait yaradıb, lakin nəzarət mütləq lazımdır. Heç olmasa, gigiyenik vəziyyəti, xammalın tərkibini öyrənmək, müəyyən sənədləşdirmə işləri görmək zəruridir. Ola bilər ki, belə yerlərdə xüsusilə gigiyenik tələblər pozula bilər”.

E.Hüseynov çörəyin yalnız zavodlarda bişirilməsinin əleyhinədir: “Hətta böyük supermarketlərin içində çörək bişirilir. Yay aylarında orada milçəklər uçur. Marketlərin içində açıq şəkildə çörək bişirilməsinin qətiyyən tərəfdarı deyiləm. İstehlakçı hüquqlarının pozulması, təhlükəsiz məhsulun satılması, gigiyenik tələblərin pozulması halları baş verə bilər. Əgər marketin içində çörək bişirilirsə, ayrıca havalandırması olan yerdə olmalıdır. Əgər dövlət istəyərsə, qadağalar qoya bilər. Əhalinin sosial vəziyyətinin yaxşı olmadığı zamanda kənarda bişirilən çörəklərə tələbatı var. Bununla bağlı nadir hallarda şikayət daxil olur. Zavod çörəklərindən isə daim şikayətlər olur. Çörəyin içindən daş, tük, muncuq və s. çıxır. Dövlət qurumları, AQTA bəzi çörək zavodlarının fəaliyyətini dayandırır, mən isə bunun tərəfdarı deyiləm. Əksinə, müəyyən investisiya qoyularaq vəziyyətə müdaxilə etməyin müsbət təsir edəcəyini düşünürəm”.

Tehsil-press.az

Oxşar xəbərlər