BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı

BDU-da Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş Respublika elmi konfransı Bakı Dövlət Universitetində (BDU) Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinə həsr olunmuş “Sənət və sənətkar” mövzusunda Respublika elmi konfransı keçirilir.

Konfransın açılışında çıxış edən BDU rektoru Elçin Babayev “Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 21 fevral 2025-ci il tarixli Sərəncamının əhəmiyyətini vurğulayıb. Rektor qeyd edib ki, Bəxtiyar Vahabzadə yalnız böyük şair və ictimai xadim kimi deyil, həm də uzun illər Bakı Dövlət Universitetinin professoru kimi Azərbaycan elminə və təhsilinə dəyərli töhfələr verib: “O, 1947-ci ildə BDU-nun Filologiya fakültəsinə qəbul olub və ali təhsilini burada başa vurub. Təhsil illərində də poeziya ilə məşğul olub. Sonralar öz elmi-pedaqoji fəaliyyətini Universitetlə bağlayıb, BDU-nun Azərbaycan ədəbiyyatı kafedrasında müəllim, daha sonra dosent, professor kimi çalışıb. Uzun illər ərzində Azərbaycan poeziyası, Ədəbiyyat tarixi, Poetika, Müasir ədəbiyyat fənlərini tədris edib. Bəxtiyar Vahabzadə elmi-pedaqoji fəaliyyətində tələbələrə sadəcə nəzəri bilik verməklə kifayətlənməyib, həm də onlara milli düşüncə, ana dili və ədəbiyyata sevgi aşılayıb. Çox sayda filoloq, müəllim, şair və tədqiqatçı məhz onun elmi-ədəbi mühitdə yaratdığı məktəbin davamçıları olub. İnanıram ki, konfransda milli ədəbiyyatımızın zənginliyi, ana dilimizin saflığının qorunması istiqamətində, ümumiyyətlə milli kimliyimiz, milli ideologiyamızın, azərbaycançılıq ideyasının müxtəlif aspektlərinə işıq tutan maraqlı məruzələr ediləcək”.

BDU-nun Ümumi dilçilik kafedrasının müdiri, AMEA-nın həqiqi üzvü Nizami Cəfərov, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev,  BDU-nun Dünya ədəbiyyatı kafedrasının müdiri Cəlil Nağıyev, Filologiya fakültəsinin dekanı Elçin Məmmədov, şair Qəşəm Nəcəfzadə çıxışlarında Bəxtiyar Vahabzadənin XX əsrin ikinci yarısından etibarən Azərbaycan bədii-ictimai fikir tarixində özünəməxsus yeri olduğunu vurğulayıblar. Bildirilib ki, onun Vətənə, millətə və doğma ana dilinə sonsuz məhəbbət ifadə edən, dərin poetik-fəlsəfi düşüncələrlə zəngin irsi daim mədəni-mənəvi dəyərlərə ehtiram, milli azadlıq ideallarına bağlılıq və istiqlal məfkurəsinə sədaqət hissi aşılayıb. Sənətkar ədəbi və elmi yaradıcılığını uzun illər pedaqoji fəaliyyəti ilə uğurla əlaqələndirərək, bir neçə nəslin milli təfəkkürünün formalaşmasında müstəsna rol oynayıb. Bəxtiyar Vahabzadə ictimai xadim kimi xalqın taleyüklü məsələlərinə münasibətdə həmişə əsl ziyalı mövqeyi nümayiş etdirib.

Sonra BDU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Verdiyev  “Bəxtiyar Vahabzadə yaradıcılığının metaforik qatları: mətn, oxucu, araşdırıcı müstəvisində”, Azərbaycan şifahi xalq ədəbiyyatı kafedrasının dosenti Etibar Talıblı “Böyük istiqlal şairi Bəxtiyar Vahabzadə: zaman, şəxsiyyət və milli yaddaş” mövzularında məruzələr ediblər.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirir.

Tehsil-press.az

Oxşar xəbərlər