ADPU-nun Ağcabədi filialında Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

ADPU-nun Ağcabədi filialında Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirilib.
Tədbiri giriş sözü ilə açan filialın direktoru dosent Mobil Məcidov Azərbaycan dövlətçiliyi və ədəbiyyatı tarixində milli istiqlal şairi kimi tanınan Əhməd Cavadın yüksək vətənpərvərlik qayəsindən, xalqa, dövlətçiliyimizə sədaqətindən danışıb. O qeyd edib ki, Ə.Cavad Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Məhəmməd Əmin Rəsulzadə, Əlimərdan bəy Topçubaşov, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid və başqaları ilə başlayan Azərbaycan milli istiqlal ideyası və türkçülük məfkurəsinin davamçısıdır. Onun adının milli azadlıq və istiqlal ideyaları ilə möhkəm bağlılığının nəticəsidir ki, Prezident İlham Əliyev 2022-ci il aprelin 20-də görkəmli sənətkarın anadan olmasının 130 illiyinin qeyd edilməsi ilə bağlı Sərəncam imzalayıb. Direktor bildirib ki, Sərəncamda Ə.Cavad görkəmli şair, maarifçi və ictimai xadim, Azərbaycan poeziyasında yeni bir ədəbi məktəbin təməlçisi, milli azadlıq və istiqlal uğrunda mübariz, yaradıcılığında dövrün ictimai-siyasi mənzərəsini dolğun əks etdirən sənətkar kimi qiymətləndirilir.
Filialın Dillər, ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri dosent Vaqif Allahverdiyev bildirib ki, Ə.Cavad Azərbaycan Xalq Cümhuriyyətinin milli dövlət himninin müəllifi kimi xalqımızın mənəvi yaddaşında əbədi yaşayacaq.
Sonra dosent Mətanət Fərzəliyeva “Əhməd Cavadın yaradıcılıq yolu”, gənc müəllim Maya Abdullayeva “Əhməd Cavadın dövrü və həyatı” mövzusunda məruzə ilə çıxış ediblər. Məruzələrdə şairin həyatı, dövrü və onu yüksək amallar şairi kimi yetişdirən ictimai-siyasi mühitin amillərindən danışılıb.
Daha sonra filialın Pedaqoji fakültəsinin bir qrup tələbəsinin təqdimatında şairin yaradıcılığından lirik nümunələr və sözlərinə bəstələnmiş nəğmələr səsləndirilib.

Tehsil-press.az


Oxşar xəbərlər