Bəs müəllimlər də distant işləyə bilərlərmi?
Mövzu ilə bağlı açıqlamasında təhsil eksperti Elçin Süleymanov bildirdi ki, orta təhsildə distant təhsil daha çox inklüziv mənada istifadə olunur. Amma onun sözlərinə görə, ümumi halda, COVID kimi və bənzər hadisələr xaricində, auditoriya təhsili daha məqsədəuyğundur:
"Çünki təhsil sadəcə müəyyən bir elmi bilikləri öyrətmək deyil, eyni zamanda sosiallaşma, kollektivdə davranış və s. prosesləri də əhatə edir. Ona görə də distant təhsil orta təhsildə çox az-az, bəzən isə ümumiyyətlə tətbiq edilmir. Ali təhsildə isə fənlərə görə fərqlilik mövcuddur. Hansı fənlər ki, xüsusilə ictimai ixtisaslarda daha çox tələbənin iştirakı tələb olunmur və bu dərslərin distant şəkildə keçirilməsi tədrisin keyfiyyətinə ciddi təsir göstərmirsə, həmin fənlərdə distant təhsil istifadə oluna bilər. Universitetlər üçün bu, əlavə qazanc gətirir, auditoriyaların boş qalmasının qarşısını alır, universitetdə yükün azaldılmasına və nəqliyyata da müəyyən müsbət təsir göstərir. Amma praktiki və tətbiqi dərslərdə bu, mümkün deyil".
Müsahibimiz əlavə etdi ki, COVID-dən sonra inkişaf etmiş ölkələrdə belə bir praktika mövcuddur:
"Tələbələrin dərsləri distant və əyani şəkildə iki qrupa bölünür. Hansı dərslər əyani keçiriləcəksə, onlar auditoriyada, hansı distant keçiriləcəksə, öncədən müəyyənləşdirilir. Eyni fənn həm distant, həm də auditoriya şəklində təqdim oluna bilər. Beləliklə, bu imkanlardan istifadə edərək həm təhsilin əlçatanlığı artırıla bilər, həm də daha çox tələbəyə xidmət göstərmək mümkündür. Lakin bunu ibtidai təhsildə tətbiq etmək düzgün olmaz. Orta təhsildə distant təhsil daha çox əlavə, yəni təhsilə dəstək, fakultativ və istiqamətli fənlər üçün istifadə oluna bilər. Məsələn, müəyyən sinifdən kənar məşğələlər və s. distant şəkildə təqdim edilə bilər. Tələbələrin və şagirdlərin hazırladığı təqdimatlar da bu texnologiyalardan istifadə edilməklə həyata keçirilə bilər".
Tehsil-press.az















