
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası nəticəsində Sumqayıt şəhərində mühüm infrastruktur layihələri həyata keçirilib, yeni sənaye müəssisələri yaradılıb, genişmiqyaslı abadlıq-quruculuq işləri görülüb, o cümlədən 200 çoxmənzilli binanın dam örtüyü və lift təsərrüfatı yenilənib, şəhər avtomobil yollarına yeni asfalt örtüyü çəkilib, küçə və prospektlərdə müasir işıqlandırma sistemi quraşdırılıb.
Hazırda 93 hektar ərazidə dənizkənarı park-bulvar kompleksi salınır, Musiqi, Şahmat məktəbləri üçün yeni binaların tikintisi, Sumqayıt Dövlət Dram Teatrı binasının, "Kimyaçılar" Mədəniyyət sarayının əsaslı təmiri davam etdirilir.
Tehsil-press.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, Sumqayıt şəhərində abadlıq-quruculuq işlərinin, o cümlədən daha 100 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsinin və şəhər avtomobil yollarının əsaslı təmirinin davam etdirilməsi məqsədilə Sumqayıt Şəhər İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 10 milyon manat, o cümlədən çoxmənzilli binaların dam örtüklərinin dəyişdirilməsi üçün 5 milyon manat, şəhər avtomobil yollarının əsaslı təmiri üçün 5 milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə bu sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Tehsil-press.az