Rusiya-Ukrayna müharibəsi XXI əsrin ən genişmiqyaslı və çoxqatlı hərbi münaqişələrindən biridir. Bu müharibə təkcə tankların, artilleriyanın və raketlərin toqquşması ilə xarakterizə olunmur. Münaqişənin görünməyən, lakin bəzən daha həlledici olan bir tərəfi də mövcuddur - kəşfiyyat müharibəsi. Açıq döyüş meydanında nisbi sakitlik yarandığı anlarda belə kölgədə son dərəcə sərt və amansız əməliyyatlar aparılır.Son dövrlərdə Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) açıqladığı bir iddia bu gizli müharibənin miqyasını bir daha gündəmə gətirdi. İddiaya görə, Ukrayna tərəfi bir rus hərbi pilotunu maliyyə və siyasi təminatlar müqabilində MiQ-31 qırıcı təyyarəsi ilə birlikdə Rumıniyadakı NATO bazasında eniş etməyə razı salmağa çalışıb. Hadisənin mərkəzində isə təyyarədən çox, onun daşıdığı “Kinjal” hipersəs raketi dayanırdı. Sözügedən iddiadan çıxış edərək, onun mümkün strateji nəticələri və müasir müharibədə texnoloji kəşfiyyatın roluna bir nəzər salaq.
2022-ci ilin 24 fevral tarixində Rusiya prezidenti Vladimir Putinin “xüsusi hərbi əməliyyat” bəyanatı ilə başlayan müharibə artıq dördüncü ilinə yaxınlaşır. Hərbi əməliyyatların intensivliyi ilkin mərhələlərlə müqayisədə azalsa da, siyasi ritorika hələ də sərtdir. Rusiya öz “strateji məqsədlərindən” geri çəkilməyəcəyini bildirir. Ukrayna ərazi bütövlüyündən bir qarış belə imtina etməyəcəyini vurğulayır. ABŞ və Avropa münaqişənin diplomatik yolla bitməsinin zəruriliyini bəyan edir. Türkiyə və Çin isə vasitəçilik təşəbbüsləri göstərir. Tərəflər açıq şəkildə sülhdən danışsalar da, real müharibə alətləri hələlik tam işə salınmış vəziyyətdədir.
Kəşfiyyat müharibəsi nədir?
Kəşfiyyat müharibəsi dövlətlərin hərbi, texnoloji, siyasi və psixoloji üstünlük əldə etmək üçün gizli üsullarla apardığı mübarizədir. Buraya aşağıdakılar daxildir:
* Strateji məlumatların ələ keçirilməsi;
* Düşmən texnologiyalarının öyrənilməsi;
* Yüksək rütbəli şəxslərin və ya mütəxəssislərin ələ alınması;
* Psixoloji təsir və dezinformasiya əməliyyatları.
Bu müharibə çox vaxt rəsmən təsdiqlənmir. Məlumatlar əsasən təhlükəsizlik qurumlarının qısa və qeyri-şəffaf açıqlamaları ilə ictimaiyyətə çatdırılır.
MiQ-31: Köhnə platforma, yeni missiya
MiQ-31 sovet dövründə hazırlanmış ağır qırıcı təyyarədir. Texniki baxımdan yeni nəsil qırıcılarla müqayisədə köhnə hesab olunsa da, onun əsas üstünlüyü daşıdığı silah sistemlərindədir. MiQ-31-in əsas xüsusiyyətləri:
* Çox yüksək sürət (Mach 2.8-ə qədər);
* Böyük yüksəkliklərdə fəaliyyət imkanı;
* Strateji raketlərin daşıyıcısı kimi uyğun platforma.
Bu təyyarəni dəyərli edən əsas amil isə onun “Kinjal” hipersəs raketinin daşıyıcısı olmasıdır. Mach - sürətin səs sürətinə nisbətini ifadə edən ölçü vahididir və aerodinamika, aviasiya və raket texnologiyasında geniş istifadə olunur. Mach 2.8 o deməkdir ki, cismin sürəti səs sürətindən 2.8 dəfə çoxdur.
“Kinjal” hipersəs raketi: texnoloji və strateji təhlil
“Kinjal” (X-47M2) - Rusiya tərəfindən hazırlanmış hava-buraxılışlı hipersəs raketidir.
Əsas texniki xüsusiyyətləri:
* Sürət: Səs sürətindən 8-10 dəfə yüksək (Mach 8-10);
* Trayektoriya: Dəyişkən və manevr edən uçuş yolu;
* Daşıma qabiliyyəti: Konvensional və ya nüvə döyüş başlığı;
* Hədəf profili: Yerüstü və dəniz hədəfləri.
Bu raketin ən təhlükəli xüsusiyyəti onun mövcud hava hücumundan müdafiə sistemləri üçün son dərəcə çətin hədəf olmasıdır. Trayektoriyanın dəyişməsi və yüksək sürət radarların hədəfi dəqiq izləməsini çətinləşdirir.
Texnoloji kəşfiyyat: niyə “Kinjal” Qərb üçün bu qədər əhəmiyyətlidir?
Texnoloji kəşfiyyat - rəqibin hərbi texnologiyasını əldə edərək onu analizdən keçirmək və zəif nöqtələrini aşkarlamaq məqsədi daşıyır.
Əgər “Kinjal” raketi fiziki olaraq Qərbin əlinə keçsəydi, materialları, elektron komponentləri, idarəetmə sistemi öyrənilsəydi, ona qarşı elektron mübarizə üsulları da inkişaf etdirilə bilərdi, mövcud hava hücumundan müdafiə sistemləri ona uyğunlaşdırıla bilər, beləliklə də Rusiya üçün ciddi strateji üstünlük itkisi baş verərdi.
Bu səbəbdən söhbət təkcə bir pilotun qaçmasından yox, qlobal hərbi balansı dəyişə biləcək ssenaridən gedir. Rusiya tərəfinin iddiasına görə, əməliyyatın arxasında Böyük Britaniyanın MI-6 kəşfiyyat xidməti dayanıb. Bu iddia təsadüfi deyil. Rusiya uzun müddətdir ki, Ukrayna müharibəsini “NATO ilə dolayı müharibə” kimi təqdim edir. Bu narrativin arxasında daxili auditoriyanı səfərbər saxlamaq, müharibəni regional yox, qlobal qarşıdurma kimi göstərmək və Qərbi birbaşa məsuliyyət daşıyan tərəf kimi təqdim etmək cəhdi durur. Qərb mənbələrinin iddianı nə təsdiqləməsi, nə də təkzib etməsi isə kəşfiyyat müharibələrinin klassik xüsusiyyətidir.
Bir dövlətin digər ölkənin hərbi pilotunu və strateji silahını ələ keçirməsi ordunun daxilində etimadsızlıq yaradır, komandanlıq səviyyəsində paranoidal mühit formalaşdırır, cəmiyyətə isə “dövlət sizi qoruya bilmir” mesajı ötürür.
Bu baxımdan, əməliyyatın ifşa olunması belə özlüyündə psixoloji təsir vasitəsidir.
MiQ-31 və “Kinjal” ətrafında formalaşan bu iddia bir daha sübuta yetirir ki, müasir müharibələr təkcə səngərlərdə aparılmır. Texnologiya, kəşfiyyat və psixoloji təsir müharibənin taleyini bəzən bir raketdən daha çox dəyişə bilir. Bu hadisə reallaşsaydı, Rusiya ciddi strateji zərbə alar, Qərb texnoloji üstünlük əldə edər və müharibənin gedişatı fərqli istiqamətə yönələ bilərdi. Lakin bir həqiqət dəyişməz qalır: mövcud müharibə kimin qalib gələcəyindən asılı olmayaraq insanlıq üçün ağır nəticələr verib, bu gün də verməkdədir.
“Kuzminov insidenti”: psixoloji müharibənin klassik nümunəsi
İrəli sürülən ehtimallar nəzəri deyil. 2023-cü ildə baş vermiş və artıq “Kuzminov insidenti” adıyla ədəbiyyata düşmüş hadisə bunun real nümunəsidir. Maksim Kuzminov Rusiya silahlı qüvvələrinin hərbi pilotu idi. Onun sözlərinə görə, müharibə başlamazdan əvvəl ordudan ayrılmaq niyyətində olub, lakin müharibə onun planını pozub. Bu dövrdə Qərb kəşfiyyat xidmətləri rus hərbçiləri ilə fəal şəkildə əlaqə yaratmağa başlamışdı. Bu fəaliyyətin əsas alətləri pul təklifləri, ABŞ və ya Avropa ölkələrinin vətəndaşlığı vədləri, ailənin təhlükəsizliyinə zəmanət idi. Kuzminov da bu mesajlardan birini aldı. Ona 3 milyon dollar nağd pul (sonradan mətbuata verdiyi açıqlamasında məbləğin beş yüz min dollar olduğunu qeyd etmişdi), Avropada təhlükəsiz həyat vəd olundu. 9 avqust 2023-cü ildə Kuzminov Mi-8 tipli hərbi vertolyotla Ukraynanın şərqindəki Rusiya sərhədinə yaxın hərbi bazaya eniş etdi. Vertolyotda olan digər iki rus hərbçisi onun planından xəbərsiz idi. Onlar enişdən dərhal sonra öldürüldülər, hadisənin detallarını anlamağa belə macal tapmadılar. Sonrakı mərhələdə Kuzminov Qərb mediasında geniş təqdim olundu, Rusiya hərbi cinayətlərdə ittiham edildi. Bu hadisə Moskvanın informasiya müharibəsində ciddi zərbə alması kimi qiymətləndirildi.
Bir müddət sonra Kuzminov mediadan yoxa çıxdı, ta İspaniyanın cənubundakı turistik bölgələrdən birində güllələnərək qətlə yetirildiyi xəbəri yayılana qədər. Meyitin üstündən avtomobillə bir neçə dəfə keçilmişdi. Bu, sadəcə qətl deyil, gözdağı xarakterli açıq mesaj idi. Üç ölkənin (Rusiya, Ukrayna, İspaniya) heç biri hadisə ilə bağlı açıq mövqe bildirmədi. Lakin beynəlxalq ictimaiyyətin böyük hissəsi bunu kəşfiyyat müharibəsinin qanlı epizodu kimi qəbul etdi.
Əks-əməliyyat: psixoloji üstünlüyün yerdəyişməsi
Kuzminov yeganə nümunə deyildi. Daha sonra Ukrayna kəşfiyyatı başqa bir rus pilotunu da eyni üsulla ələ almağa çalışdı - yenə 3 milyon dollar, bu dəfə İtaliya vətəndaşlığı vədi. Pilot “Pavlo” ləqəbli şəxsə razılıq verdiyini bildirdi. Lakin bu dəfə hadisələr fərqli yöndə cərəyan etdi. Pilot ilk gündən hər şeyi öz rəhbərliyinə bildirdi, kəşfiyyatla razılaşdırılmış plan üzrə hərəkət etdi, Ukraynadan aldığı koordinatlar üzrə raket zərbələri endirdi. Nəticədə Ukrayna və onu dəstəkləyən Qərb tərəfi ciddi itkilər verdi. Psixoloji üstünlük Rusiyanın tərəfinə keçdi, təbliğat maşını bu hadisədən maksimum istifadə etdi.
Bütün bunlar göstərir ki, Rusiya-Ukrayna müharibəsi səngərlərlə, xəritə üzərində çəkilən cəbhə xətləriylə məhdudlaşmır. Onun görünməyən qatında ikili agentlər hərəkətə keçir, tərəf dəyişən pilotlar talelərini qlobal güclərin oyunlarına bağlayır, minlərlə kilometr uzaqda səssiz qətllər həyata keçirilir və dövlətlərin taleyini müəyyən edən mürəkkəb kəşfiyyat kombinasiyaları qurulur.
Bu müharibədə “qalib” anlayışı nisbidir, çünki bu gün qazanılan üstünlük sabah bir kəşfiyyat səhvi üzündən əldən çıxa bilər. Məğlubiyyət isə həmişə açıq səngərlərdə görünmür, bəzən bir sənəddə, bir siqnaldakı boşluqda, bir insanın tərəf dəyişməsində gizlənir.
Açıq döyüşdən fərqli olaraq kəşfiyyat müharibəsində buraxılan bircə səhvin nəticəsi bəzən bir dövlətin onilliklər ərzində formalaşdırdığı hərbi, texnoloji və strateji üstünlüyün birdəfəlik itirilməsi ola bilər. Məhz buna görə kölgədə gedən, lakin nəticələri son dərəcə real və dağıdıcı olan müharibə bütün dövlətlər üçün açıq xəbərdarlıq kimi daim diqqət mərkəzində saxlanmalıdır.
Kəramət QƏNBƏROV,
Beynəlxalq hüquq üzrə ekspert
Beynəlxalq hüquq üzrə ekspert
Tehsil-press.az











