"Yaxın dövrdə bu iki güc arasında gərginlik və qarşıdurma davam edəcək"

Rusiyanın Xarici İşlər Nazirliyinin Avropa problemləri departamentinin direktoru Vladislav Maslennikov “İzvestiya”ya müsahibəsində bildirib ki, Moskva NATO alyansının antirusiya siyasətindən imtina edəcəyi halda dialoqa hazırdır.

Onun sözlərinə görə, Rusiya yalnız qarşılıqlı hörmət, maraqların nəzərə alınması və bərabər, bölünməz təhlükəsizlik prinsiplərinə əsaslanan danışıqları qəbul edir. Maslennikov ABŞ ilə münasibətlərdə müəyyən irəliləyişlərin olduğunu, lakin Avropa ölkələri ilə əlaqələrdə eyni vəziyyətin müşahidə edilmədiyini də qeyd edib.

Rusiya-NATO münasibətlərində dialoqun bərpası üçün alyansın mövqeyində dəyişiklik mümkündürmü?

Məsələ ilə bağlı Sfera.az-a açıqlama verən politoloq Əli Mustafa bildirib ki, Ukrayna ərazisində Rusiya ilə NATO arasında ciddi bir qarşıdurmanın getdiyini nəzərə alsaq, görərik ki, formal olaraq müharibənin tərəfləri Rusiya və Ukrayna olsa da, əsl mahiyyətdə bu, Rusiyanın Avroatlantik blokla üz-üzə gəlməsidir. Onun sözlərinə görə, bu reallıq fonunda ABŞ, xüsusilə Tramp administrasiyası məsələyə nisbətən fərqli prizmadan yanaşa bilir:

“Çünki onun üçün iqtisadi maraqlar bəzən hərbi, siyasi və ya geosiyasi prioritetləri üstələyir. Avropa üçün isə vəziyyət tamamilə fərqlidir. Bu gün Ukraynanın təhlükəsizliyi birbaşa Avropanın təhlükəsizliyi ilə əlaqələndirilir. Avropa anlayır ki, Rusiya Ukraynada üstünlük əldə edərsə, növbəti mərhələdə Avropa ölkələri hədəfə çevrilə bilər. Xüsusilə Şərqi Avropa dövlətlərinin daha həssas durumda olduğunu nəzərə alsaq, Rusiyanın bu regionda istər Baltik ölkələrinə, istərsə də Polşaya yönələcək mümkün addımları ciddi risklər yarada bilər. Məhz belə bir geosiyasi şəraitdə və mövcud güc balansı çərçivəsində yaxın perspektivdə real və səmərəli dialoqun mümkün olduğunu düşünmürəm. Yalnız o halda bu istiqamətdə irəliləyiş baş verə bilər ki, Rusiya hərbi əməliyyatlardan və Ukraynanın işğalından imtina etsin”.

Politoloq bu ssenaridə, xüsusilə ABŞ-nin təşəbbüsü və vasitəçiliyi ilə müəyyən diplomatik proseslərin başlaya biləcəyini əlavə edib:

“Lakin Ukrayna-Rusiya müharibəsi davam etdiyi müddətdə Avropa İttifaqı, Avropa ölkələri və NATO ilə Rusiyanın açıq və konstruktiv dialoqa girəcəyini real hesab etmirəm. Şübhəsiz ki, müəyyən diplomatik kanallar mövcuddur və dünya dövlətləri arasında əlaqələr tamamilə kəsilmir. Ancaq bu təmaslar konkret və dayanıqlı sülhə gətirib çıxaracaq səviyyədə deyil. Bəzi texniki və ya məhdud koordinasiya xarakterli məsələlər üzrə əlaqələr mümkündür. Amma ümumi mənzərəni və uzunmüddətli perspektivi nəzərə alsaq, hazırda Rusiya-NATO münasibətlərində konstruktiv mərhələdən və ya real fürsətlərdən danışmaq çətindir. Bu səbəbdən düşünürəm ki, yaxın dövrdə bu iki güc mərkəzi arasında gərginlik və qarşıdurma davam edəcək”.

Tehsil-press.az

Oxşar xəbərlər