Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində payızlıq əkinlərin və çoxillik əkmələrin bəyanı davam edir. Taxıl səpinini başa çatdırmış fermerlər EKTİS-də öz şəxsi kabinetlərini aktivləşdirərək, torpaq üzərində mülkiyyət sənədlərini və əkin məlumatlarını sistemə daxil edirlər. Paralel olaraq EKTİS-də çoxillik əkmələrin bəyanı da həyata keçirilir.
Öz əkinlərini bəyan etmək istəyən fermerlərə bölgələrdə fəaliyyət göstərən Dövlət Aqrar İnkişaf Mərkəzlərində texniki dəstək göstərilir. Fermerlər məlumat bölməsindən müvafiq sıra növbəsi götürərək xidmət pəncərələrinə yaxınlaşaraq sənədlərini DAİM əməkdaşlarına təqdim edir, əməkdaşların köməyi ilə payızlıq əkinlərin EKTİS-də bəyan prosedurunu tamamlayırlar.
Xidmət pəncərələrinə yaxınlaşan fermerlərə əkinlərin bəyan proseduru, aqrokimyəvi analizlərin verilməsi qaydası, aqrar sığorta tələbi, monitorinqlərin keçirilməsi, subsidiyaların ödəniləcəyi tarixlər barədə geniş məlumat verilir.
Nazirlik tərəfindən bölgələrdə payızlıq əkinlərin bəyanı ilə əlaqədar məlumatlandırma sessiyaları davam edir. Fermerlər həmçinin aqrar sahəyə dövlət dəstəyi mexanizmləri, bu sahədə tətbiq olunan yeni qaydalar, Aqrar Subsidiya Şurasının 2026-cı təsərrüfat ili üçün qəbul etdiyi qərarlar barədə məlumat əldə edirlər.
Qusar rayonunda keçirilən müvafiq məlumatlandırma sessiyası zamanı fermerlərin aqrar sahənin subsidiyalaşdırılması mexanizmləri və digər sualları cavablandırılıb. Qeyd olunub ki, dekabrın 19-dək Xaçmaz rayonu üzrə 7 155 fermer artıq öz əkinlərini bəyan edib. EKTİS-ə fermerlər tərəfindən 19 476 bəyan sənədi yüklənib. Xaçmaz rayonu kimi Qusar rayonu da əsasən meyvəçilik üzrə ixtisaslaşıb, bu səbəbdən EKTİS-ə yüklənən bəyan sənədlərinin təxminən 43 faizi, yəni 8 467 bəyan çoxillik əkmələrlə bağlıdır. Rayon üzrə payızlıq əkinlərə dair 11 009 bəyan EKTİS-ə işlənib.
Qusar rayonu üzrə əkin bəyanları ümumilikdə 22 428 hektar sahəni əhatə edir.
Subsidiyaların verilməsinin elektronlaşdırılması rayonlar və ümumi respublika üzrə əknilərin strukturunu tam dəqiqliklə müəyyənləşdirməyə imkan verir. Təhlil üçün lazım olan dataların əksəriyyəti payızlıq və yazlıq əkinlərin bəyanı zamanı EKTİS-də formalaşır. Mövcud bəyanlar Qusar rayonu üzrə payızlıq əkinlərin skturkturunu müəyyən etməyə imkan yaradır. Dekabrın 19-dək Qusar rayonu üzrə 3177 fermer payızlıq yumşaq buğda, 2718 fermer payızlıq arpa, 160 fermer payızlıq bərk buğda, 54 fermer xaşa, 19 fermer vələmir əkinlərini EKTİS-də bəyan ediblər.
Qeyd edək ki, EKTİS-də respublika üzrə payızlıq əkinlərin bəyanı prosesi dekabrın 30-da başa çatacaq.
Tehsil-press.az




